Aliment kimlərə verilir, məbləği nə qədərdir, hesablanması hansı formadadır?
- 17.10.2021, 15:14, Baxış sayı:
- 6627
Facebook
Вконтакте
Одноклассники
Google+
Aliment (lat. alimentum - "yemək", "qidalanma") aralarında olan izdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə qanuna uyğun olaraq verməli olduğu dolanacaq xərci mənasında işlədilir. Aliment - latın dilində “alimentium” sözündən götürülərək saxlama üçün vəsait, öhdədə olmaq deməkdir. Aliment hüququ münasibətlərinə görə ailənin bir üzvləri ailənin digər üzvlərini maddi cəhətdən təmin etməlidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə, əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər.
Məcəllənin 75.1. maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
Ailə məcəlləsinin 22.2.2. maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.
Ailə məcəlləsinin 64.0.2. maddəsinə əsasən alimenti qəsdən ödəmədikdə valideynlər (onlardan biri) valideynlik hüquqlarından məhrum edilə bilərlər.
Əgər şəxs alimenti könüllü ödəmək istəyirsə, bu zaman valideynlər Ailə Məcəlləsinin 75.3-cü maddəsinə uyğun olaraq aliment ödənilməsi barədə saziş imzalaya və həmin sazişdə ödəniləcək alimentin məbləğini müəyyən edə bilərlər.
Məcəllənin 78.1. maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
Ailə Məcəlləsinin 76-cı maddəsində qeyd olunur aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
Alimenti yalnız ər deyil, arvad da ödəyə bilər.
Misal üçün, uşaqlı ailədə boşanma faktı olarsa, arvad uşaqlardan imtina edərsə, ər məhkəməyə müraciət edərək arvadın gəlirinin yarısının aliment kimi tutulmasınl tələb edə bilər. Səbəb Konstitusiyada, həm də Ailə Məcəlləsində qadın və kişinin hüquqları bərabər şəkildə təsbit olunub.
Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə
Ailə Məcəlləsinin 112 maddəsinə nəzər salaq. Birinci hissədə qeyd olunur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.
Aliment öhdəliklərinə xitam verilməsi
Ailə Məcəlləsinin 113 maddəsinə əsasən aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir.
Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:
1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;
2. aliment ödənilən uşaq övladlığa götürüldükdə;
3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;
4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;
5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.
Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixdə “2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən uşaqlar üçün məbləğ 175 manatdır. Bu o deməkdir ki, minimum alimentin məbləği ölkə üzrə 175 manatdır.
Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 nömrəli qərarı
Uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əmək haqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən tutulur:
1.1. Əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə (əvəzçilik də daxil edilməklə) ödənilə bilən əmək haqqından, o cümlədən:
pul və ya natura ilə ödənilən tarif (vəzifə) maaşlarından, vaxtamuzd və işəmuzd qiymətlər və əməyin ödənilməsinin digər sistemləri üzrə əmək haqlarından;
pul və ya natura ilə əmək haqqına olan bütün növ əlavələrdən;
pul və natura ilə verilən mükafatlardan;
iş vaxtından artıq vaxtda görülən işə görə, habelə istirahət, səsvermə və iş günü hesab edilməyən bayram günlərində, eləcə də ümumxalq hüzn günündə görülən işə görə pul və ya natura ilə verilən əmək haqqından;
işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələrdən;
müvəqqəti əvəzetməyə görə ödəmədən;
qanunvericiliklə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda ödənilən haqdan;
qanunvericiliklə məzuniyyət dövründə saxlanılan orta əmək haqqından, habelə əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul və ya natura ilə ödənilən pul əvəzindən;
xidmət illərinə görə işçiyə pul və ya natura ilə verilən birdəfəlik mükafatlardan;
il ərzində işin yekunlarına görə işçiyə pul və ya natura ilə verilən mükafatdan;
əmək müqaviləsinə xitam verilərkən ödənilən işdənçıxarma müavinətindən və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqından;
qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan ədəbi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlardan, daimi xarakter daşıyan müəlliflik artist qonorarlarından və quruluş haqqından.
1.2. Qanunvericiliklə müəyyənləşdirilmiş digər gəlirlərdən, o cümlədən:
məcburi dövlət sosial sığorta ödəmələrinə aid edilən müavinətlərdən və sosial müavinətlərdən (dəfn üçün müavinət istisna olmaqla);
istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə əlaqədar əmək qabiliyyətini itirmiş şəxslərə dəymiş zərərə görə ödənilən ödənclərdən;
faktiki alınan pensiyadan;
ali və orta ixtisas məktəblərində və kurslarda oxuyan müddətdə alınan təqaüdlərdən;
aliment ödəyənin həyətyanı sahəsindən və yardımçı təsərrüfatından əldə etdiyi gəlirdəki payından;
işsizlikdən sığorta ödənişindən.
1.3. Fiziki şəxsin sahibkarlıq fəaliyyətindən, habelə ailə kəndli təsərrüfatından əldə etdiyi xalis gəlirdən.
1.4. Mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələrdən.
2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin qazancından aliment tutularkən bu qazancdan gəlir vergisinin, məcburi dövlət sosial sığorta haqqı və digər məcburi ödənişlərin tutulması Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 99-cu maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
3. Hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətindən olan şəxslərdən aliment vəzifə maaşından, hərbi rütbəyə görə verilən maaşdan, habelə vəzifə maaşına olan əlavələrdən və daimi xarakter daşıyan digər ödənclərdən tutulur.
Müddətli xidmət hərbi qulluqçularından aliment ümumi əsaslarla tutulur.
4. Yazıçılardan, bəstəkarlardan, rəssamlardan və digər yaradıcı işçilərdən aliment müəlliflik qonorarı məbləğlərindən, vəkillərdən vəkil qurumlarında və qanunvericiliklə müəyyən edilmiş digər qaydada işinə görə bütün növ qazanclarından tutulur.
5. Aliment aşağıdakılardan tutulmur:
yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərdən (mükafatlar da daxil olmaqla);
əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortizasiyasına görə pul əvəzindən;
maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdən;
ezamiyyət ilə bağlı verilən ödəmələrdən, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələrdən, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələrdən;
ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyərindən və ya onların kompensasiyasından;
işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə profilaktika qidalarının dəyərindən;
qanunvericiliklə nəzərdə tutulmuş hallarda pulsuz qidaların (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəəti hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər) dəyərindən;
sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyərindən;
başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üçün ödənilən xərclərdən;
işəgötürən tərəfindən istehsalatdan ayrılmaqla ixtisasartırma kurslarına göndərilmiş işçilərə ödənilən təqaüdlərdən;
yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatlarından;
gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəsini qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələrin, idarələrin və təşkilatların hesabına ödənilən müavinətlərdən; elm, ədəbiyyat və incəsənət sahəsində mühüm işlərə görə verilən mükafatlardan;
ixtiralara və səmərələşdirici təkliflərə görə birdəfəlik mükafatlardan.
6. Hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətinə aid şəxslərdən hərbi qulluqdan və hüquq-mühafizə orqanlarından tərxis olunan zaman verilən işdənçıxarma və birdəfəlik müavinətlərdən, həmçinin daimi xarakter daşımayan pul təminatının digər növlərindən aliment tutulmur.
7. Aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.
Vergi Məcəlləsinin 102.1.5 maddəsinə əsasən alimentlər gəlir vergisindən azaddır.
Burada alimenti ödəyən şəxs yox, aliment məbləğini alan şəxs həmin aliment məbləği qədər gəlir vergisindən azaddır.
Misal - 1: “A” MMC-nin işçisi S. Əliyevanın aylıq məvacibi 250 manatdır. 60 manat aliment vəsait onun iş yerinə ödənilir. Vergi baxımdan onun 250 manat maaşı vergiyə cəlb olunur. 60 manat vergiyə cəlb olunmayan hissədir.
Misal -2: Məhkəmə “B” MMC-nin işçisi A. Əhmədov gəlirindən 30 faiz məbləğdə aliment tutulması üçün qərar çıxarır və bu qərarı göndərir “B” MMC-yə. A. Əhmədovun maaşı 300 manatdır. Qanunveriliyə əsasən vergi tutulduqdan sonra (300 gəlir vergisi, dsmf, sosial və sair məcbu ödənişlər) A. Əhmədovun əlinə alacağı məbləği tutaq ki, 265 manat edir 30 faiz aliment tutulmalıdır.
Məsuliyyət
Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırması nəzərdə tutulur. Bu səbəbdən alimentin icrası məcburidir və cinayət məsuliyyətinə səbəb olur.
Alimentlə bağlı məhkəməyə müraciət etmək üçün alimentin ödənilməsinə dair iddia ərizəsi ilə yaşadığınız yerin məhkəməsinə müraciət edə bilərsiniz. Əgər həmin iddia ərizəsini yazmaqda çətinlik çəkirsinizsə, aşağıdakı nümunədən istifadə edə bilərsiniz.
Əgər alimentin sadəcə sabit pul şəklində müəyyən olunmasını istəyirsinizsə, aşağıdakı nümunədən yararlana bilərsiz.
Əgər siz aliment ödəyirinizsə və məhkəmə qərarından sonra sizin gəlirinizdə əhəmiyyətli dəyişiklik baş veribsə, (işdən çıxmaq, ticarətinizin zəifləməsi və.s) bu zaman alimentin miqdarının azaldılması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edə biləriniz.
Rauf QARAYEV,
AJB üzvü. iqtisadçı-ekspert.
Maqazin
- Son əlavə olunanlar
- Ən çox oxunanlar