Tarixi Zəfərimizdən sonra Şuşa Qlobal Media Forumu ənənəsinin yaradılması da mətbuatın cəmiyyətdə roluna verilən dəyərin, onlara diqqət və qayğının göstəricisidir: “İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumu 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağı, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyini, 3 beynəlxalq təşkilatı və 82 media qurumunu bir araya gətirdi. Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. Dövlət başçısı İlham Əliyev açılış mərasimindəki çıxışında bu məqamı xüsusi qeyd etdi ki, Qarabağın tacının dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri ikinci dəfə bir araya gətirməsi mühüm hadisələr sırasındadır.
Bu məkandan reallıqlarımızın beynəlxalq ictimaiyyətə çatdırılması özündə bütün məqamları ehtiva edir. Forumun mövzusuna diqqət yetirməklə günümüzün çağırışları aydın olur. Prezident İlham Əliyev çıxışında, həmçinin sualları cavablandırarkən dezinformasiyaların yaratdığı problemlərə diqqəti yönəltdi. 30 illik işğal dövrünün reallıqlarından bəhs edən cənab İlham Əliyev bildirdi ki, biz etnik təmizləmənin, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq Azərbaycanı dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində ölkəmiz beynəlxalq sanksiyalara məruz qaldı. 1992-ci ildə ABŞ konqresində ermənipərəst nümayəndələrinin səyləri nəticəsində Azərbaycana qarşı sanksiyalar tətbiq edildi. Yəni, bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır. O zaman beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi. Müstəqilliyini yeni bərpa etmiş ölkə idik və ciddi səylər göstərməli idik. Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Daha sonra dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir: “Ona görə də bu məsələyə yanaşmanın ən yaxşı yolu budur: 30 il müstəqil olan ölkə nə edə bilər? Sizin kimi şəxsləri Bakıya və bölgələrimizə dəvət etmək və bizim nə işlər gördüyümüzü, planlarımızı təqdim etmək, gözləntilərimizi sizə çatdırmaqdır ki, biz dövlət quruculuğunda nələrə nail olmuşuq. Məhz bu, ən səmərəli üsuldur.”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, dezinformasiyalar çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu xələl gətirmir. Eyni zamanda, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır.
Bütün hallarda Azərbaycanın tarixi həqiqətlərə, real faktlara əsaslanan siyasəti uğurlu nəticələrini verir. Azərbaycanın müstəqil xarici siyasəti, özünü təmin edən iqtisadiyyatı, tərəfdaşları ilə əməkdaşlığı hədəflərə addım-addım irəliləməsinə, yeni körpülər qurmasına stimuldu.
Şafiq Heydərov,
Sabirabad rayon Suvarma sistemləri idarəsinin rəisi