26 avqust – azad, abad Laçının Şəhəri Günüdür, qürur günüdür. Belə ki, Laçın şəhəri günü Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində ötən ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri tviter səhifəsində (indiki "X" sosial şəbəkəsi) elan edib.
Dövlət başçısının ötən ilin bu günü paylaşdığı mətndə deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".
Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Artıq bir ildir ki, Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır.
Avqustun 26-da Prezident İlham Əliyev "Laçın Şəhəri Günü" ilə əlaqədar keçirilən bayram tədbirində çıxışı zamanı söyləyib ki, istər bu gün, istərsə də 44 gün davm edən müharibədə sübut etmişik ki, bizim iradəmizə heç kim təsir edə bilməz: "Bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik".
Bizə qarşı aparılan kampaniyanın, çirkin təbliğatın iradəmizə təsir edə, bizi yolumuzdan döndərə bilməyəcəyini xatırladan dövlətimizin başçısı vurğulayıb: "Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq".
Bəli, bu qələbə, bu uğur güclü ordumuzun və mərd və əyilməz xalqımızın birliyi, gücü nəticəsində əldə olunub. Çünki Azərbaycan xalqı Liderinə inanır və 30 il davam edən torpaq həsrətinə məhz xalqımızın inandığı Qaolib Lider, Ali Baş Komandan Prezident İlham Əliyev "Dəmir Yumruq" siyasəti ilə Güclü Ordumuzun qəhrəman əsgər və zabitlərinin igidliyi ilə düz 44 gündə son qoydu. Çünki Prezident İlham Əliyev nəyi, nə vaxt və necə etməyi özü bilir və yüksək tribunalardan, müsahibələrində, görüşlərində dəfələrlə vurğulayıb ki, nəyi, nə vaxt və necə etməyi özü bili: "Mən nəyi, nə vaxt və necə etməyi özüm bilirəm".
Bəli, dövlət başçımızın qətiyyətinə və prinsipiallığına inanan Azərbaycan xalqının böyük əksəriyyəti şübhə etmirdi ki, Prezident indiyədək bütün vədlərini yerinə yetirib, dediyi sözlərə əməl edib, bu sözünə də əməl edəcəkdir. Və 30 ilə yaxın işğal altında olan torpaqlarımızı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu işğaldan azad etdi. Beləliklə, Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsidir.
Elçin Gözəlov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi