Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 9-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumundakı çıxışı qloballaşan dünyanın gələcəyi üçün əhəmiyyətli oldu. Azərbaycan Prezidenti İlham Əliyev Dünyanın 44 ölkəsindən 80-dən çox ekspert, beyin mərkəzlərinin nümayəndələri və tanınmış politoloqlar iştirak etdiyi bu mötəbər tədbirdə iştirak edib.
Forumdakı çıxışında olkə başçısı Azərbaycanın bir sıra beynəlxalq təşkilarlar və həmçinin Çin, Gürcüstan, Şimali Kipr Türk Respublikası, İran, Suriya ilə münasibətlərinə toxunub.
İlk növbədə qeyd edilib ki, Azərbaycan türkdilli aləmə, Türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib. “Bizi tarix, etnik köklər birləşdirir. Dillərimiz arasında oxşarlıqlar var, mədəniyyətlərimiz, adət-ənənələrimiz kifayət qədər oxşardır”, – deyən dövlətimizin başçısı əlavə edib: “İstərdik ki, bu təşkilat (Türk Dövlətləri Təşkilatı – red.) daha güclü olsun və nəticələrə köklənsin. Bu baxımdan Azərbaycan hər zaman əlindən gələni edib. O ki qaldı, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrə, bizim aramızda çox yaxşı mühit var”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynayıb və bu məsələni tam şəkildə müdafiə edib. Azərbaycan Şimali Kipr Türk Respublikasının Prezidenti Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olunaraq bu tədbirdə iştirak edib. Şimali Kiprin bayrağı da orada dalğalanıb. Dövlətimizin başçısı əlavə edib: “Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər”.
Suriya ilə münasibətlərə gəlincə bildirilib ki, əvvəlki rəhbərlik dövründə Suriya ermənipərəst, anti-Azərbaycan mövqeyindən çıxış edib. Ermənistanın rəhbərliyi ilə Suriyanın ovaxtkı rəhbərliyi arasında bir çox təmasların olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “İndi isə bəlkə də Ermənistan hökuməti elə bilir ki, bu, heç kimin yadında deyil, yox, biz bunu xatırlayırıq. İndi isə görürük ki, onlar (Ermənistan) Suriyaya humanitar yardım göstərməyə cəhd edirlər. Bu, bir daha Ermənistanın riyakarlığını göstərir. Ümid edirik ki, Suriya hökuməti tərəfindən belə ikiüzlü insanlara yenidən meydan verilməyəcək. Biz Suriya hökumətini dəstəkləyirik”.
Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına da toxunub.
“Əlbəttə, biz faciəvi hadisələri unuda bilmərik”, – deyən dövlətimizin başçısı həmin hadisənin Azərbaycana qarşı mütəşəkkil şəkildə hazırlanmış terror aktı olduğuna əminliyini bildirib. Bu hadisədən iki il keçdiyini və hadisəni törədənin hələ də cəzalandırılmadığını bildirən Prezident qeyd edib: “Ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün həmin terrorçu və onun arxasında duranlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər və cəzalanmalıdırlar”.
Qeyd edilib ki, bu ay İran Prezidentinin Azərbaycana səfəri gözlənilir. Son aylar ərzində iki ölkənin yüksəksəviyyəli nümayəndələrinin qarşılıqlı səfərlər etdiklərini deyən dövlətimizin başçısı vurğulayıb: “Seçki prosesi zamanı İranda baş verən proseslər bizi məmnun etdi. Biz İrandan müsbət mesajlar eşitdik. Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik. İranla geniş nəqliyyat və iqtisadi gündəliyimiz var”.
Forumda bildirilib ki, hazırda ölkəmiz Çin Xalq Respublikasının şirkətləri ilə fəal işləyir və onları müxtəlif sahələrdə, xüsusilə yaşıl enerji sahəsində bizimlə strateji tərəfdaş olmağa dəvət edirik. Çin şirkətləri yaşıl ictimai nəqliyyat vasitələrinin istehsalında bizim tərəfdaşdırlar. Artıq bu il yeni avtobuslar istifadəyə veriləcək və hazırda Azərbaycanda quraşdırılan günəş panelləri Çin istehsalıdır. Eyni zamanda da bilavasitə yaşıl enerji sahəsinə yatırımlar qoyulması ilə bağlı bəzi Çin şirkətləri ilə də danışıqlar aparılır.
Qonşu Gürcüstanla münasibətlərə gəlincə bildirilib ki, bu əlaqələr Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Xalqlarımız arasında tarixi bağlantılar var. Müstəqillik dövrünün lap əvvəlindən Gürcüstanın və Azərbaycanın dostluq, tərəfdaşlıq və yüksək səviyyədə qarşılıqlı anlaşma nümayiş etdirdiklərini deyən dövlətimizin başçısı bildirib: “Cənubi Qafqaz regionu strateji baxımdan əhəmiyyətli bölgəyə çevrilib və bunu yalnız biz etmişik”.
Fatma Hüseynova,
Sabirabad rayonu Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, 1 dərəcə Əmək ordenli