1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu Öndər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.
Heydər Əliyev addım-addım, səlis diplomatik gedişlərlə xarici siyasətdəki bütün bu boşluqları doldurdu. Öncə yaxın çevrədə münasibətlər möhkəmləndirildi. 1993-cü ilin sentyabrında Azərbaycan MDB-yə üzv oldu, ölkə bu formatda zəruri iqtisadi əlaqələrlə yanaşı, işğalçı Ermənistana qarşı ən azı siyasi tribuna əldə etdi. Bununla yanaşı, Rusiya ilə münasibətlər düzəlməyə başlandı.
1993-cü ilin dekabrında Heydər Əliyev Prezident postunda ilk xarici səfərini Parisə etdi. Erməni lobbisinin güclü olduğu, Avropada mühüm sözə malik Fransa tədricən Azərbaycanla yaxınlığın strateji dəyərini (o cümlədən neft layihələrində) gördü.
1994-cü ilin fevralında Türkiyəyə səfər edən Ulu Öndər iki ölkənin strateji tərəfdaşlığının tarixi formulunu bəyan etdi: «Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir». Türkiyə ilə münasibətlərdəki dərin düşünülmüş çox ağıllı dəyişikliklər isə ölkəmiz üçün, həm də ümumiyyətlə, ümumtürk birliyinin inkişaf edərək möhkəmlənməsi üçün çox əhəmiyyətli oldu. Bu işdə Prezident Heydər Əliyevin Türkiyəyə səfərləri mühüm rol oynadı.
İstanbulda keçirilən türk sammitində Mərkəzi Asiya respublikaları ilə səmimi dostluq bağları quruldu. Yenə həmin il BMT TŞ-nin beş daimi üzvündən biri olan Çin Xalq Respublikasına səfərlə xarici siyasətin daha bir mühüm vektoru təmin edildi. Ardınca Belçikada NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına imza atıldı və Azərbaycanın Avroatlantika məkanına inteqrasiyasının təməli qoyuldu. Cənub qonşumuzla qarşılıqlı etimada söykənən münasibətlərə yol açan Tehran səfəri gerçəkləşdi. Səudiyyə Ərəbistanına səfər ərəb dünyası ilə sıx əlaqələrə zəmin yaratdı, Mərakeşdə gerçəkləşən İKT sammitində müsəlman ölkələri Qarabağ məsələsində Azərbaycana tam dəstək verdi.
Ümumilikdə bir ilin içində Azərbaycanın xarici siyasətində əsas dəngələr düzəldildi. Bu xüsusda 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi”ni ayrıca qeyd etmək gərəkdir. Heydər Əliyevin böyük strateq kimi tarixi uzaqgörənliyinin nəticəsi olan bu anlaşma Azərbaycanın təkcə iqtisadi dirçəlişinin deyil, uzunmüddətli beynəlxalq münasibətlərinin də “yol xəritəsi”dir. Azərbaycan bu müqaviləyə və digər neft-qaz layihələrinə ABŞ, Britaniya, Fransa başda olmaqla Qərb dövlətlərini, qonşu Rusiyanı, İranı, Türkiyəni, İslam dünyasında mühüm söz sahibi Səudiyyə Ərəbistanını, hətta uzaq Yaponiya və Çini cəlb etməklə enerji diplomatiyasını xarici siyasətdə əsas güc alətinə çevirdi.
Belə nəticəyə gələ bilərik ki, Azərbaycanın regional və qlobal siyasətin müstəqil mərkəzi olmasında, Heydər Əliyev tərəfindən müəyyən edilmiş çoxvektorlu xarici siyasət kursu həlledici rol oynamışdır. Həmin məqam ölkəmizin dinamik inkişafı üçün geniş perspektivlər açır.
Firəngiz Cəfərova,
Sabirabad rayonu Nizami kənd uşaq bağçasının müdiri