Aprelin 22-də Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə olub. Əvvəlcə iki dövlət başçılarının təkbətək görüşü keçirilib. Görüş zamanı ölkələrimiz arasında iqtisadi-siyasi sahələrdəki əməkdaşlıq əlaqələrinin müzakirəsi ilə yanaşı həm də bu il 50 illik ybileyi qeyd edilən Baykal-Amur Magistralının tikintisi və bu zaman Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətləri yad olunub.
Gürüşdə Prezident İlham Əliyev Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razı olduğunu bildirib. Azərbaycan dövlətinin başçısı vurğulayıb: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada – Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.
Səfər çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının (BAM) 50 illik yubiley tədbirində iştirak ediblər. Tədbirdə hər iki dövlətin rəhbərləri və dəmir yolu sahəsinin veteranları və işçiləri, tikintidə iştirak edən bir sıra şəxslər iştirak ediblər. Bu yubiley tədbiri BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyasının rəhbəri kimi bu nəhəng layihənin reallaşdırılmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin xatirəsinə və nümunəvi fəaliyyətinə göstərilən yüksək ehtiramın daha bir ifadəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərdiyi ehtirama görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib. Azərbaycan dövlətinin başçısı deyib: “Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə ehtiramla yanaşdığına görə Vladimir Vladimiroviç Putinə xüsusi təşəkkür sözləri ifadə edirəm. Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. 2001-ci ildə Vladimir Vladimiroviç Putin Azərbaycana səfər etdi və bu, bizim birlikdə keçdiyimiz uzun bir yolun başlanğıcı oldu”.
Qeyd edilməlidir ki, bu gün Rusiya Federasiyasının iqtisadi inkişafında əhəmiyyətli rol oynayan Sibir və Uzaq Şərqin təbii resursları məhz bu dəmir yolu ilə mərkəzi və Qərbi Rusiyaya, eləcə də xarici dövlətlərə ixrac edilir. Rusiyanın əsas neft-qaz yataqları, meşə və balıqçılıq, heyvandarlıq təsərrüfatları bu magistral boyunca yerləşir ki, bunların da daşınmasında, ixracında, eləcə də yerli xalqların maliyyə və sosial vəziyyətinin inkişafında BAM çox böyük rola malikdir. Bu magistralla ildə təxminən 180 milyon ton yük daşınır. Rusiyanın vaxtilə insan ayağı dəyməyən, ucu-bucağı görünməyən əyalətlərində BAM hesabına bu gün müasir şəhərlər yaradılıb. Bu yol Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib. Çin, Koreya Respublikası, Vyetnam, Hindistan və digər cənub Şərqi Asiya və Orta Asiya dövlətləri Avropa ilə ticarət əlaqələrini məhz BAM vasitəsi ilə qurublar. Rusiya mətbuatının yazdığına görə, 2030-cu ilədək BAM daha 3,5 min kilometr uzadılacaq, yeni stansiyalar tikiləcək.
1969-1982-ci illərdə Azərbaycana uğurla rəhbərlik edən, yüksək təşkilatçılıq qabiliyyəti və cəsarətli ideyaları ilə bütün SSRİ məkanında tanınan Heydər Əliyevin 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilməsi və noyabrın 24-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Məhz həmin mühüm vəzifədə çalışdığı dövrdə SSRİ-də ən mühüm və çətin layihələrə rəhbərliyin bilavasitə Ümummilli Lider Heydər Əliyevə həvalə olunması dahi şəxsiyyətin liderlik, idarəçilik və təşkilatçılıq qabiliyyətinin geniş şöhrət tapmasının göstəricisi idi. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev Baykal-Amur Magistralının həyata keçməsinə dəstək verən Siyasi Büro üzvlərindən biri idi. Sovet İttifaqında nəqliyyat sisteminin inkişafına xüsusi diqqət yetirən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin 1984-cü ildə magistral boyunca 10 günlük səfər etməsi ilə BAM-ın tikintisində ciddi dönüş yarandı.
Qeyd edilməlidir ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub.
Ulu Öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Göründüyü kimi, hazırda hər iki ölkə arasında bütün sahələrdə yüksək səviyyəli münasibətlər mövcuddur. Azərbaycan rəsmilərinin Rusiyaya, həm də Rusiya rəsmilərinin ölkəmizə səfərləri bunun bariz sübutudur. Heç şübhəsiz ki, 2024-cu il Azərbaycan-Rusiya münasibətlərinin inkişafında daha məhsuldar bir il kimi yadda qalacaq.
Kamran Mirzəyev,
Sabirabad bələdiyyəsinin sədri