• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdəndir

  • 28.11.2023, 11:00, Baxış sayı:
  • 226
Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdəndir

Azərbaycanın müxtəlif sahələri əhatə edən beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi ölkəmizin bütün sahələrdə təkmil təcrübəyə malik olmasının təsdiqidir. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən birinci Zirvə görüşü də bu baxımdan diqqətçəkəndir. Prezident İlham Əliyev Zirvə görüşündə bu məqamlara da diqqəti yönəltdi ki, SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşıda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb. Dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var ki, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.
Ümumilikdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsi vacib yer tutur. Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafı diqqətdən kənarda qalmır.
Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra bölgədə tamamilə yeni reallıqlar yaratdı. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir.
Dövlət başçısı İlham Əliyev Zirvə görüşündə bu məqamlara da xüsusi diqqət yönəltdi ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.
Zirvə görüşünə fəxri qonaq qismində qatılan Macarıstanın Baş naziri Viktor Orban ilə dövlət başçısı İlham Əliyevin görüşündə qeyd olundu ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri siyasi, iqtisadi, geosiyasi baxımdan vahid məkanı özündə əhatə edir. Ölkələrimiz arasında iqtisadi inteqrasiya daha da dərinləşir, Mərkəzi Asiyanı Xəzər dənizi və Qara dəniz ilə birləşdirən nəqliyyat, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə yeni əməkdaşıq layihələri və platformaları inkişaf etdirilir. Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasiminin Macarıstanla birgə həyata keçirilməsinin böyük əhəmiyyətə malik olduğu qeyd edildi, bu layihənin macar şirkətlərinin iştirakı ilə icra olunacağı vurğulandı.
Zirvə görüşündə Qazaxıstan, Qırğızıstan, Tacikistan prezidentləri də iştirak etdilər. Üzv və fəxri qonaq qismində iştirak edən ölkələrin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynayan Zirvə görüşündə növbəti mərhələdə qarşıda dayanan hədəflər açıqlandı. Azərbaycanın iqtisadi inkişafını rəqəmlər vasitəsilə diqqətə çatdıran dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, tədbir əlaqələrimizin inkişafına yeni təkan verəcək.
Azərbaycanın nəqliyyat və tranzit imkanları əlaqələrin inkişafında öz sözünü deyir. Prezident İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 22-də Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak etmişdir. Paytaxt Bakının Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi ölkəmizin imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. 1998-ci ildə yaradılan proqrama Azərbaycan 2002-ci ildə qoşulub və birliyin fəal üzvlərindəndir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Təkmil inkişaf modeli ilə dünyanın diqqətində olan Azərbaycan bu əməkdaşlığa davamlı töhfələri ilə diqqətdədir və bu proses bundan sonra da davam etdiriləcək. Ölkəmizin dünya təcrübəsinə əsasən müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyası bugünkü uğurlarımızın əsasıdır. Azərbaycan beynəlxalq arenada iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi yerini və rolunu möhkəmləndirir.

Vüsalə Həsənova,
5 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter