“Bu gün siqaret çəkən şagirdin sabah narkotikə qurşanmayacağına, patı çəkənlərə qoşulmayacağına kim zəmanət verir?”
“Müəllim” sözü müxtəlif dillərdə fərqli olsa da, məzmunca eynidir – bu və ya digər fənndən dərs deyən şəxs mənasını verir. Əslində bu, müəllimlik kimi şərəfli bir sənətin əsl mahiyyətini tam əks etdirmir, çünki müəllimin işi yalnız hansısa fənndən dərs deməklə bitmir. O, həm də şagirdlərinin əxlaqi-mənəvi dünyasının memarıdır. Digər maraqlı cəhət ondan ibarətdir ki, “müəllim” sözü heç bir dildə bizdəki kimi geniş işlənmir. Kimliyindən, peşəsindən asılı olmayaraq, hər kəsə “müəllim” deyərək müraciət edirik. “Müəllim” sözünün dilimizdə bu qədər işlək olması bu adın mötəbərliyi ilə bağlıdır. Bəzən məhz bu adın təmsilçiləri öz antipedaqoji hərəkətləri ilə onu nüfuzdan salırlar.
... Şəhər məktəblərindən birinin XI sinif şagirdi Kamal Məmmədli ilə söhbətimiz bu barədə oldu. O, deyir ki, yuxarı sinif şagirdləri arasında siqaret çəkənlərin sayı elə də az deyil: “Mən siqaret çəkmirəm. Amma tay-tuşlarım, həmyaşıdlarım arasında çəkən uşaqlar çoxdur. Onlar məktəbdə siqareti adətən gedib həyətdə, ya da məktəbin təmir olunan hissəsində çəkirlər ki, görən olmasın. Dəhşətlisi odur ki, müəllimlər də siqaret çəkirlər, özü də gözümüzün qabağında”.
Belə siqaret çəkən müəllimlər şagirdlərə mənfi nümunədir. Şagird müəllimdən hər şeyi öyrənir - pisi də, yaxşını da. Uşaq müəllimin siqaret çəkdiyini görəndə onun kimi etməyə pis baxmır. Tərbiyə təkcə şagirdlərə aid deyil ki. Mənim aləmimdə siqaret çəkən şagird müəllimdən deyil, siqaret çəkən müəllim şagirddən utanmalı, gizlənməlidir, çünki birinci hal ikincisinin səhvinin nəticəsidir.
Kamal deyir ki, bəzən elə olur ki, şagirdlər müəllimlərdən siqaret də istəyirlər: “Müəllim, siqaretinizdən bir dənə olarmı?”.
Bəlkə məktəbdə siqaret çəkmək müəllimlərə də qadağan olunmalıdır?
Təhsil Nazirliyi mətbuat xidmətindən isə bu məsələ ilə bağlı deyirlər ki, müəllimlərə məktəbdə siqaret çəkmək qanunla qadağan olunmayıb: “Bununla bağlı rəsmi sənəd yoxdur. Müəllimlər üçün xüsusi yerlər ayrılıb. Onlar sinif otaqlarında, ya da açıq auditoriyada siqaret çəkə bilməzlər”.
Problemlə bağlı orta məktəblərdən birinin direktoru ilə də söhbət etdik. Onun bildirdiyinə görə, məktəblərdə siqaret çəkilməməsi ilə əlaqədar hər hansı inzibati cəza metodu yoxdur:
- Hamı məktəbi günahlandırır. Amma məktəbin əlində hər hansı bir inzibati rıçaq yoxdur. Belə halda şagirdi məktəbdən çıxarmaq məsələnin həlli yolu deyil. Şagirdi vurmaq, döymək, söymək olmaz! Belə hal müşahidə etdikdə valideyni çağırıb söhbət edirik, uşaqla söhbət edib siqaretin zərərindən danışırıq. Siqaret elə bir vərdişdir ki, onu zorla tərgitmək mümkün deyil. Şüurlu şəkildə uşağa aşılanmalıdır ki, o bu zərəri dərk etsin. Deməli, bu məsələdə məktəblə valideyn əlbir olmalıdır.
Məktəb rəhbəri deyir ki, hazırda məktəblərdə siqaret çəkmək qadağandır:
- Ümumiyyətlə, məktəbdə siqaret çəkmək qadağandır. Ələlxüsus şagirdlərin yanında siqaret çəkmək pedaqoji etikaya sığmır. Uşaqlara siqaret çəkmə deyib, şagirdin gözü qarşısında siqaret çəkmək hansı məntiqə sığar? Onsuz da məktəblərdə kişi müəllimlər barmaqla sayılası qədər azdır. Məktəbimizin müəllimindən 3-ü kişidir. Bu gün məktəbdə kişi müəllimlərin azlığı təhsilin bir nömrəli problemlərindəndir. Uşaq evdə anadan, məktəbdə qadın müəllimdən tərbiyə alsa, kişi zəhmi görməsə, siqaret də çəkər, başqa zərərli vərdişə də aludə olar. Ona görə də oğlanlar ya qızbibi kimi böyüyür, ya da ipə-sapa yatmır”.
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bütün qapalı məkanlarda siqaret çəkməyə görə cərimələr nəzərdə tutulub.
Qanun məktəblərin yaxınlığında siqaret satışını qadağan edir. Ancaq təəssüflər olsun ki, qanunun tələbləri pozulur, məktəbə yaxın yerlərdə, əsasən qəzet köşklərində siqaret satışı, o cümlədən siqaretin ədədlə satılması müşahidə edilir. Redaksiyaya da bu barədə müraciətlər daxil olur. Ona görə istəyirik ki, bu məsələ ilə bağlı monitorinq keçirək.
Valideyn Hafis Kərimov da söhbətimizdə təhsil müəssisələrinə yaxın məsafədəki köşklərdə siqaret satışının qarşısının alınmamasından təəssüfləndiyini bildirdi:
- Beynəlxalq təcrübədə təhsil müəssisələrinin 150 metr əhatəsində tütün məmulatlarının satılması, alkoqollu içkilər, hətta enerji içkilərinin satılması, qəlyan xidməti göstərən çay evlərinin, ictimai iaşə obyektlərinin və satış obyektlərinin fəaliyyət göstərməsi qadağandır. Təəssüf ki, ölkəmizdə tütün məmulatlarının istifadəsinə dair, o cümlədən ədədlə siqaret satışını qadağan edən qanun qəbul olunsa da, icra edilmir. Bəli, köşklərdə, eləcə də pərakəndə satışla şagirdlərə siqaret satılır. Enerji içkiləri də həmçinin. Orta məktəblərin həyətində, sanitar qovşaqlarda siqaret çəkən şagirdlərin olduğu sirr deyil. Hətta elə şagirdlər var, başqalarını da buna məcbur edir, həvəsləndirir. Çıxış yolu nədir? Qanunu pozanlar böyük məbləğdə cərimə olunsalar, bu işdən çəkinərlər.
H.Kərimov dedi ki, qanunun icrasına hüquq-mühafizə orqanları, vergi xidməti əməkdaşları, həmçinin ictimai təşkilatlar da nəzarət etməlidirlər:
- Onsuz da harada siqaret satıldığını ərazidə xidmət göstərən polislər bilir. Siqaret satanları da tanıyırlar. Bunun qarşısını almaq çətin deyil. Bir halda ki qanun da qəbul olunub, qanuna dayanaraq bu məsələni həll etmək mümkündür. Amma çox təəssüf, siqaret satışı məsələsinə laqeyd yanaşılır. Bu gün siqaret çəkən şagirdin sabah narkotikə qurşanmayacağına, patı çəkənlərə qoşulmayacağına kim zəmanət verir?
Deputat Fazil Mustafa da öz "facebook" profilində azyaşlı şagirdləri dərsə gətirərkən valideynlərin siqaret çəkməsinə münasibət bildirib:
- Mən buna ciddi bir problem kimi baxıram və uşaqlarda erkən yaşlarda fiziki sağlamlığa, idmana həvəs yaratmasaq, sonra dizimizə, başımıza döyməyin də faydası olmayacaq. Onsuz da məktəbin yaxınlığında bəzi satış yerlərində ədədlə satılan siqaretlərlə övladlarımızın sağlığını korlayırlar, qəlyanxanalarda zərərli maddələri qəlyanın içinə doldurub, yeniyetmələrdə narkotikaya alışqanlıq yaradırlar, bunlar ayrı-ayrı yerlərdən məqsədyönlü şəkildə himayə olunan çətə fəaliyyəti olduğundan dəfələrlə məsələni aktuallaşdırsaq da, həllinə gücümüz yetmir. O halda heç olmazsa, məktəblərimizin həyətini natəmizlikdən qorumağa cəhd edək.
İ.DƏMİRQAYA,
“Muğanın səsi”