Beynəlxalq aləmə sürətli inteqrasiya yolunu tutan Azərbaycan müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsi üçün ciddi səy göstərir. Məhz bunun nəticəsidir ki, hazırda bir çox böyük dövlətlə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu ölkələrdən biri də Rusiya Federasiyasıdır. Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bunu həm siyasi münasibətlər, həm də iqtisadi əlaqələrin göstəriciləri də birmənalı olaraq təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb.
Rusiya Azərbaycanın şanlı Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsini sonuclandıran 2020-ci il 10 noyabr Bəyanatının imzalanmasında mühüm rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə dövlətlərarası münasibətləri yeni mərhələyə - müttəfiqlik səviyyəsinə qaldırıb.
Elə məhz bu səbəbdən də avqustun 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərinə gəlib. Ertəsi gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib. Həmçinin hər iki dövlət başçılarının iştirakı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib. Sonra Prezidentlər mətbuata bəyanatla çıxışlar ediblər. Mətbuata bəyanatında Prezident İlham Əliyev bildirib ki, görüş zamanı dövlətlərarası münasibətlərin geniş spektri ətraflı müzakirə edilib. Xatırladaq ki, keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il iki dövlət arasında ticarət dövriyyəsi 4 milyard dollar civarını keçib.
Səfər zamanı dövlətlərarası münasibətlər üçün mütəsna əhəmiyyətə malik olan regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə edilib. Ölkə başçısı bildirib ki, Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir: « Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər.»
Vurğulanıb ki, 2024-cü il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutulub. Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Vurğulanıb ki, hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmayıb. Eyni zamanda, onlar Azərbaycan və Rusiya daşıyıcıları arasında bərabər bölünüb.
Prezident Vladimir Putin isə Moskva və Bakının birgə fəaliyyətinin istiqamətlərinin çox olduğunu vurğuladı. Onun sözlərinə görə, iqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil. Rusiya Prezidenti paytaxtımızın son illərdə daha da inkişaf etdiyini söyləyərək bildirib ki, Bakı yüksəlişi ilə bir növ regionun oazisinə çevrilir.
Göründüyü kimi, iki ölkə arasındakı çoxtərəfli əməkdaşlıq inkişaf edərək daha da dərinləşir. Bu da dostluq münasibətlərinin və müttəfiqliyin ruhuna uyğundur. Əminliklə demək olar ki, Prezident İlham Əliyevlə Vladimir Putinin siyasi iradəsi, liderlər arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində əlaqələr durmadan inkişaf edəcək.
Fatma Hüseynova,
Sabirabad rayonu Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı,
1 dərəcə Əmək ordenli