Məzarları arasından səngər qazılan Səringül və Təyarənin bacısı danışdı
- 08.06.2021, 07:18, Baxış sayı:
- 453
Facebook
Вконтакте
Одноклассники
Google+
Son günlər sosial şəbəkələrdə yayılan fotolar Ağdam rayonunun Yusifcanlı kənd qəbiristanlığında çəkilib. Ermənistan silahlı bölmələri 1994-cü ildə işğal edərək dağıtdıqları kəndin qəbiristanlığında səngərlər qazıb, minalar basdırıblar. Nəticədə məzarların bir qismi dağıdılıb, səngərlər Səringül və Təyarə bacılarının yanaşı məzarlarını bir-birindən ayırıb.
Səringül və Təyarənin kiçik bacısı Güluzə Qəhrəmanova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib ki, qəbiristanlıqda iki deyil, dörd bacısı və anası yanaşı dəfn edilib: “Atam İkinci Dünya müharibəsi zamanı cəbhəyə gedəndə ailəmizdə beş qız övladı vardı. O, müharibədə olarkən bacılarımdan dördü xəstələnərək dünyasını dəyişib və kəndimizin qəbiristanlığında yan-yana basdırılıb. 1993-cü ildə dünyasını dəyişən anamı da həmin qəbiristanlıqda dəfn etdik. Sonra kəndimiz işğal edildi, məcburi köçkün düşdük. O vaxtdan məzarları ziyarət edə bilmirik. Bu günlərdə internetdə bacılarımın məzarlarının şəklini gördük, ürəyimiz ağrıdı. Şəkildə bacılarımın üçünün məzarı görünür. Əslində isə orada dörd bacımın məzarı olub, qəbirlərdən birini ermənilər səngər qazarkən dağıdıblar. Artıq kəndimiz işğaldan azad edilib. Ancaq xain düşmən kəndi də, qəbiristanlığı da minaladığından hələ gedə bilməmişik. İnşallah, tezliklə kəndimizə qayıdar, doğmalarımızın məzarlarını ziyarət edərik”.
Hazırda təkcə Güluzə xanım deyil, doğmalarının məzarlarını ziyarət edə bilməyən on minlərlə soydaşımız bu arzu ilə, bu inamla yaşayır. Çox keçməz ki, ermənilərin viran qoyduğu yurd yerlərimiz, o cümlədən Yusifcanlı kəndi yenidən qurular. Müharibənin izləri silindikcə bu kəndin qəbiristanlığındakı düşmən səngəri də doldurulacaq, 27 il bir-birindən ayrı salınmış bacıların nigaran ruhları da rahatlıq tapacaq.