Azərbaycanın öz daxili imkanları hesabına Qarabağda və Şərqi Zəngəzurda apardığı irimiqyaslı bərpa-quruculuq işləri qardaş və dost ölkələri nə qədər sevindirirsə, suverenliyimizin bərpasını həzm edə bilməyən dairələri bir o qədər məyus edir. Çünki Azərbaycan bu işləri görərkən bir çox beynəlxalq maliyyə institutlarını öz təsiri altında saxlayan həmin dairələrə müraciət etmir, onlardan kömək istəmir, ən başlıcası, özünü borclu və asılı vəziyyətə salmır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunmuş yaşayış kompleksinin açılışında iştirakı bədxahlarımıza həm də onun mesajıdır ki, təzyiq və təhdidlərə baxmayaraq, Azərbaycan Böyük Qayıdış Proqramını daha böyük əzmlə davam etdirəcək və suveren hüquqlarından heç vaxt imtina etməyəcək. Açılış tədbirinin məhz Cəbrayıl Şəhəri Günündə keçirilməsi, Prezident İlham Əliyevin tədbirdəki çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanı qərəzli şəkildə hədəf seçənlərə ən tutarlı cavabdır.
“Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına… Bu günə məyus olan və bu günü qəbul etməyən heç vaxt bizim dostumuz ola bilməz, bunu Azərbaycan xalqı bilməlidir. Açıq demək lazımdır, yəni diplomatik dillə qoy, diplomatlar danışsın. Mən Azərbaycan xalqına həmişə həqiqətləri demişəm, bütün dövrlərdə və bu gün də həqiqət bundan ibarətdir”.
Cəmiyyətimiz üçün artıq o da sirr deyil ki, başqalarının oyununda alət olmağa vərdiş etmiş, hər an sahibini dəyişməyə hazır olan Ermənistanı silahlandıranlar onu yenidən təhlükəli yola sövq edirlər. Amma bu, Ermənistana heç bir halda haqq qazandırmır. Çünki, maşa olmaq rolunu könüllü şəkildə özü seçib. Prezident İlham Əliyev Ermənistanı və onu silahlandıran hamilərini, Cənubi Qafqazı qlobal toqquşma məkanına çevirməklə burada söz sahibi olmağı arzu edənləri bir daha xəbərdar etdi:
“Bu gün Ermənistanı silahlandıran Qərb ölkələri görəsən nə fikirləşirlər? Hesab edirlər ki, biz buna göz yumacağıq? Yoxsa ki, biz gözləyəcəyik ki, bax, bu binalar da bu günə düşsün? Xeyr, gözləməyəcəyik. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik! Mən Ermənistana da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları!”
İstər bəsit erməni sevdasına görə, istərsə də cahil təəssübkeşlik zəminində Ermənistanın arxasında dayanan siyasi mərkəzlər, nəhayət, etiraf etməlidirlər ki, Azərbaycan ölkəmizə qarşı ərazi iddialarını nəzərdə tutan Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Minsk qrupundan imtina olunması ilə bağlı tələbində tam haqlıdır. Yalnız bu tələblərin reallaşması ədalətli və dayanıqlı sülhə xidmət edə bilər. Əgər bəzi dairələrin sözü ilə əməli üst-üstə düşmürsə, bu, sülh fürsətinə vurulan zərbə deməkdir. Bunu görməmək sadəlövhlükdür. Əgər kimsə hesab edirsə ki, Azərbaycan xalqının üzləşdiyi riyakar ayrı-seçkiliyə qarşı dözümü hüdudsuzdur, bu da növbəti və bağışlanılmaz sadəlövhlükdür!
Nadir Quliyev,
Sabirabad rayonu, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi