Azərbaycanın enerji sektorundakı mühüm hadisələrdən biri də bu gün – 2025-ci il iyunun 24-də rəsmi açılışı keçirilən “8 Noyabr” Elektrik Stansiyasıdır. Mingəçevirdə yerləşən və ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi kimi ölkənin enerji tarixində xüsusi yer tutur. Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayacaq.
Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən inşasına başlanan bu layihə rekord sayılacaq müddətdə - cəmi iki il ərzində uğurla başa çatdırılıb. Layihənin hazırlanması və icrasında Azərbaycanın mühəndisləri əsas rol oynayıb və texniki həllər dünya təcrübəsi ilə uzlaşdırılaraq, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilib. Stansiyanın tikintisində İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib ki, bu da Azərbaycanın enerji sektorunda milli kadr potensialının və sənaye imkanlarının sürətlə inkişaf etdiyini təsdiqləyən əhəmiyyətli göstəricidir.
Bundan əlavə, stansiyada tətbiq olunan ən son texnoloji həllər və dünyanın aparıcı enerji istehsalı avadanlıqları sayəsində yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə azaldılıb, faydalı iş əmsalı artırılıb və ətraf mühitə təsir minimuma endirilib. Bu baxımdan “8 Noyabr” Elektrik Stansiyası həm ekoloji, həm də iqtisadi səmərəliliyi ilə seçilən nümunəvi enerji layihəsi hesab olunur və ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcını simvolizə edir.
Stansiyada istifadə olunan texnologiyalar nəticəsində:
• Şərti yanacaq sərfiyyatının azaldılması nəticəsində ildə 1 milyard kubmetr təbii qaza qənaət olunacaq;
• 2 milyon ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq;
• Faydalı iş əmsalı 17 faiz artaraq 55,5 faizə yüksəlib;
• Əlavə olaraq 90 MVt enerji istehsalı imkanı yaranıb;
• Mövcud enerji blokları modernləşdirilib, ötürmə və qaz təminatı infrastrukturunda yeniliklər aparılıb.
Bu stansiya təkcə Azərbaycanın daxili enerji təminatı üçün deyil, həm də enerji ixrac potensialının artırılması baxımından əhəmiyyətlidir.
Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev də qeyd edib ki, bu stansiya ölkəmizin enerji potensialını təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq. Həmçinin Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək. Bu gün Azərbaycan qazının kəmərlər vasitəsilə 12 ölkəyə ixrac edildiyini diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: “Məhz bu göstəriciyə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir”.
Bir sözlə, Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyur. Bərpaolunan enerji layihələri ilə yanaşı, “8 Noyabr” kimi müasir və səmərəli stansiyalar enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji ixrac imkanlarının genişləndirilməsinə, ətraf mühitin mühafizəsinə və regionda iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edir. Bu mühüm layihə Azərbaycanın enerji tarixində qızıl hərflərlə yazılaraq, ölkənin qüdrətini və dövlətçilik iradəsini bir daha təsdiqləyir. Azərbaycanın yaşıl enerji konsepsiyası və dayanıqlı enerji siyasəti belə kompleks yanaşmalar sayəsində gələcəkdə də regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa davam edəcək. Bu gün ölkəmizin enerji siyasəti təkcə iqtisadi inkişaf deyil, həm də qlobal enerji keçidinə və regional sabitliyə töhfə verən strateji model kimi nümunə göstərilir.
Fatma Hüseynova,
Sabirabad rayonu Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, 1 dərəcə Əmək ordenli