İyulun 6-da Şuşa daha bir mötəbər tədbirə ev sahibliyi edib. Bu dəfə Türk dünyasının nəbzi Qarabağın incisi olan Şuşada döyünüb. Söhbət Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündən gedir. Qeyd edək ki, qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi dövlət başçısının şəxsi təşəbbüsüdür. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.
Qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub. Şuşadakı görüşlərdə TDT-nin dövlət başçıları Azərbaycanın bir sıra beynəlxalq layihələrlə bağlı səylərini yüksək qiymətləndiriblər. Bu, “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”ndə əksini tapıb.
Bəyannamədə qeyd edilir ki, dövlət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsini, bu yol boyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi ilə bağlı Azərbaycanın, Gürcüstanın və Türkiyənin üçtərəfli səylərini qiymətləndirirlər. Həmçinin bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla türk dövlətləri arasında enerji sahəsində strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayır və Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi layihəsində (Yaşıl dəhliz) son inkişafları alqışlayırlar. Bu Bəyannamə ümumilikdə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.
Azərbaycan Türk Dövlətləri Təşkilatının iştirakçı ölkələri ilə möhkəm dostluq və qardaşlıq əlaqələrinə malikdir. Müstəqilliyin ilk illərində Mərkəzi Asiya dövlətləri bəzi səbəblərdən bu strukturun iştirakçısı kimi Azərbaycana gəlməyə çəkinsələr belə, artıq bu gün həmin ölkələrin dövlət başçıları azad edilmiş torpaqlara səfərlər təşkil edir, hətta buranın dirçəlməsinə öz töhfələrini verməyə çalışırlar. Böyük Qayıdış Proqramının icrasına dəstək olaraq Özbəkistan və Qazaxıstan tərəfindən Füzulidə məktəb və yaradıcılq mərkəzləri, Qırğızıstan Respublikası tərəfindən Ağdamda məktəb, Cəbrayıl rayonunun yaşayış məntəqələrindən birində isə Macarıstanın maliyyə dəstəyilə məktəb inşa ediləcək. Göstərilən bu təşəbbüslər türk birliyinin, qardaşlıq həmrəyliyinin təzahürüdür.
Türk dünyasının birləşməsində mühüm rol oynayan amillərdən biri də nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsidir. Yeni çağırışlar fonunda əhəmiyyəti hər ötən gün artan Orta Dəhlizin fəaliyyətində Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə səy göstərir. Azərbaycan da öz növbəsində Orta Dəhlizin inkişafı üçün önəmli işlər həyata keçirir.
Kamran Mirzəyev,
Sabirabad bələdiyyəsinin sədri