Müasir Azərbaycan dövlətçiliyinin qurulması, möhkəmləndirilməsi və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müdrik dövlət xadimi ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini permanent xaos və böhran məngənəsindən çıxarıb, ümummilli fəlakətin – vətəndaş müharibəsinin qarşısını alıb, döyüş cəbhəsində məğlubiyyətlər seriyasına son qoyub və atəşkəs rejiminin tətbiqinə nail olub, bir sözlə, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. O, Azərbaycanda siyasi plüralizm, siyasi mədəniyyət və siyasi sistemin yaranmasının əsasını qoyan nadir şəxsiyyətdir. 1992-ci il noyabrın 21-də bir müxalifət partiyası olaraq yaratdığı Yeni Azərbaycan Partiyası (YAP) hakimiyyətə sivil yolla gəlməyin əsl “yol xəritəsi”ni ortaya qoydu. Bununla da bir siyasi mədəniyyət və siyasi əxlaq nümunəsi yaratdı. Bu nümunə, əslində, siyasi xəttindən və davranışından asılı olmayaraq bütün siyasi qüvvələr üçün örnək olmalıdır. Bu nümunə özündə sağlam, obyektiv, şəffaf və demokratik mübarizə mədəniyyətini ehtiva edir və qələbə təminatına görə unikaldır. YAP Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu partiya ümumxalq partiyasıdır. Bu partiyada cəmiyyətin bütün təbəqələri iştirak edir. Həmçinin partiya hər zaman islahatlara açıqdır.
Ulu öndər Heydər Əliyevin yaratdığı partiya onun öz sözlərində dediyi kimi, “Dünənin, bu günün və gələcəyin partiyasıdır”. YAP-ın yaradılması ulu öndər Heydər Əliyevə Azərbaycan cəmiyyətinin sifarişi idi, çünki bu partiya yaradılmadan Azərbaycanın gələcəyi və Azərbaycanın çox ciddi siyasi-iqtisadi kataklizmlərdən çıxış yolu yox idi. Məşhur “91-lər”in müraciəti əsasında zəmanəmizin dühası ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməyə razılıq verdi. Nəticədə ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycanın siyasi sisteminin əsasını təşkil edən Yeni Azərbaycan Partiyası yaradıldı. Naxçıvandan başlayaraq bütün Azərbaycanın nicatına gedən yolun əsası qoyuldu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi tarixi zərurətə çevrildi. 1993-cü il iyunun 15-də Azərbaycanın qurtuluş tarixi başlandı. Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikası real müstəqilliyinə qovuşdu. Xalq artıq sahibsiz deyildi. Ona dünya səviyyəli Lider Heydər Əliyev rəhbərlik edirdi. Qarşıda isə dövlətçiliyimizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən siyasi hadisə - yeni prezident seçkilərinin keçirilməsi məsələsi dayanırdı. Heç kəsə sirr deyildir ki, Ulu Öndər 1993-cü il oktyabrın 3-də keçiriləcək prezident seçkiləri öncəsi seçkiqabağı təbliğat kampaniyasına xüsusi əhəmiyyət verir, praktiki olaraq əhalinin bütün təbəqələri ilə görüşürdü.
Ulu öndər Heydər Əliyevin xalq tərəfindən böyük coşqu ilə qarşılanan seçki kampaniyası xalqın etimadını tam itirmiş Xalq Cəbhəsinin əsl antimilli, xəyanətkar və dönük mahiyyətinin daha bariz şəkildə üzə çıxmasına səbəb oldu. Onlar məğlubiyyətləri ilə barışa bilmir, əvvəlcə referendumu, sonra isə prezident seçkilərini boykot etmək çağırışları ilə mitinqlər təşkil edirdilər. AXC-nin ekstremist qanadı isə Türkiyə vətəndaşı Həsən Tokunun iştirakı ilə sentyabrın 30-da ulu öndər Heydər Əliyevin həyatına sui-qəsd təşkil etməyə cəhd göstərdilər. Bu sui-qəsd addımı da, sonralar təkrarlanan oxşar cinayətlər və dövlət çevrilişinə cəhdlər də nəticəsiz qaldı. Ulu Yaradan və xalq sevgisi missiyası millətin və dövlətin xilaskarı olan ümummilli lider Heydər Əliyevi hifz etdi. O, qalibiyyətlər üçün doğulmuşdu. 1993-cü il oktyabrın 3-də prezident seçkilərində xalqın 98,8 faiz səsini toplayaraq hakimiyyət olimpinin zirvəsinə yüksəlməklə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan dövlətçiliyini xilas etdi, onun növbəti intibahının əsasını qoydu.
Bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Öz əməlləri ilə xalqın və dövlətin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı ona görə cənab Prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir.
Xalq ona görə Prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Bu gün müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabrın 10-da Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyanın imzaladığı üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu.
Beləliklə, ulu öndər Heydər Əliyev dühasının məhsulu olan və müasir Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında misilsiz xidmətlərə imza atan Yeni Azərbaycan Partiyası öz Müzəffər Liderinin-Prezident İlham Əliyevin rəhbərliyi altında yeni tarixi vəzifələrin icrası prosesinə böyük töhfələr vermək iqtidarında və niyyətindədir.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri