Nazirlikdən vaksinin sonrakı fəsadları ilə bağlı deyilənlərə münasibət
- 11.03.2021, 13:04, Baxış sayı:
- 506
Facebook
Вконтакте
Одноклассники
Google+
Səhiyyə Nazirliyi son günlər sosial şəbəkələrdə peyvənd edilən vətəndaşların iflic olması, ağır xəstələnməsi, hətta ölməsi, vaksinasiyanın gələcəkdə sonsuzluğa səbəb olacağı barədə səsləndirilən iddialara münasibət bildirib.
“Muganinsesi.az” Teleqraf.com-a istinadla xəbər verir ki, nazirliyin baş infeksionisti Təyyar Eyvazov dövlətin uğuruna kölgə salmaq istəyənlərin olduğundan təəssüfləndiyini qeyd edib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə peyvənd edilən vətəndaşların iflic olması, ağır xəstələnməsi, hətta ölməsi, vaksinasiyanın gələcəkdə sonsuzluğa səbəb olacağı barədə heç bir elmi əsası olmayan və həqiqəti əks etdirməyən məlumatlar yayılır: “Bu cür yoxlanılmayan şaiyələr tirajlanaraq insanlarda çaşqınlıq yaradır. Nəzərinizə çatdırmaq istərdik ki, Səhiyyə Nazirliyinə indiyədək vaksin olunmuş insanlarda bu tip qeyri-adi ağırlaşmalar barədə heç bir məlumat daxil olmayıb. Bir daha əhalinin nəzərinə çatdırırıq ki, peyvənddən sonra hər hansı bir güclü reaksiya baş verərsə bu haqda mütləq qaydada müvafiq tibb qurumlarına müraciət etsinlər”.
“Artıq 400 mindən çox vətəndaşımız peyvənd olunub və hər gün vaksin olunmaq üçün minlərlə insan könüllü olaraq müvafiq tibb idarələrinə müraciət edir. Sevindirici haldır ki, peyvənd olunanların sayı bir il ərzində bu infeksiya ilə xəstələnənlərin rəsmi statistik göstəricilərini üstələyib. Bu o deməkdir ki, yaxın gələcəkdə bu qədər insan infeksiyaya yoluxmayacaq və hətta az sayda yoluxmalar olsa belə onlar arasında ölüm halları baş verməyəcək. Ümid edirəm ki, tezliklə peyvəndləmənin müsbət effektini hər birimiz öz həyatımızda hiss edəcəyik. Şaiyələrə deyil, elmi faktlara əsaslanaraq peyvənd kompaniyasında könüllü iştirak edək, bu infeksiyaya qalib gələk və normal həyatımıza qayıdaq” –mütəxəssis əlavə edib.