Prezident İlham Əliyevin Soçi və Aşqabada səfərləri Azərbaycanın, xüsusən də dövlət başçısının yürütdüyü tam müstəqil, qətiyyətli xarici siyasətin növbəti təntənəsi kimi yadda qaldı.
Həm Soçidə keçirilən üçtərəfli görüşdə qəbul olunan sənəddə, həm də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Görüşünün yekun bəyanatında əksini tapan müddəalar Azərbaycanın dövlət siyasətinə və milli maraqlarına xidmət edir.
Prezident İlham Əliyevin Türkmənistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Görüşündə iştirakı və səfər çərçivəsində təşkilata üzv dövlətlərin liderləri ilə keçirdiyi təkbətək görüşlər isə olduqca əhəmiyyətli hadisələr kimi tarixə yazıldı.
Azərbaycan üzv olduğu bütün təşkilatlarda birləşən dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıqda ən etibarlı tərəfdaş kimi tanınır. Bu etimadın nəticəsidir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad Bəyannaməsində üzv dövlətlər Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərinə görə ölkəmizi təbrik etdilər və respublikamızla işbirliyində maraqlı olduqlarını bildirdilər. Burada maraqlı bir məqam da var. İƏT-in üzvü olan 3 ölkə - Qazaxıstan, Qırğızıstan və Tacikistan həm də Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridirlər. Yəni bu 3 ölkənin digər üzv dövlətlərlə birlikdə Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etməsi ölkəmizlə olan münasibətlərə verilən yüksək əhəmiyyətlə yanaşı, Ermənistana olan münasibəti də əks etdirir. Bəlli olur ki, Ermənistan hətta təmsil olunduğu hərbi-siyasi blokda belə heç bir dəyərə malik deyil.
Bəyannamədə hökumətə və xalqımıza 30 illik işğala son qoyulması ilə bağlı ünvanlanan təbrik təsadüfi deyil. Bu, ölkəmizin beynəlxalq nüfuzuna, Azərbaycan xalqının mübarizə əzminə, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinə, diplomatik məharətinə verilən yüksək dəyərdir. Azərbaycan dövlətinin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyinin dəstəklənməsidir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin İƏT-in Zirvə toplantısındakı çıxışı Azərbaycan dövlətinin gücünün, nüfuzunun, sürətli inkişafının göstəricisi olmaqla Lider qətiyyətinin ifadəsi idi.
Əli HÜSEYN,
“Muğanın səsi”