Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərə gəlib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib.
Səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar. Sonra “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Mərasimin sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçısı İlham Əliyev Slovakiya Respublikasının Baş naziri Robert Fitson ilə birgə mətbuata bəyanatında bir daha vurğuladı ki, iki ölkənin münasibətlərində yeni səhifə açılır. “Ümid edirəm ki, bizim müştərək yolumuz çox uğurlu olacaq”, – deyə dövlətimizin başçısı vurğulayıb. Bildirilib ki, bu gün imzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrində imzalanmış sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılib.
Tədbirdə ölkəmizin başçısı Robert Fitsonu Slovakiyanın Baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə bir daha təbrik edib, bildirib ki, onun Baş nazir vəzifəsində yenidən fəaliyyətə başlamasından dərhal sonra konkret addımlar atılıb. Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur. “Yüksəkvəzifəli şəxslər Slovakiyadan Azərbaycana və Azərbaycandan Slovakiyaya səfərlər etmişlər və bu gün biz hörmətli qonağımızı qəbul edirik”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Görüşdə energetika sektorundakı əməkdaşlıq məsələləri geniş müzakirə edilib. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümid edilir ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılıb.
Prezident İlham Əliyev mətbuata bəyanatında deyib ki, Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacağını söyləyən dövlətimizin başçısı bildirib ki, bu, Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. “Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq”, – deyə Prezident vurğulayıb.
Hazırda Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlanılıb. Eyni zamanda, Azərbaycanın genişmiqyaslı yaşıl gündəliyi də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması ölkəmizə qaza qənaət etmək imkanı yaradacaqdır. Təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaqdır.
Həmçinin bildirilib ki, Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında konkret danışıqlara da artıq start verilib.
Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Belə ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. “Bu da təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək”, – deyə dövlətimizin başçısı bildirib.
Müzəffər Qasımov,
Sabirabad RİH başçısının Moranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi