• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

21 illik uğurlu fəaliyyət - güclü dövlət, güclü iqtisadiyyat və tarixi Zəfər

  • 23.12.2024, 15:30, Baxış sayı:
  • 3
21 illik uğurlu fəaliyyət - güclü dövlət, güclü iqtisadiyyat və tarixi Zəfər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ildən bəri 21 illik rəhbərlik fəaliyyətində ölkənin inkişafında, müstəqillik və suverenliyimizin möhkəmləndirilməsində və beynəlxalq nüfuzunun artırılmasında çox mühüm ilklərə imza atmışdır. Onun rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət, iqtisadi islahatlar və sosial layihələr Azərbaycanın regionda və dünyada əhəmiyyətli bir aktora çevrilməsini təmin etmişdir.
Azərbaycanı Vətəndaş müharibəsindən, parçalanmaqdan, bölünməkdən, xaosdan və siyasi hərci-mərclikdən xilas edən, müstəqil Azərbaycanın banisi, xalqının Ulu Öndəri Heydər Əliyev 1 oktyabr 2003 – cü il tarixində xalqa müraciət edərək söyləmişdir “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”
Uzaqgörən böyük liderin hər zaman olduğu kimi bu sözlərində də nə dərəcədə haqlı olduğunun Prezident İlham Əliyevin 21 illik fəaliyyət dövründəki uğurları ilə hamımız sahidi olduq. Sözsüz ki, İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində keçirilən prezident seçkilərində qazandığı qələbə, ilk növbədə, onun Ulu Öndər Heydər Əliyevin siyasi varisi olması və bu siyasi kursu dərindən bilməsi ilə bağlı idi. Bununla belə, xalqın İlham Əliyevi seçməsində yalnız bu amillər deyil, həm də onun şəxsi keyfiyyətləri və siyasi təcrübəsi mühüm rol oynamışdır.
İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin birinci və ikinci çağırışlarında deputat kimi fəaliyyət göstərmiş, həmçinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri və bu təşkilatın vitse-prezidenti kimi mühüm uğurlara imza atmışdır. YAP-ın I qurultayında partiya sədrinin müavini, II qurultayında isə birinci müavini seçilən İlham Əliyev, 2000-ci il parlament seçkilərində partiyanın seçki kampaniyasına rəhbərlik edərək uğurlu nəticələr əldə etmişdir.
Bundan başqa, İlham Əliyevin Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi strateji fəaliyyətləri, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti olaraq idman sahəsindəki nailiyyətləri və Azərbaycan Respublikasının Baş naziri kimi əldə etdiyi idarəçilik təcrübəsi onun peşəkar siyasətçi kimi formalaşmasında əsas amillərdən olmuşdur. Bu zəngin təcrübə və liderlik keyfiyyətləri, bilik və bacarıqları İlham Əliyevin 2003-cü il prezident seçkilərində qələbəsini şərtləndirən əsas amillərdən idi.
Sonrakı prezident seçkilərində İlham Əliyevin qələbəsini şərtləndirən əsas amillər artıq onun prezident kimi həyata keçirdiyi fəaliyyətlə və rəhbərliyi dövründə dövlətin keçdiyi inkişaf yolu ilə bağlı olmuşdur. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi, ölkədə sabitliyin qorunması, daim inkişafa, tərəqqiyə və xalqın rifahının yüksəldilməsinə yönəlmiş siyasət Prezident İlham Əliyevin dövlət idarəçilik fəlsəfəsinin əsasını təşkil etmişdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət müasir Azərbaycanın güclənməsinə və milli-mənəvi dəyərlərimizin qorunmasına böyük töhfə vermişdir. Bununla yanaşı, onun təşəbbüsü ilə ölkədə tolerantlıq və multikulturalizm ənənələrinin möhkəmləndirilməsi Azərbaycanı mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üçün önəmli bir məkan kimi dünyada tanıtmışdır.
İlham Əliyevin siyasi kursunun əsasını xalqa güvənən, xalqın dəstəyi ilə həyata keçirilən və birlik, həmrəylik mühitinin inkişafına yönəlmiş, dayanıqlı demokratik ənənələrin formalaşmasını təmin edən mütərəqqi siyasət təşkil edir. Bu siyasətin ən mühüm ideyası xalqa arxalanmaq və xalqın gücünü milli birliyin əsas dayağına çevirməkdir. Məhz buna görə Prezident İlham Əliyevin ən böyük şüarı “Biz birlikdə güclüyük” olmuşdur və düşməni məhv edən “Dəmir yumruq” ideyasının təməlində də məhz bu şüar dayanır.
Azərbaycanda yaşayan bütün etnoslar hər zaman İlham Əliyevin siyasətindən bərabər şəkildə faydalanmış, ölkədə müxtəlif etnik qruplar, dini inanclar və siyasi baxışlar arasında heç vaxt ayrı-seçkilik olmamışdır. Bu yanaşma, ölkədə sağlam əməkdaşlıq və siyasi dialoq mühitinin inkişafına, nəticədə isə ümumxalq birliyinin formalaşmasına şərait yaratmışdır. Son dörd il ərzində siyasi partiyalar tərəfindən imzalanmış birgə bəyanatlar və müraciətlər, eləcə də siyasi partiya rəhbərləri ilə mütəmadi keçirilən görüşlər bu dialoq mühitinin və xalq-dövlət birliyinin bariz göstəricisidir. Azərbaycanda bütün siyasi partiyalara bərabər fəaliyyət imkanlarının yaradılması demokratik ənənələrin möhkəmlənməsinə mühüm töhfə vermişdir.
Prezident İlham Əliyevin siyasi kursunda xüsusi yer tutan və daim təkmilləşdirilən gənclər siyasəti, yeni nəslin ictimai-siyasi proseslərdə iştirakını artırmış, onların potensialından səmərəli istifadə olunmasına şərait yaratmışdır. Bu siyasət, milli-mənəvi dəyərlərə hörmət edən, vətənpərvər ruhda yetişən gənclərin formalaşmasını təmin etmişdir. Dövlətin gənclərə göstərdiyi diqqət və dəstək nəticəsində Vətən Müharibəsi zamanı Azərbaycan gəncləri həm döyüş meydanında, həm də arxa cəbhədə və informasiya müharibəsində ölkənin aparıcı qüvvəsinə çevrilmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qarabağın işğaldan azad edilməsi kimi tarixi bir uğura imza atmış, bütün dünyanı heyrətə salan, misli görülməmiş Zəfər qazanmışdır. Bu zəfər, ilk növbədə, Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi strateji siyasətin və güclü dövlət quruculuğunun nəticəsidir.
44 günlük Vətən Müharibəsi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın tarixi ədaləti bərpa etdiyi, Ermənistanın işğalına son qoyduğu və Qarabağın azad edildiyi möhtəşəm bir zəfər idi. Şübhəsiz ki, bu Zəfərin əsas amilləri cənab Prezidentin illərlə apardığı məqsədyönlü siyasət və ölkənin hərbi potensialının gücləndirilməsi olmuşdur. İlham Əliyev beynəlxalq arenada Azərbaycanın haqq səsini hər zaman qətiyyətlə müdafiə etmiş, Ermənistanın işğalçı siyasətini ifşa etmişdir. Müharibə zamanı onun xarici mediaya verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaqda mühüm rol oynamışdır. Prezident İlham Əliyevin prioritetlərindən biri Azərbaycan Ordusunu gücləndirmək olmuşdur. Hərbi islahatlar, müasir texnologiyaların alınması və peşəkar kadrların hazırlanması nəticəsində Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvəsinə çevrilmişdir.
Müharibə dövründə Prezident İlham Əliyev “Biz birlikdə güclüyük” prinsipini bir daha təsdiqlədi. Xalqın dəstəyi, milli birliyin təmin olunması və müharibə strategiyasının düzgün qurulması nəticəsində Azərbaycan Ordusu böyük zəfər qazandı. Müharibənin sonunda əldə edilən qələbə ilə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa daxil olmaqla, 300-dən çox yaşayış məntəqəsi azad edildi, Ermənistan isə kapitulyasiya sənədini imzalamağa məcbur oldu.
44 günlük müharibədən sonra Ermənistan tərəfi öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmış və separatçı rejim Qarabağda qanunsuz fəaliyyətini davam etdirmişdir. Prezident İlham Əliyev bu vəziyyəti nəzərə alaraq, bölgədə qanun və qaydanın bərpası üçün qəti addımlar atmışdır.
2023-cü ilin sentyabrında həyata keçirilən Antiterror Əməliyyatı, Azərbaycanın suverenliyinin tam təmin edilməsi və bölgədəki qanunsuz silahlı birləşmələrin tamamilə zərərsizləşdirilməsi məqsədini daşıyırdı.
Əməliyyat qısa müddətdə uğurla başa çatmış və separatçı rejim təslim olmaq məcburiyyətində qalmışdır.
Prezident İlham Əliyev həm 44 günlük Vətən Müharibəsində, həm də 2023-cü il Antiterror Əməliyyatında nümayiş etdirdiyi qətiyyətli liderlik və strateji yanaşma ilə Azərbaycanın milli maraqlarını qorumaq üçün əvəzsiz rol oynamışdır. Onun siyasəti yalnız hərbi qələbə ilə deyil, həm də bölgədə sabitliyin, sülhün və inkişafa yönəlmiş addımların təmin olunması ilə yadda qalmışdır.
Son dövrlərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə enerji və nəqliyyat sahəsində həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın bu sahədə regionda lider mövqeyini gücləndirmişdir. İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Cənubi Qafqaz Dəhlizi layihəsi Azərbaycan qazını Avropa bazarına çatdırmaqla enerji təhlükəsizliyinə mühüm töhfə vermişdir. Bu layihə həm də Azərbaycanın geostrateji əhəmiyyətini artırmışdır. 2022-ci ilin iyulunda Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və onun sürətli icrası nəticəsində Avropaya enerji ixracımız artmışdır. Bununla Azərbaycan “regionun enerji lideri” və “etibarlı tərəfdaş” statuslarını daha da möhkəmləndirmişdir.
Prezident İlham Əliyev ölkənin enerji siyasətində yalnız neft-qaz sektoruna deyil, həm də bərpa olunan enerji mənbələrinə diqqət yetirir. Xüsusilə, Qarabağda və Şərqi Zəngəzurda günəş və külək enerjisi layihələri icra olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, qlobal əhəmiyyətli təşəbbüslərin müəllifinə çevrilmişdir. 2011-ci ildə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun sübutudur. Həmçinin, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edərək bu platformada öz fəal mövqeyini nümayiş etdirmişdir. Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq qurumlarla əməkdaşlıq, eləcə də qardaş Türkiyə başda olmaqla dost dövlətlərlə əlaqələrin möhkəmləndirilməsi Prezident İlham Əliyevin xarici siyasətində prioritet istiqamətlərdən olmuşdur. Azərbaycan 21 il ərzində bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir ki, bu da ölkəmizin qlobal miqyasda rolunu daha da artırmışdır.
Prezidentimiz pandemiya ilə mübarizə dövründə qlobal həmrəylik prinsiplərini əsas götürərək öz liderlik keyfiyyətlərini nümayiş etdirmişdir. Qoşulmama Hərəkatının sədri olaraq onun təşəbbüsü ilə 2020-ci ildə BMT Baş Assambleyasında pandemiyaya həsr olunmuş xüsusi sessiyanın keçirilməsi Azərbaycan rəhbərinin beynəlxalq aləmdəki nüfuzunun təsdiqidir.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan mədəniyyət, elm, təhsil və idman sahələrində də əhəmiyyətli uğurlar əldə etmişdir. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Avroviziya Mahnı Müsabiqəsi və bir çox digər beynəlxalq tədbirlər ölkəmizdə uğurla təşkil olunmuşdur. 2013-cü ildə Azərbaycanın ilk süni peykinin orbitə buraxılması isə ölkəmizi kosmos sahəsində də söz sahibi edən tarixi nailiyyətlərdən biridir. 2023-cü il 2-6 oktyabr tarixlərində Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir. 74-cü konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunmuş, 36 ölkədən 150 kosmik qurum və şirkətin stendləri nümayiş edilmişdir.
2024-cü ildə Bakıda keçirilmiş COP29 İqlim Konfransı Azərbaycanın qlobal səviyyədə artan rolunun parlaq göstəricisidir. Cənab Prezidentin strateji baxışı və liderlik keyfiyyətləri sayəsində Azərbaycan təkcə enerji sektorunda deyil, həm də ekoloji davamlılıq və yaşıl enerji təşəbbüslərində qlobal əməkdaşlığa öncülük edir. COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin beynəlxalq tədbirlər üçün etibarlı mərkəz kimi tanınmasının, həmçinin Azərbaycanın qlobal ekoloji gündəlikdə aktiv rolunun təzahürüdür. Konfrans çərçivəsində, İtki və Zərər Fondu yaradılmış, Yaşıl Maliyyə Fondu təsis edilmiş, bərpa olunan enerji layihələrinə sərmayələr cəlb edilmiş , Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq İkiillik Şəffaflıq Hesabatları hazırlanmışdır. Bu mühüm tədbir Azərbaycanın qlobal problemlərin həllində fəal iştirak edən nüfuzlu ölkələr sırasında mövqeyini daha da möhkəmləndirmişdir.
Prezident İlham Əliyev, Yeni Azərbaycan Partiyasının sədri olaraq, partiyanın ölkədə əsas siyasi qüvvə kimi fəaliyyətini təmin etmişdir. Onun rəhbərliyi altında YAP modernləşmə və güclənmə prosesinə uğurla imza atmışdır. YAP-ın üzvlərinin sayının artması və partiyanın bütün sahələrdə fəallığının güclənməsi İlham Əliyevin siyasi strategiyasının səmərəliliyini göstərir
Ölkəmizdə Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğinə və milli dəyərlərin qorunmasına xüsusi diqqət ayırır. Heydər Əliyev Fondu və birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə bir çox beynəlxalq tədbirlər həyata keçirilmişdir. Qarabağın işğaldan azad olunmuş ərazilərindəki tarixi-mədəni abidələrin bərpası bu sahədəki siyasətin əsas prioritetidir.
Prezidentimizin çoxşaxəli fəaliyyəti Azərbaycanın güclənməsinə və xalqın rifahının artmasına yönəlmişdir. Onun rəhbərliyi ilə Azərbaycan regionda lider mövqeyə sahib olmaqla yanaşı, qlobal arenada da nüfuzlu aktora çevrilmişdir. Qarabağın azad edilməsi, neft-qaz sahəsində strateji uğurlar, beynəlxalq təşəbbüslər və sosial siyasət Prezident İlham Əliyevin uzaqgörən liderliyinin birbaşa nəticələridir.
Tam əminliklə demək olar ki, Prezdentimizin rəhbərliyi ilə Azərbaycan xalqı daha parlaq gələcəyə doğru addımlamaqda davam edəcəkdir.

Sübhan Xəlilov,
Sabirabad RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter