Prezident İlham Əliyevin 2023-cü il avqustun 26-da Laçın şəhərində “Laçın Şəhəri Günü” bayram tədbirində iştirakı, Həkəri çayının sahilindən verdiyi mesajlar düşmənlərimizə və onların havadarlarına bir xəbərdarlıq oldu.
İlk növbədə, 30 illik işğal dövründə daşı daş üstündə qoyulmayan, əksinə ciddi dağıntılara məruz qalan Laçında cəmi 8 aya şəhər salınması, həmin vaxt üçün 1000-dən çox Laçın sakininin doğma şəhərinə qayıdışının təmin olunması, il sonunadək isə daha 900 ailənin məskunlaşacağının bəyan olunması ilə Prezident İlham Əliyev dünyaya rəsmən göstərdi ki, geriyə yol yoxdur.
Laçın şəhəri, Zabux və Sus kəndləri hərbi Qələbəmizə əsaslanan siyasi məcburetmə formasında düşməndən azad edilib. Qanunsuz məskunlaşmış ermənilər aparılan işlər nəticəsində avqustun 25-də oradan çıxarılmışdır. Kapitulyasiya aktına müvafiq olaraq Azərbaycanın çevik tədbirləri nəticəsində vaxtından iki dəfə tez, 2022-ci il avqustun 26-da biz Zabux, Sus kəndlərinə və Laçın şəhərinə qayıtmışıq. Elə o zaman Prezident İlham Əliyev Laçın şəhərinə səfər edərək şəhərin mərkəzində Azərbaycan Bayrağını qaldıraraq “artıq bu doğma diyarımızda əbədi yaşayacağımızı” bəyan etdi.
2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
Prezident İlham Əliyev 2023-cü il avqustun 26-da “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında bu hadisəni xüsusi qeyd edərək demişdir: “23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.
Rusiya sülhməramlılarının himayəsində çoxsaylı alternativ kommunikasiya imkanları olan, eləcə də Laçın-Xankəndi yolunda yaradılmış şəraitdən sürətlə silahlanmaq və növbəti təcavüz aktına hazırlaşmaq üçün istifadə edən Ermənistan, özünün havadarlarının hərbi-siyasi dəstəyi ilə bu status-kvonu dəyişməkdə ümidli idi. Lakin Prezident İlham Əliyev iradə nümayiş etdirib suveren hüququmuz olan Laçın sərhəd-buraxılış məntəqəsini təsis etməklə həm bu bölgənin özünün, həm də regiondakı son sözün sahibinin kim olduğunu göstərdi. 2023-cü il avqustun 26-ı “Laçın Şəhəri Günü”ndə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının ifadə etdiyi kimi, heç bir çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Baş verənlər əslində Ermənistanı məhvə doğru aparır. “Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq”.
Həkəri sahilindən verilən bu bəyanat əslində Ermənistan rəhbərliyi üçün bir siqnal olmalıdır. Paşinyan Fransa timsalında üçüncü ölkələrdən onlara təlqin edilənlərlə regionda İlham Əliyevin yaratdığı reallıq arasında dərin uçurumu görməli, Bakının iradəsinə heç kimin təsir edə bilməyəcəyini, nəhayət ki, anlamalıdır. Ən azı Laçın ətrafında son bir ildə müşahidə olunan proseslər İrəvan üçün artıq dərs olmalıdır.
Prezident İlham Əliyevin Laçın səfərində diqqət çəkən digər məqam dövlət başçısının daha bir vədini yerinə yetirməsi vurğu oldu: “Prezidentin özünün ifadə etdiyi kimi, O, 50 yaşı tamam olanda Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində laçınlılara azad Laçında daha gözəl şərait vəd etmişdi. Etiraf edək ki, işğal altındakı rayonlarımız arasında azad edilməsi ən müşkül bölgə Laçın idi. Təbii-coğrafi mürəkkəblikdən əlavə Laçın Ermənistan və havadarları üçün siyasi rıçaq idi və azad olunması üçün yalnız güclü ordu kifayət etmirdi. Lakin güclü ordusu, kəskin diplomatik zəkası, mübahisəsiz üstün liderlik qabiliyyəti, ən əsası isə xalqın istisnasız inamı, sevgisi və dəstəyi ilə Prezident İlham Əliyev bütün vədləri kimi, bu vədinə də sadiq qaldı. Mehriban xanım Əliyevanın dünən sosial media hesabında Şərqi Zəngəzurdan paylaşımında ifadə etdiyi kimi, “Kəlbəcər və Laçında! Allaha min şükür!”
Möhtərəm Prezident bu dəfə isə elə Laçının özündən vəd verdi. “Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır”.
Sahil İmanov,
Sabirabad rayonu Bulduq kənd tam orta məktəbinin direktoru