Mayın 20-də Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstanda işgüzar səfərdə olub. Səfər çərçivəsində Budapeştdə ölkə başçımızla Macarıstanın Baş naziri Viktor Orbanın məhdud tərkibdə görüşü keçirilib. Ardınca hər iki ölkə lideri mətbuata bəyanatlarla çıxış ediblər. Ölkəmizin başçısı öz bəyanatında xüsusi olaraq vurğulayıb ki, Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik, strateji tərəfdaşıq.
Qeyd edək ki, Azərbaycan ilə Macarıstan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub və son onilliklər ərzində dərin və çoxşaxəli tərəfdaşlığa çevrilib. 2014-cü ildə Azərbaycan və macarıstan arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Bu proses 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib.
Hazırkı dostluq əlaqələrinin daha da möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi dostluq münasibətləri, iki ölkə arasında müntəzəm surətdə həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır. Belə ki, Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar.
Macarstan lideri Viktor Orbanın Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il Şuşaya səfəri həmin dövrdə Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrlik etməsi, eləcə də Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Şuşaya ilk səfər olması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Sevindrici haldır ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyir. Macarıstan Avropa İttifaqı, Avropa Şurası və digər Avropa strukturlarında ölkəmizin maraqlarını hər zaman müdafiə edir.
Hər iki ölkə liderinin mətbuata birgə açıqlamalarında önəmli məsələlərə toxunublar. Prezident İlham Əliyev Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu, onlardan birinin bizim tarixi köklərimiz olduğunu qeyd edib. Prezident İlham Əliyev mətbuata bəyanatında Ermənistan-Azərbaycan sülh prosesindən danışıb: «İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının da təşəbbüskarı biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib.»
Xatırladaq ki, Macarıstan ölkəmizi enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Macarıstanın enerji şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığını daha da möhkəmləndirir və ölkələr arasında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Bu barədə Prezident İlham Əliyev deyib: «Azərbaycanın quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq və mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, Macarıstanın tələbatı olan səviyyədə biz qaz təminatı təşkil edə bilərik».
Bir sözlə, hazırda enerji sahəsindəki bu yeni əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmasına və qlobal enerji təhlükəsizliyinə olan töhfəsini artırmasına imkan yaradıb. Bu, yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan önəmli addımlardır.
Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatında vurğulayıb ki, biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətdə üzləşdiyi istənilən çətinlik zamanı hər zaman Prezident Əliyev bizim yanımızda olmuşdur.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru