44 gün davam edən Vətən müharibəsinin şanlı Zəfər günlərindən biri olan 20 oktyabr 2020-ci il tarixində Zəngilan şəhəri erməni işğalından azad edilmişdir. Cənab Prezidentin tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə 2023-cü ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncamına əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi tariximizə yazılmışdır.
Zəngilan rayonu Zəngəzur qəzasında yerləşirdi. 1920-ci il 28 aprel tarixində bolşevik işğalından sonra Zəngəzur qəzasının yuxarı hissəsi bolşevik Rusiyasının təkidi ilə Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirildiyindən, Zəngəzurun yalnız Laçın, Qubadlı və Zəngilan bölgələri Azərbaycanın tərkibində qalmışdır. Zəngilan təbiəti, təbii sərvətləri, faydalı qazıntıları ilə olduqca zəngin rayonumuzdur. Zəngilanın mineral suları, qızıl yataqları, mərmər yataqları, çinar meşələri rayonun təbii zəngiliyindən xəbər verir. Qarabağ bölgəsində yerləşən digər qədim rayonlarımız kimi Zəngilan həm də tarixi-dini, memarlıq abidələri ilə məşhurdur.
Zəngilan həm İranla, həm də Ermənistanla həmsərhəd olduğu üçün həmişə ölkəmiz üçün böyük strateji əhəmiyyət daşımışdır. Çox təəssüf ki, belə mühüm strateji mövqedə yerləşən, təbbi və faydalı qazıntılarla zəngin olan rayonumuz 30 ilə yaxın müddətdə erməni işğalı altında qalmışdır. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar tam mühasirəyə düşmüşdür, mühasirəyə baxmayaraq zəngilanlılar bütün qüvvələri ilə ermənilərlə vuruşmuş, lakin tam mühasirə şəraiti sonda Zəngilanın da işğalına səbəb olmuşdur. Rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin ardından rayon əhalisi doğma torpaqlarından didərgin düşmüş, ölkəmizin digər şəhər və rayonlarında məcburi köçkün həyatına məhkum olmuşdur. Zəngilanın işğalı həm də rayonun faydalı qazıntılarının, təbii sərvətlərinin, erməni vandalları tərəfindən qanunsuz olaraq vəhşicəsinə istismar edilməsinə, təbiətə külli miqdarda ziyan vurulmasına, ağacların-meşələrin qırılması, çayların çirklənməsinə gitirib çıxarmışdır. Rayon ərazisindən axan Oxçuçayın çirkləndirilməsi tək ölkəmiz üçün yox, bütün region üçün böyük ekoloji fəlakət kimi qiymətləndirildiyindən dəfələrlə beynəlxalq platformalarda dilə gətirilmişdir.
44 günlük Vətən müharibəsinin gedişində Cəbrayıl və Füzulinin işğaldan azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun hüdudlarına çatmasına şərait yaratmış və Ordumuz uğurla həyata keçirilən Arazboyu döyüş əməliyyatlarından sonra erməniləri Zəngilanda ağır məğlubiyyətə uğradaraq rayonu azad etmişdir. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilmiş, Ordumuz cənub hissədə Ermənistanla sərhədə çıxmışdır.
Əlbəttə, bu döyüşlər və qələbələr itkisiz başa gəlməmişdir. Vətən Müharibəsi başa çatdıqdan sonra Zəngilan uğrunda gedən döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçularımız dövlət tərəfindən təltif edilmişdir. 6974 hərbi qulluqçumuz “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Müharibənin bitməsindən sonra bu günə kimi Zəngilanda təmir-bərpa, quruculuq işləri böyük sürət və keyfiyyətlə aparılır. İlk “ağılı kənd” pilot layihəsi məhz Zəngilanda icra edilib, Ağalı kəndində 200 evdən ibarət kənd salınıb və məskunlaşmağa başlanıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin və infrastruktur obyektlərinin inşa edilməsi nəzərdə tutulur.
Zəngilanın nəinki ölkəmiz, bütün region üçün böyük nəqliyyat-logistik əhəmiyyəti var. Rayonda artıq hava limanının tikintisi başa çatıb. Təməli qoyulan avtomobil və dəmir yolu layihələrinin böyük strateji əhəmiyyəti var. Zəngilanı Naxçıvanla ayıran Zəngəzur dəhlizinin açılmasına nail olmaq hazırda üzərində çalışdığımız ən mühüm işlərdən biridir. Cənab Prezident Zəngəzur dəhlizinin açılması üçün böyük əmək və əzm nümayiş etdirərək hər fürsətdə, iştirak etdiyi hər beynəlxalq platformada Zəngəzur dəhlizinin açılmasının bölgə üçün əhəmiyyətini, həm iqtisadi, həm tranzit baxımından regionumuza yeni imkanlar gətirəcəyini vurğulayır.
Şübhəsiz ki, Ordumuzun Qarabağ bölgəsində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçıların təslim olması, ərazilərimizdə qanunsuz yerləşdirilmiş silahlı birləşmələrinin zərərsizləşdirilməsi Zəngilan da daxil olmaqla bütün regionun sabitliyinə və inkişafına daha əlverişli şərait yaradacaq. Düşünürəm ki, bölgədə bərpa edilən sabitlik və sülh Zəngəzur dəhlizinin açılmasının sürətlənməsinə də yardım edəcək.
Seyidabbas Babayev,
Sabirabad RİH başçısının Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi