Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın vəfatından 39 il ötür. 15 aprel 1985-ci ildə bizi tərk edən Zərifə xanımın Azərbaycan xalqı, tibb elmi qarşısında xidmətləri o qədər böyük və məzmunludur ki, biz onu təkcə bu gün deyil, hər gün xatırlamalı oluruq. Onun yazdığı elmi monoqrafiyalar, kitablar həkimlərimizin masaüstü vəsaitlərinə çevrilib. 62 il yaşamasına baxmayaraq, Zərifə xanım mənalı ömrü və zəngin elmi yaradıcılığı ilə dünyaya nümunəvi Azərbaycan qadını obrazını canlı surətdə təqdim edə bilmişdi. Ailə dəyərlərinə bağlı, vəfalı həyat yoldaşı, nəzakətli ana və şəfqətli həkim olan Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətinə qısa nəzər salmaq kifayətdir ki, onun Azərbaycan xalqı üçün nə qədər faydalı işlər gördüyünü söyləyəsən.
28 aprel 1923-cü ildə qədim Naxçıvanın Şahtaxtı kəndində - görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Onun ata evində görüb-götürdüyü tərbiyə, dəyərlər sonralar həyat yoluna işıq salacaqdı. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi. O, ən çətin dönəmlərdə belə respublikanın birinci şəxsinə arxa-dayaq oldu.
1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi
Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professor, Görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.
Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. Z.Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqa” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
Təəssüflə qeyd etmək lazımdır ki, milli kadr hazırlığı prosesində fəal iştirak edən, M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadın - Zərifə xanım Əliyeva həyatdan tez köçüb.
Ulu Öndər Heydər Əliyevin Zərifə xanım Əliyeva haqqında səsləndirdiyi yüksək fikirlər Azərbaycan kişisinin öz xanımına necə dəyər verməsinin sübutudur.
“Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”, deyə Dahi Lider bildirib.
Onun ömrünün son aylarını oğlu, möhtərəm prezidentimiz İlham Əliyev belə xatırlayır: "Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi. Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.
Dövlət və xalq qarşısında əvəzsiz xidmətləri ilə yanaşı, bizə torpaqlarımızı işğaldan azad edib qürurumuzu özümüzə qaytaran dövlət başçısı bəxş edən Akademik Zərifə xanım Əliyevanın xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Bu gün Zərifə xanının ruhu şaddır. Çünki onun dünyaya gətirdiyi, təlim-tərbiyə verdiyi övlad – Cənab İlham Əliyiyev Azərbaycan xalqının xilaskarı adını qazanıb. O, son 200 illik Azərbaycan tarixinin yeganə müzəffər Ali Baş Komandanıdır. Odur ki, xalqımız Vətənə xilaskar sərkərdə yetişdirən ANA-nın xatirəsini daim uca tutacaqdır!
Elçin Nəsibov,
Sabirabad rayonu "Muğanın Səsi" qəzetinin baş redaktoru