1993-cü ilin 30 oktyabrında Zəngilan şəhəri ermənilər tərəfindən işğal edildi. 30 ilə yaxın işğal dövründə digər rayonlarımızda olduğu kimi Zəngilan şəhəri də düşmən tərəfindən darmadağın edilmiş, burada yerləşən tarixi və dini abidələrimiz xüsusi qəddarlıqla məhv edilmişdir.
Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb.
Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri-Məmmədbəyli türbəsi, XIV əsrə aid Hacallı dairəvi bürcü, Yenikənd sərdabəsi, Səfəvilər dövründə tikildiyi ehtimal olunan və XVII-XVIII əsrə aid məscid, Bartaz qız qalası, Daş heykəllər muzeyi, Koroğlu daşı və sadalamaqla qurtarmayan tarixi əsərlərlə zəngin olmuşdur. Onlardan ən böyüyü «Şəhri Şərifan» adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır. Erməni barbarlığı nəticəsində bu möhtəşəm abidələr dağıdılmış və şəhər xarabalığa çevrilmişdir.
Zəngilan 2020-ci ilin 20 oktyabrında işğaldan azad olunduqdan sonra dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna gəldilər. Prezident İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı. Dövlət başçımızın tapşırığı ilə burada yenidənqurma və bərpa işləri aparılır.
Zəngilanın bütövlükdə təbiəti və təbii sərvətləri bu rayonu Azərbaycanın ən qabaqcıl rayonlarının birinə çevirmək üçün imkanlar verəcək. Belə ki, “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Artıq 2022-ci ilin may ayında burada inşa edilən 200 fərdi evə ilk sakinlər köçürülüb və bu il daha 150 ev tikilib.
Cənab Prezidentin tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncamına əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi tariximizə yazılmışdır. Bu il isə ilk dəfə Zəngilan şəhər günü qeyd edilir.
Həmçinin ərazidə böyük logistika layihələri də icra olunmaqdadır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər strateji əhəmiyyətli layihələrdən biridə uğunluğu 124 kilometr olacaq 6 zolaqdan ibarət Zəngilan-Horadiz avtomobil yoludur.
Sözsüz ki, burada icra olunan ən böyük layihə Zəngilan hava limanıdır. Zəngilan Beynəlxalq Hava Limanı azad edilmiş torpaqlarımızda ikinci hava limanı kimi tikilib. Zəngilan Hava Limanı eyni zamanda Azərbaycanın qədim tarixi torpaqları olan Zəngəzur və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək, həmçinin regionda da böyük, möhtəşəm bir logistik habın yaradılmasına imkan verəcəkdir.
Nəsir Mirzəliyev,
Sabirabad RİH başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri