Bakıda əri Araz Sofiyevi xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Rəna Sofiyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Publika.az xəbər verir ki, R.Sofiyevanın cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə araşdırılır.
Sonunu məhkəmə iclasında Rəna Sofiyevanın oğlu Sərdar şahid qismində ifadə verib. Şahid əsasən zərərçəkmiş tərəfin nümayəndəsi, vəkil Ceyhun Yusifovun suallarını cavablandırıb.
İlk olaraq Sərdar hadisə baş verən gün yaşananları tam xatırlamadığını deyib. Bildirib ki, yuxudan oyananda artıq qətl hadisəsi baş veribmiş.
Onun dediklərindən məlum olub ki, anası Rəna Sofiyevadan birinci şikayəti mərhumun atası edib. Qətlə yetirilən Araz Sofiyevin atası polisə ifadəsində gəlini Rənadan şübhələndiyini deyib.
Sərdar deyib ki, babasından niyə anasından şübhələndiyini soruşub. Babası isə ona deyib ki, məqsədi oğlunun qatilini tapmaqdır.
"Babam dedi ki, əgər anam günahsız olsa, 100 dəfə üzr istəyəcək" - deyə Sərdar cavabında bildirib.
Sərdar suallara cavabında bir daha hadisə baş verən gecə olanları xatırlamadığını deyib. Bildirib ki, yuxudan oynanda nənəsinin ağladığını, artıq hadisələrin baş verdiyini görüb.
Məhkəmədə məlum olub ki, Araz Sofiyevin atasının şikayətindən sonra Rəna Sofiyeva izlənilib, onun yaşadığı evə səs yazan qurğu yerləşdirilib.
Həmin səs yazılarından birində Sərdar hər şeydən bezdiyini və yaşamaq istəmədiyini deyib.
Sərdar izah edib ki, həmin zaman anası və nənəsi hazırlıq kurslarına pul xərclədiklərini, nəticələrinin yaxşı olmadığını deyib. Anası və nənəsi ona irad bildirib ki, dərslərini oxumur. O da artıq bezdiyini və yaşamaq istəmədiyini deyib.
Prosesin davamında Rəna Sofiyeva məhkəmədən söz istəyib. Deyib ki, ərinin ədavəti olan yalnız Mehman adlı şəxsi tanıyır.
Prokuror müdaxilə edərək deyib: "Ötən prosesdə Mehman iştirak edirdi. Onda şübhələndiyinizi deyirdiniz. İndi isə qəti olaraq Mehmanın adını çəkirsiniz. Nə dəyişdi ki, belə qəti fikir bildirirsiniiz?".
Rəna Sofiyeva eyni fikirləri dilə gətirdiyini deyib.
Bildirək ki, Rəna Sofiyeva qətiyyən özünü təqsirli bilmir. Oğlu Sərdar da onun mövqeyindən çıxış edir.
Məhkəmə prosesi aprelin 7-də davam etdiriləcək.
İstintaq materiallarından da görünür ki, R.Sofiyeva dindirilən zaman fərqli ifadələr verib.
İlk ifadəsində həyat yoldaşı Arazın bir neçə dəfə banklardan kreditə pul götürdüyünü, amma nə üçün götürdüyünü bilmədiyini deyib.
R.Sofiyeva ərinin ona məxsus qızıl qolbağı satdığını, borcunu verdiyini deyib.
O, ilk ifadəsində hadisə günü baş verənləri belə danışıb: “Ofisdə olanda Araz, atası Knyaz və qardaşı Ayaz gəlib məni işdən götürdülər. Evdə olanda kimsə zəng edib Arazı futbola çağırdı.
Gecə saat 12-yə qalmış gəldi. Həmin vaxtı mən, anam və oğlum evdə idik. Araz hamama çimməyə getdi, mən də evdə olan qarpız və yemişi doğrayıb, stolun üzərinə qoydum və yatmağa getdim. Gecə oyananda evdə iki nəfər gördüm. Araz o adamlara dedi ki, mənə nə edirsiniz edin, amma arvad-uşağa dəyməyin.
Otaq qaranlıq idi, Arazın qarşısında oturan şəxs mənə “səsini çıxarma, gəl otur” dedi. Həmin şəxslər rus dilində danışırdılar. Arazla üzbəüz oturan şəxs dedi ki, “axı sən bilirsən ki, borc götürmüsən, pulu qaytarmaq lazımdır”. Araz mənə dedi ki, pulu gətirim. Mən satdığımız maşının pulunu iki gün əvvəl ofisdən evə gətirmişdim. Həmin pulu gətirib, Araza verdim. Pulu verən kimi Arazın qarşısında oturan şəxsin tapşırığı ilə evdəki telefonları da gətirib, ona verdim. Onlar telefonları götürüb Arazdan pulun qalanını nə vaxt verəcəyini soruşdular.
Bu sözdən sonra Araz əsəbiləşib “nə istəyirsən məndən olanım budur, artıq yoxumdu”- dedi, həmin şəxs də “sənə demişəm axı sakit ol, yoxsa ikinizi də kəsərəm”,-deyə cavab verdi.
Araz onun anasını söydü. Onlar Araza hücum çəkdilər. Qaranlıq olduğu üçün hansının əlində bıçaq olduğunu görmədim. Araza zərbələr vuranda onların qarşısını almaq istədikdə sol qolum kəsildi. Mən qışqıranda həmin şəxslərdən biri sifətimə yumruq vurdu, zərbənin təsirindən huşumu itirdim. Sonrasını xatırlamıram.
Bir də anamın qışqırıq səsinə özümə gəldim və Arazın oturaqlı vəziyyətdə divanda qanın içində olduğunu gördüm. Tez yataq otağına qaçıb, oğlumun yerində olmadığını, blokda qışqırdığını gördüm. Daha sonra qardaşıma, təcili tibbi yardıma zəng etdim”.
İlk başda özünü şübhəli aparmayan Sofiyeva suallara cavabında Arazla ər-arvad kimi yaxşı münasibətlərinin olduğunu deyib.
Amma işin ilginc tərəfi budur ki, Sofiyeva istintaqda Arazın dostu ilə münasibətdə olduğunu, bunu mərhum ərinin bildiyini deyib. Sofiyeva söyləyib ki, buna görə əri ilə arasında mübahisə olsa da boşanmayıblar.
Qeyd edək ki, yuxarıda qeyd edilən hadisə 2019-cu ilin iyul ayının 7-də, gecə saat 03:00-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Həmin ünvanda yaşayan Araz Sofiyev evində həyat yoldaşı Rəna Sofiyeva tərəfindən öldürülüb. İstintaq zamanı məlum olub ki, cinayəti törədən Rəna Sofiyeva daha sonra özünə də xəsarət yetirib.
Ona xəstəxanada tibbi yardım göstərilib. Rəna Sofiyeva ilkin istintaqa verdiyi izahatında göstərib ki, hadisə baş verən günü iki naməlum şəxs onların evinə basqın edib. Həmin şəxslərə Araz Sofiyevin pul borcu olub. Onlar ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə Araz Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Qadının bildirdiyinə görə, naməlum şəxslər evdən 4 800 ABŞ dolları aparıb və evdən çıxarkən ona da bıçaqla xəsarət yetiriblər.
/Muganinsesi.az/