Tibb işçilərinə koronavirusla əlaqədar ödənilən vəzifə maaşına əlavədən gəlir vergisi tutulmalıdırmı? Əgər gəlir vergisi tutulursa bu aylıq gəlir sayılırmı? Məzuniyyət haqqı hesablanarkən bu gəlirlər ora daxildirmi? Əgər üç ayın əlavəsi bir yerdə ödənilirsə gəlir vergisi necə hesablanmalıdır? Aid olduğu ayın gəliri kimi, yoxsa ödəndiyi ayın gəliri kimi?
Bəxtiyar AydınovBildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
Qanunvericiliyə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.
“Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18.03.2020-ci il tarixli Sərəncamına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmişdir.
Dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına qeyd olunan əlavələrin vergidən azadolması qanunvericilikdə nəzərdə tutulmamışdır. Buna əsasən dövlət tibb müəssisələrində çalışan işçilərə ödənilən əmək haqlarına qeyd olunan əlavələr həmin şəxslərin muzdlu işdən əldə olunan gəliri olmaqla ümumi qaydada vergiyə cəlb olunur.
Eyni zamanda muzdlu işlə əlaqədar alınan gəlirlər üzrə vergilərin hesablanması Vergi Məcəlləsinin 150.3.1-ci maddəsinə əsasən gəlirin ödənilməsi vaxtı ilə deyil, gəlirin hesablandığı vaxt ilə müəyyən edilir.
Belə ki, Vergi Məcəlləsinin 150.3.1-ci maddəsinin müddəalarına əsasən bu Məcəllənin 150.1.1, 150.1.2, 150.1.8 və 150.1.17-ci maddələrinə uyğun olaraq fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamaq və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürmək gəliri ödəyən şəxslərin öhdəliyi kimi müəyyən edilmişdir.
Buna əsasən dövlət tibb müəssisələrində çalışan işçilərə ödənilən əlavələr aid olduğu ayın gəlirlərinə aid edilməklə vergiyə cəlb olunur.
Əlavə olaraq bildiririk ki, Əmək Məcəlləsinin 139-cu maddəsinin müddəalarına əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmişdir. Dövlət tibb müəssisələrində çalışan işçilərə ödənilən əlavələrin məzuniyyət vaxtı üçün ödənilən orta aylıq əmək haqqı ödənilərkən nəzərə alınıb-alınmaması ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 98-ci, Əmək Məcəlləsinin 139-cu, 157-ci maddələri və “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18.03.2020-ci il tarixli Sərəncamı.
Mənbə: taxes.gov.az