XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, işğalçı ölkənin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.
Azərbaycanın Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz düz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq
Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamaqla təslim olduğunu rəsmən təsdiqlədi. Döyüş meydanından məğlub ayrılan düşməndən qənimət kimi götürülmüş silah-sursatdan böyük bir “muzey” də təşkil olundu. Bütün bunlar həm Ermənistana, həm də onun havadarlarına ibrət dərsi olmalı idi. Lakin ermənilər onlara himayədarlıq edənlərin fitvası ilə yenidən Azərbaycanın ərazisində təxribatlar törətdi, minalar basdırdı və dinc əhalinin, o cümlədən hərbçilərimizin qətlinə bais oldular. Dünya ictimaiyyətinə dəfələrlə bəyan edilmişdi ki, üçtərəfli Bəyanatın 4-cü bəndi kobudcasına pozulur, qanunsuz erməni silahlı qüvvələri Azərbaycan ərazisindən hələ də çıxarılmır, hərbi fəaliyyətləri davam edir və ərazilərimiz minalanır. Bu ədalətsizlik və beynəlxalq hüququn normalarına hörmətsizlik Ermənistanı getdikcə quduzlaşdırır, polis əməkdaşlarının və mülki əhalinin ölümünə səbəb olan növbəti mina terrorları həyata keçirilirdi..
Ardı-arası kəsilməyən terror aktları Azərbaycanın səbir kasasını daşdırdı və Qarabağda lokal xarakterli antiterror tədbirlərinin vaxtı çatdığına işarə oldu. Antiterror tədbirləri zamanı 90-dan artıq döyüş mövqeyi və bir sıra strateji əhəmiyyətli obyektlər Ordumuzun nəzarətinə keçdi. . Bundan başqa, 7 avtomobil, 1 tank və 4 minaatan və 2 piyada döyüş maşını qənimət kimi götürüldü. Azərbaycan Ordusu qarşısında cəmi bir sutka davam gətirə bilən silahlı ermənilər yenə də yalvarmağa, ah-zar etməyə başladılar və bu dəfə də “zavallı” maskasında peyda olmağa çalışdılar. Ancaq özü yıxılan ağlamaz. Erməni silahlıları 3 il əvvəlki məğlubiyyətdən sonra dərk etməli idilər ki, onlar Azərbaycan Ordusundan qat-qat zəifdirlər. Üzərilərinə götürdükləri öhdəliklərə əməl etməli idilər.
Bu dəfə də şər-böhtana, yalana əl ataraq dünya ictimaiyyətini inandırmağa çalışdılar ki, guya Azərbaycan mülki erməni əhalisini hədəfə alıb. Prezidentin xalqa müraciətində səsləndirdiyi fikirlər ermənilərin bu yalanlarını alt-üst etdi. Prezident İlham Əliyev həmin müraciətində açıq şəkildə bəyan etdi: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır”.
Antiterror tədbirlərinin nəticəsi də təsdiqlədi ki, Qarabağ bölgəsində yaşayan erməni əhalisi hərbçilərimizin hədəfi deyildi. Qarabağda antiterror tədbirlərinin keçirilməsi bizim haqqımız idi. Antiterror əməliyyatının həm hərbi, həm də siyasi məqsədi var idi. Antiterror tədbiri o zaman sonlanmalı idi ki, separatçı rejim rəhbərliyi , onların hərbi qanadı da təslim olduqlarını deməli idilər. Vətən müharibəsindən sonra rəsmi İrəvan sülh müqaviləsini imzalamaqdan qaçmaqla bu əməliyyatı sürətləndirirdi. Antiterror əməliyyatı nəticəsində artıq separatçı rejim təslim olduğunu açıq şəkildə bəyan etdi və bu rejimi təmsil edən “rəsmilər”in Azərbaycan Prezident Administrasiyasının təklif etdiyi Yevlax şəhərində planlaşdırılan danışıqlarda iştirakı da bunu təsdiqlədi. Separatçı rejim Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qaldı. Ayrı yolları yox idi.
Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinə dair mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq bildirir ki, bölgədə davamlı əmin-amanlıq üçün ErmənistanAzərbaycanın ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası prosesi başlanılmalı, sülh müqaviləsi də imzalanmalıdır.
Dünya birliyi gördü ki, Azərbaycan yalnız haqq-ədalət tələb edir. Düşmən torpaqlarımızdan qeyd şərtsiz çıxmalıdır. Azərbaycan ərazi bütövlüyünü təkbaşına, öz daxili potensialı, liderinin qətiyyəti, ordusunun şücaəti ilə həll etdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir, zirvəsidir. Şanlı Zəfər müstəqillik tariximizin ən parlaq səhifəsidir. Bu Zəfərin sayəsində şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru