• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, möhtəşəm inkişaf

  • 18.07.2021, 18:46, Baxış sayı:
  • 387
Azərbaycan tarixinin  Heydər Əliyev dövrü: qüdrətli dövlət, möhtəşəm inkişaf
Dövlətə və xalqa həsr olunan ömür


Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin respublikamızda ilk dəfə siyasi rəhbərliyə başlamasından 52 il ötür. 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə cəmiyyət həyatının bütün sahələrində tamamilə yeni dövr başladı, respublikamızda böyük intibahın təməli qoyuldu. Ulu Öndərin təşəbbüskarlığı, əzmkar fəaliyyəti tezliklə Azərbaycanı keçmiş ittifaqın inkişaf etmiş respublikaları sırasına çıxardı. Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək əslində həm də gələcək müstəqilliyin təmin olunmasına xidmət etdi.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 52-ci ildönümü əlamətdar tarixdir. Bu yarıməsrdən artıq bir dövr tariximizin ən şərəfli mərhələlərindən biri olmaqla yanaşı, həm də müstəqil dövlətçiliyin, qüdrətli xalqın, genişmiqyaslı inkişafın təminatçısı olub:
Ulu Öndər xalqın milli nailiyyət simvoluna çevrilmiş tarixi şəxsiyyətdir. Onun rəhbərliyi altında əldə olunan uğurların ən mühümü məhz qurub yaratdığı müstəqil Azərbaycan dövlətidir. Ümummilli Lider şərəfli ömür yolu ilə tərcümeyi-halını böyük bir xalqın tarixinə çevirməyi bacarmış dünya miqyaslı şəxsiyyətdir. Yer üzünün ən müxtəlif qütblərində yaşayan milyonlarla soydaşımızı milli ideyalar ətrafında bir araya gətirən rəmzdir.
Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik edib. Hər iki dövr ölkəmiz və xalqımız üçün taleyüklü mərhələ, çətin sınaqların, böyük böhranın yaşandığı dövr idi. Onun sovet Azərbaycanına rəhbərlik illəri ölkə həyatında sözün əsl mənasında yeni bir intibah mərhələsinin başlanğıcı idi. Ulu Öndər keçmiş SSRİ-nin inkişaf baxımından ən geridə qalmış, insanları kasıblıq, qıtlıq içində min bir zillət çəkən ölkəsini təhvil aldı. Amma cəmi bir neçə il içərisində Azərbaycanı ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirdi.
Ümummilli Lider respublikaya birinci rəhbərliyi dövründə əməli fəaliyyəti ilə məhz gələcək müstəqilliyə etibarlı zəmin formalaşdırdı. Müstəqilliyin iqtisadi əsasları isə həmin illərdə faktiki olaraq yaradılmışdı. Azərbaycan qısa müddətdə özünü iqtisadi cəhətdən təmin etməyə qadir ölkəyə çevrilmişdi. O, qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail oldu. Azərbaycan xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevrildi. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac verdi. Həmin illərdə Bakıda, Naxçıvanda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir.
Əminliklə deyə bilərik ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Azərbaycan məhz bu illərdə de-fakto müstəqilliyi üçün etibarlı zəmin formalaşdırdı. Ulu Öndər 1982-ci ildən sonra fəaliyyətini Sovet İttifaqı KP-nin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi davam etdirməli olsa da, qanı, canı ilə bağlı olduğu respublikanı unutmadı. 1982-1987-ci illərdə respublikamızın sosial-iqtisadi, mədəni inkişafı üçün əlindən gələni əsirgəmədi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda keçmiş ittifaq məkanında sosial məsələlərin həlli, genişmiqyaslı layihələr onun kurasiyasında idi. Heydər Əliyev hər fürsətdə Azərbaycana yardımları artırırdı. Ölkəmizin kənd və qəsəbələrində sosial infrastrukturun inkişafına dəstək verirdi.
Onun vəzifədən uzaqlaşdırılmasının əsas səbəbi də milli maraqları ittifaqın siyasi mənafeyindən üstün tutması idi. Başda M.S.Qorbaçov olmaqla sovet rəhbərliyi Dağlıq Qarabağı Ermənistanın tərkibində görmək istəyirdi. Buna qarşı ən böyük maneə isə məhz Heydər Əliyev idi.
Heydər Əliyev siyasi rəhbərliyin bütün maneələrinə, hətta sui-qəsd təhlükələrinə baxmayaraq 1990-cı ilin iyulunda əvvəl Bakıya, sonra anadan olduğu qədim Naxçıvan torpağına döndü. Və Azərbaycanın qurtuluş missiyasına Naxçıvandan başladı.
Qısa müddətdən sonra Ulu Öndərin Naxçıvan Ali Məclisinin sədri seçilməsi, əslində, tək Naxçıvan sakinlərinin deyil, bütün Azərbaycan vətəndaşlarının seçimi, istəyi idi. Bu vəzifədə çalışdığı iki ilə yaxın dövrdə Heydər Əliyev elə möhtəşəm işlər gördü ki, onlar əhəmiyyət və miqyasına görə neçə-neçə onilliyə örnək ola bilər. Ümummilli Liderimiz bu qədim diyarı bədnam ermənilərin işğal etməsinə imkan vermədi, onun müdafiə qüdrətini möhkəmləndirdi, hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər həyata keçirdi. Blokada şəraitində yaşayan, Bakıdakı rəhbərliyin davamlı təzyiqlərinə və maneələrinə məruz qalan Naxçıvanda əsl müstəqillik və dövlətçilik modeli yaratdı. Təsadüfi deyil ki, müstəqillik və dövlətçiliklə bağlı bütün rəsmi qərarlar Azərbaycan Ali Soveti tərəfindən yox, Naxçıvan Ali Məclisi tərəfindən qəbul olunmuşdu. Müstəqillik və dövlətçiliklə bağlı təşəbbüslərin müəllifi də Azərbaycana o zaman rəhbərlik edən prezidentlər deyil, məhz Naxçıvandakı Heydər Əliyev idi.
Ulu Öndərin Naxçıvan Ali Məclisinin sədri kimi qəbul etdiyi müdrik qərarlar, həyata keçirdiyi məqsədyönlü tədbirlər yeni müstəqillik qazanmış dövlətin aparmalı olduğu islahatların mahiyyətini təşkil edirdi və 1993-cü ildən sonra bütün Azərbaycana şamil olunacaq yeni inkişaf kursunun da əsası idi.
90-cı illərin əvvəllərində insanlar Heydər Əliyevin fəal siyasətə dönüşünə Azərbaycanın milli qurtuluşunun başlanğıcı kimi baxırdılar. Azərbaycanda yaranmış hakimiyyət böhranı, artan erməni işğalları Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişini qətiləşdirirdi. Xalqın iradəsi ilə baş tutan və tariximizə Qurtuluş Günü kimi düşən bu hadisə həm də Azərbaycanın xilası oldu.
Ulu Öndər pərən-pərən düşmüş cəmiyyəti yenidən bir yerə topladı. Milli vəhdətə nail oldu, vətəndaş müharibəsinin, qardaş qırğınlarının qarşısını aldı. Xaosu, anarxiyanı ortadan qaldırdı. Ölkənin demokratik inkişafı üçün böyük təhlükə törədən qanunsuz hərbi qruplaşmaları zərərsizləşdirdi. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ilə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna doğru mühüm addımlar atdı. Ulu Öndərin elan etdiyi yeni neft strategiyası, 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi” Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının rəhninə çevrildi. 1997-ci ildə Heydər Əliyev milyonlarla insanımızın çörək təknəsi olan torpağın ədalətlə özəlləşdirilməsinə nail oldu. Bu, tariximizdə bir ilk idi. Azərbaycanın minillik tarixində hələ heç vaxt kəndli öz torpağının ağası olmamışdı.
Ulu Öndər özünün cismani yoxluğu dövründə də milli ideyaları davam və inkişaf etdirməyə qabil Lideri yetişdirdi. Heydər Əliyevin formalaşdırdığı möhkəm təməllər üzərində Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə gətirib çıxaran məhz onun yetirməsi - Prezident İlham Əliyev oldu.
Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Prezident İlham Əliyev Lider əzmi ilə xalq qarşısında verdiyi vədləri əməli işi ilə doğruldaraq daim insanların sevgisini və etimadını qazanıb.
Reallıq da göstərir ki, son 18 ildə respublikada uğurla həyata keçirilən siyasət, ilk növbədə, ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir. Prezident İlham Əliyev fəaliyyətinin ilk günlərindən xalqın sonsuz məhəbbətini qazandı. Müdrik siyasəti, Heydər Əliyev ideyalarına sədaqəti, təmkin və uzaqgörənliyi, bir də xalqına qədərsiz sevgisi ilə Ulu Öndərin əsl varisi olduğunu nümayiş etdirdi.
Təbii ki, insan bir işi ürəklə, vurğunluqla görməsə, yüksək nəticəyə çata bilməz. Bu mənada Prezident İlham Əliyevin fəaliyyəti onun Heydər Əliyev ideyalarını yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun davam etdirən, təkmilləşdirən qətiyyətli siyasi Lider olduğunu təsdiqləyir. Eyni zamanda ölkədəki inkişaf təsdiq edir ki, İlham Əliyev Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısıdır. Bu kurs Azərbaycan xalqı üçün əsasdır. Zaman Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir.
Tarixin ən qüdrətli Azərbaycanı da məhz Heydər Əliyev ideyalarının məntiqi nəticəsi, Prezident İlham Əliyevin bu ideyalar əsasında həyata keçirdiyi müdrik fəaliyyətin parlaq Zəfəridir.

İ. DƏMİRQAYA,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter