Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması Ulu Öndərimizin əziz xatirəsinə ehtiramın ali nümunəsidir. "Heydər Əliyev İli" çərçivəsində keçirilən hər bir tədbir əbədiyaşar Öndərimizin siyasi fəaliyyətinin hər bir mərhələsinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. "Heydər Əliyev İli" peşəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Ulu Öndərin müqəddəs mənəvi varlığı və müstəqil dövlətçiliyimiz qarşısında hesabat ili olacaqdır.
Tariximizin yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının və bəşəriyyətin tarixinə daxil olub. Ümummilli liderin 30 ildən artıq Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü tarixi xidmətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən bu böyük şəxsiyyətin keçdiyi şərəfli ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər müasirlərimiz, eləcə də gələcək nəsillər üçün əsl örnəkdir.
Ulu Öndər Heydər Əliyevin adının hörmətlə çəkilməsi onun beynəlxalq siyasətə təsir imkanlarının tükənməzliyi ilə bağlıdır. Rəvan nitqi, hadisələri qavrama qabiliyyətinə görə həmkarları arasında seçilən Ulu Öndər hakimiyyətinin bütün dövrlərindəki fəaliyyəti ilə özünəinamı, qələbənin formulunu şəxsi keyfiyyətlərində formalaşdırdı, təkmilləşdirdi. İllərin təcrübəsi göstərir ki, təfəkkürü, intuisiyası ilə fərqlənən müdrik şəxsiyyət Heydər Əliyev biri-birini tamamlayan, insanları ardınca apara bilmək bacarığının ən ali zirvəsi olan varislik qanununun da müəllifidir.
İnsanlarla ünsiyyəti sevən fenomen dahi Heydər Əliyev üçün “nə etməli”, “nədən başlamalı” suallarının məntiqi nəticəsi, əbədi cavabı “uğur” olmuşdur. Onun mübarizələrlə dolu həyat yolunun mənası zirvələrə yüksəlmək istəyi olub. Bu baxımdan tam əminliklə demək olar ki, türk birliyinin, dünya azərbaycanlılarının əvəzolunmaz lideri Heydər Əliyevin şəxsində qələbə formulu özünün ən yüksək ifadəsini tapmışdır. Hələ gənclik illərində adı belə insanları vahiməyə salan Dövlət Təhlükəsizliyi Komitəsinin ciddi təzyiqlərinə baxmayaraq sevgisinə sadiq qalan, Azərbaycana rəhbərlik etdiyi ilk mərhələdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı dövrdə, Naxçıvan MR Ali Məclisinin Sədri olduğu zamanlarda, 1993- 2003-cü illərdəki fəaliyyəti ilə yenidən xalqı arxasınca aparmaqla Ümummilli Lider adını qazanan Heydər Əliyev ən çətin məqamlarda olmazı var edərək ağlının, zəkasının qüdrəti ilə çətinliklərə qalib gəldi. Azərbaycanın dövlət atributlarını bərpa etməklə müstəqilliyimizin əbədiliyinə imza atdı.
1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra müstəqil respublikanın Prezidenti kimi Azərbaycana rəhbərlik edən Heydər Əliyevin əsas tarixi xidməti “Əsrin müqaviləsi” təşəbbüsünü reallaşıdırması oldu. 1994-cü ildə Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycanın “qeyri-sabit, riskli ölkə” kimi tanındığı bir zamanda ən iri maliyyə korporasiyalarının, neft şirkətlərinin Azərbaycana sərmayə yatırması ulu öndər Heydər Əliyevin şəxsi nüfuzunun dünyada təsdiqinin ifadəsi idi. Neft gəlirlərindən səmərəli , şəffaf istifadə üçün yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fonduna toplanılan vəsaitin ölkə iqtisadiyyatının inkişafına, sosial sahələrdə aparılan islahatlara yönəltməklə əhalinin güzəranının yaxşılaşdırılması Ulu Öndərin dövlətçilik təcrübəsinin nəticəsi idi.
O dövrdə keçmiş sovetlər məkanında Gürcüstanda, Moldovada ərazi ilə bağlı münaqişələr olsa da, Dağlıq Qarabağ probleminin ilk olaraq beynəlxalq səviyyəyə çıxarılması Heydər Əliyev qətiyyətinin, siyasətinin, iradəsinin böyük uğuru idi. 1994-cü ildə ATƏT-in Lissabon sammitində 53 ölkənin dövlət başçısı (Ermənistandan başqa) Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı təklifə səs verdi. Onun siyasəti, dünyada artan nüfuzu sayəsində dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq faktını tanıdı. Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə canından keçməyə hazır olduğunu bildirən ulu öndər Heydər Əliyev üçün torpaqlarımızın bütövlüyünün qorunması ən müqəddəs borc idi.
Ulu öndər Heydər Əliyevin ideyalarının davam etdirilməsi Azərbaycanı qüdrətli dövlət kimi tanıdır. O ideyalar ki, bu gün onun siyasi məktəbinin yetirməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilir. “Biz beynəlxalq aləmdə fəal siyasət apararaq Azərbaycanı tanıtmaq istiqamətində böyük işlər görə bildik. İqtisadi islahatlar, onların təməli məhz o illərdə qoyulmuşdu. O vaxt ölkə iqtisadiyyatının inkişafı üçün xarici sərmayənin cəlb edilməsi əsas şərt idi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bunu da bacardı. O illərdə Azərbaycana cəlb olunan xarici sərmayə demək olar ki, həmin dövrdə və hətta bu gün də ölkəmizin iqtisadi inkişafını şərtləndirən əsas amillərdən biridir” söyləyən Prezident İlham Əliyev 1993-2003-cü illəri Azərbaycanda aparılmış böyük işlərin təməli adlandırır. Müəllifi ulu öndər Heydər Əliyev olan Azərbaycan bu siyasətə sadiq qalaraq uğurla, inamla inkişaf edir, güclü ölkəyə çevrilir.
Azərbaycan Resbublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə digər igid Vətən oğulları kimi, mənim də iştirak etdiyim 44 günlük savaşdan sonra qazandığımız tarixi Qələbə həm də dahi şəxsiyyətin Azərbaycanla bağlı ən böyük arzusunun həyata keçdiyinin təsdiqi idi.
Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi şəhərinə, Xocalıya və işğaldan azad edilmiş digər bölgələrə səfəri və həmin ərazilərdə Dövlət Bayrağını ucaltması, eləcə də bu bölgələrdə həyata keçirilən islahatlar, erməni separatçıların aldıqları layiqli cəza, həmçinin Qarabağ bölgəsinin çiçəklənməsi ilə bağlı layihələr bunu söyləməyə əsas verir ki, Ulu Öndərin dediyi kimi, Azərbaycanın dövlət müstəqilliyi daimidir, dönməzdir və əbədidir.
Elvin SƏFƏRLİ, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Şirvan ərazi şöbəsinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun aparıcı məsləhətçisi