2023-cü il 24 noyabr tarixində Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilmişdir.
Məlumat üçün qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 26 mart 1998-ci ildə Mərkəzi Asiya ölkələrinin prezidentləri və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) icraçı katibləri tərəfindən imzalanmış Daşkənd Deklarasiyası ilə yaradılmışdır. Hazırda SPECA-nın iştirakçı ölkələri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Əfqanıstandır. UNECE və ESCAP SPECA-nın Proqram çərçivəsində fəaliyyətlərinə birgə ümumi dəstək verirlər. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığı və onun dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirməkdir.
Bu il SPECA-nın yaradılmasının 25-ci ildönümüdür. İlk dəfə olaraq Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə üzv dövlətlərin zirvə görüşü keçirilmişdir. Bakıda keçirilən Zirvə görüşündə Proqrama üzv dövlətlərin dövlət və hökumət başçıları ilə yanaşı Gürcüstan və Macarıstanın hökumət başçıları və Körfəz Əməkdaşlıq Şurasının Baş katibi də iştirak etmişdir.
Proqramın yaradıldığı illərdə müstəqilliklərinin ilk dönəmlərini yaşayan üzv dövlətlər ötən bu qısa müddətdə gözləgörülən uğurlar əldə etmişlər. Geridə qalan dövr ərzində Proqram çərçivəsində qarşılıqlı uğurlu əməkdaşlıq əlaqələri nəticəsində bu gün üzv dövlətlər arasında ticarət dövriyyəsi artmış, ikili və çoxtərəfli siyasi və iqtisadi əlaqələr güclənmişdir.
Cənab Prezidentin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündəki çıxışında da qeyd etdiyi kimi dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət almasına baxmayaraq, bu gün SPECA-ya üzv ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür.
Bu gün Azərbaycan və SPECA-ya üzv olan digər dövlətlər istər bir-birləri, istərsə də digər dövlətlərlə qurduqları əlaqələrdə hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər çərçivəsində bərabərtərəfli əməkdaşlıq əlaqələri qururlar.
Azərbaycan istər regional, istərsə də beynəlxalq səviyyədə əməkdaşlıqda etibarlı partnyor olmaqla yanaşı üzv olduğu və ya qoşulduğu təşkilatların işinə müxtəlif istiqamətlərdə töhvə vermişdir. Məhz bu məqsədə xidmət edən daha bir nümunə kimiAzərbaycan tərəfindən BMT-nin himayəsi altında təsis edilmiş SPECA Etimad Fonduna dəstək məqsədilə 3,5 milyon ABŞ dolları məbləğində yardım ayrılmasının nəzərdə tutulmasınıgöstərə bilərik.
20-24 noyabr 2023-cü il tarixlərində Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsiçərçivəsində İşçi Qruplarının iclasları, İqtisadi Forum, SPECA Rəhbər Şurasının 18-ci sessiyası keçirilmişdir. Proqramın xidmətyönümlü, çevik və strateji platformaya çevrilməsinə dəstək məqsədilə “SPECA regionunun qlobal bağlantı qovşağına çevrilməsi” başlığı altında təşkil olunan SPECA 2023 İqtisadi Forumunda SPECA bölgəsində yaşıl enerji bağlılığı, nəqliyyat bağlantısı, təchizat zəncirində məlumatların rəqəmsal transformasiyası və sənəd mübadiləsi mövzularında geniş müzakirələr aparılmışdır.
Mircamal Həşimov,
H.Z.Tağıyev adına 6 saylı Sabirabad şəhər tam orta məktəbinin direktoru