Hər bir dövlətin müstəqilliyi və suverenliyi onun dövlət rəmzlərində - bayrağında, gerbində və himnində ifadə olunur. Bayraq hər bir millətin və milli dövlətin mühüm atributiv rəmzlərindən biridir. Bu baxımdan bayraq, bütün xalqların və millətlərin timsalında müstəqilliyin və milli dövlətçiliyin əsası kimi səciyyələndirilir. Azərbaycan Respublikasının da özünün Dövlət Bayrağı vardır. Ulu Öndər Heydər Əliyev bu barədə demişdir: “Azərbaycan Bayrağı, sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. Bunu nəzərə alaraq Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiram əlaməti olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu gün ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Üçrəngli bayrağımızın şanlı tarixinə nəzər saldıqda qeyd etmək lazımdır ki, Azərbaycan xalqı əsrlər boyu müstəqil dövlət qurmaq, onun atributlarını qəbul edərək qoruyub saxlamaq arzusunda olmuşdur. Çünki, Azərbaycanın yerləşdiyi ərazinin geosiyasi əhəmiyyəti hər zaman böyük dövlətlərin buraya olan marağını artırıb və Azərbaycan uzun müddət bu dövlətlərin işğalına məruz qalaraq həmin güclərin bayraqları altında yaşamaq məcburiyyətində olub. Lakin, tarixinə, milli adət-ənənələrinə, zəngin mədəniyyətinə bağlılıq Azərbaycan xalqının dövlətşilik mübarizəsinin məhv olmasına imkan verməyib. Bu arzunun reallaşması üçün şans isə I Dünya müharibəsindən sonra yaranıb və xalqımız bu istiqamətdə tarixi addımlar atıb. Müstəqil dövlətimizin bayrağının qəbul olunması da yeni yaranmış Azərbaycan Xalq Cümhiriyyətinin tarixi ilə bağlı olmuşdur. Belə ki, üçrəngli bayrağımız haqqında ilk qərar Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən 1918-ci il noyabrın 9-da qəbul olunub və Nazirlər Şurasının binası üzərində qaldırılıb. Həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. Bu bayraq, 1920-ci ilin aprel ayınadək Azərbaycanın dövlət rəmzi statusuna malik olmuşdur.
Dövlət müstqilliyimizin rəmzi olan bayrağığzın rəngləri də istiqlal ideologiyamızın üç təməl prinsipini özündə ehtiva edir və “Türkçülük, müasirli və islamçılıq” disturunun müəllifi isə görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Belə ki, bayrağımızda əks olunan üç rəngdən mavi rəng – Azərbaycan xalqının türk mənşəli olması və türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng – müasirlik, azadlıq, inkişaf və müstəqilliyi tərənnüm edir. Yaşıl rəng – islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir. Bununla da üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirməklə xalqımızın mənliyini və kimliyini ifadə edən xüsusi atributdur.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı iknci dəfə dövlət rəmzi kimi 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ümummilli lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyasında salona gətirilmiş və Naxçıvan Muxtar Respublikasının bayrağı elan olunmuşdur. Bu barədə bayraqdarımız – Ümummilli Lider Heydər Əliyev demişdir: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən etdik. Hələ Kommunist Partiyası da var idi. Sovet hökuməti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq”. Milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ulu Öndər Heydər Əliyevin önəmli təşəbbüsü həm də ondan ibarət olmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci fevralın 5-də isə xalqın tələbi nəzərə alınaraq Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağı yenidən Dövlət Bayrağı elan etmişdir.
Ulu Öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərara dair öz fikiini belə bildirmişdir; “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. Doğrudan da bu hadisədən sonra Azərbaycan rəhbərliyi respublikamızın müstəqilliyi istiqamətində önəmli addımlar atmaq üçün inamlı imkanlar əldə etdi. Bunun məntiqi nəticəsi kimi 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı ilə Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını qəbul edib.
Hazırda Azərbaycan Respublikasının Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyimizi təcəssüm etdirir. Bu dövlət rəmzinin təsviri isə Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanunu ilə tənzimlənir. Dövlət rəmzi olan bayrağa hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur. Bu tələb Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsində öz əksini tapmışdır. Həmin maddədə qeyd edilir ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi isə müvafiq qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Eyni zamanda “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının 2004-cü il 6 iyun tarixli Qanunu qəbul edilmişdir. Bu Qanunla Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir.
Ceyran Xəlilova,
Sabirabad RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri