Səfər zamanı bu sahədə birgə fəaliyyətin gücləndirilməsi, dəhlizin sabit və təhlükəsiz Çin-Avropa marşrutu kimi inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıldı.Çin mediasına, eləcə də CGTN televiziyasına verdiyi müsahibələrdə Azərbaycan Prezidenti ölkəmizin regional rolu, enerji siyasəti və Çin ilə strateji əməkdaşlıq barədə ətraflı məlumat verib.
Bu səfər Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçidini təsdiqlədi. Eyni zamanda, Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin növbəti uğurlu nəticəsi kimi yadda qaldı.
İmzalanan sənədlər, aparılan danışıqlar və verilən mesajlar göstərdi ki, Azərbaycan-Çin əlaqələri daha da dərinləşəcək və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq davamlı şəkildə inkişaf edəcək.
Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq xüsusilə diqqətəlayiqdir. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan mühüm tranzit ölkəyə çevrilmişdir. Eyni zamanda, Çin şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna olan marağı, xüsusilə də kənd təsərrüfatı, enerji və informasiya texnologiyaları sahəsində investisiya qoyuluşları daha çox diqqət cəlb edir.
Azərbaycan-Çin münasibətləri təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıq da genişlənməkdədir. Çin dili və mədəniyyətinə maraq artdığı kimi, Çində də Azərbaycan mədəniyyəti haqqında məlumatlılıq getdikcə artır. Universitetlərarası əməkdaşlıqlar, tələbə mübadiləsi proqramları və ortaq elmi layihələr bu sahədə müsbət dinamikanın mühüm göstəriciləridir. Azərbaycan ilə Çin arasında əməkdaşlıq strateji əhəmiyyət daşıyır və qarşıdakı illərdə bu münasibətlərin daha da güclənəcəyi gözlənilir. Hər iki ölkənin rəhbərliyi qarşılıqlı faydalı əməkdaşlıq ruhunda əlaqələri genişləndirməkdə maraqlıdır. Bu əməkdaşlıq regionda sülh, inkişaf və sabitliyə də öz töhfəsini verir.
Mirtaleh Ağazadə,
Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru