Dekabrın 29-da təyyarə qəzasında həlak olan üç ekipaj üzvü – gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb. Qəzada həlak olan sərnişinlər də ölkənin müxtəlif bölgələrində dəfn ediliblər.
Dəfn mərasimindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəza nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimindən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verərək bir sıra məsələlərə aydınlıq gətirib. Dövlətimizin başçısı bildirib: Əlbəttə, son versiya qara qutular açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir”.
Prezident, eyni zamanda, deyib ki, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnib.
Qeyd edildi ki, qəzaya uğrayan təyyarənin füzelyajının dəlik-deşik olması mühərrikə quş düşməsi versiyasını tamamilə gündəlikdən çıxardı. Dövlətimizin başçısı təəssüflə qeyd edib ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. “Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”.
Təbiidir ki, təyyarənin qəsdən vurulmadığını diqqətə çatdıran Prezident qeyd edib ki, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.
Dövlətimizin başçısı bildirib: “Yenə də deyirəm, “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək”.
Öz müsahibəsində dövlətimizn başçısı təyyarənin pilotları və ekipaj üzvlərinin fəaliyyətini xüsusi qeyd edib. “Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər”. “Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu”, – deyə dövlətimizin başçısı qeyd edib.
Öz müsahibəsində Prezident İlham Əliyev təyyarə qəzasının səbəbkarı olan Rusiya tərəfi qarşısında tələblərin açıq şəkildə bildirildiyini deyib. Dövlətimizin başçısı bildirib: “Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır”.
Məxbilə Əzizova,
Sabirabad rayonu Axısxa bələdiyyəsinin sədri