Azərbaycanda Vətən Müharibəsi Qəhrəmanlarının büstləri qoyulacaq.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı qərar Nazirlər Kabinetinin təsdiqlədiyi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklikdə əksini tapıb.
Dəyişikliklə “iki dəfə” şərti çıxarılıb. Belə ki, indiyədək şəhid adının əbədiləşdirməsi üçün yerli rayon (şəhər) icra hakimiyyəti orqanları iki dəfə Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurdular.
Bu dəyişiklik yerli rayon (şəhər) icra hakimiyyəti orqanlarının Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoymasını ehtiva edir.
Bundan başqa, dəyişikliklə Vətən Müharibəsi Qəhrəmanlarına da büstlər qoyulacaq.
Qərardakı bir başqa dəyişiklik Vətən Müharibəsi Qəhrəmanı olan şəhidlərin adlarının küçələrə, meydanlara verilməsini ehtiva edir.
Yerli rayon (şəhər) icra hakimiyyəti orqanları Vətən Müharibəsi Qəhrəmanı olan şəhidlərin adlarının təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Nazirlər Kabineti qarşısında vəsatət qaldıracaq.
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ən azı iki ordenlə təltif olunmalarına dair şərt də ləğv olunub.
Bunadək isə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirdilər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Nazirlər Kabineti qarşısında vəsatət qaldırırdılar