İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan qüdrətli Azəbaycan Ordusu növbəti qələbəsini qazandı. Belə ki, ordumuz sentyabrın 19-da Qarabağ iqtisadi zonasında keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Cəmi bir günə əldə edilən Qələbə separartçı və terrorçu rejimin sonunu gətirmiş oldu. Bu tarixi zəfərimizlə sübut etdik ki, Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan dövləti Ermənistanla münasibətlərin normallaşması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin imzalanması prosesinə həmişə sadiq olub. Belə ki, ölkəmiz postmüharibə dövründə də bu istiqamətdə bir neçə önəmli addımlar atıb. Lakin qarşı tərəfdən adekvat cavablar alınmayıb. Ancaq bununla belə, Azərbaycan dövləti son günlərədək Qarabağ regionundakı etnik ermənilərin Azərbaycan vətəndaşları kimi reinteqrasiyası, ölkə Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində bütün hüquq və azadlıqlarının təmin olunması üzrə səylər göstərmişdir. Son olaraq Qarabağdakı erməni sakinlərə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni anda istifadə etməklə Beynəlxalq Qızıl Xaç Komitəsinin yük avtomobilləri ilə malların çatdırılmasın təşkil etmək Azərbaycanın gərginliyin azaldılmasına verdiyi digər töhvə idi.
Lakin təəssüflə qeyd edilməlidir ki, Azərbaycanın bu humanist davranışlarına baxmayaraq işğalçı Ermənistan bütün vasitələrdən istifadə edərək ölkəmizin suverenliyini və ərazi bütövlüyünü hədəf almaq, ərazilərimizdə separatizmin mövcudluğunu qoruyub saxlamaq cəhdlərini davam etdirib. Məsələn, son günlərdə delimitasiya olunmamış sərhəddə və Qarabağ regionunda hərbi təxribatlar, Azərbaycan ərazilərində qeyri-qanuni yerləşdirilmiş 10 min hərbi qüvvəyə maliyyə, hərbi, texniki yardımlar, ərazilərimizin minalanması, Azərbaycanın və xarici ölkələrin mülki təyyarələrinə qarşı radio-elektron müdaxilə halları, «blokada», «humanitar böhran» kimi əssasız iddialar və siyasi şantaj, qeyri-qanuni rejimə təbrik mesajları, qondarma separatçı rejimin «prezident seçkiləri» Ermənistan tərəfindən normallaşma prosesini pozmağa yönəlmiş təxribatçı addımlar idi.
Bəli, ölkəmizin suverenliyi və ərazi bütövlüyü məsələsi xalqımız üçün müqəddəs və əzizdir. Ona görə də bu lokal antiterror tədbirlərinin bir məqsədi var idi- Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, Qarabağdakı terrorçu qrupların və Ermənistan ordusunun tör-töküntülərinin kökü birdəfəlik kəsilsin. Xüsusilə mülki vətəndaşlarımızın həyatı qorunsun. Eyni zamanda, bu lokal antiterror tədbirləri həm də bölgəyə sülhün gətirilməsi üçün çox vacib idi. Artıq bu istiqamətdə ilk addımlar atılmağa başlanılıb. Belə ki, Qarabağdakı erməni icmasının nümayəndələri ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun Yevlaxda görüşü keçirilib.
Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciət edərək antiteror tədbirlərinin başlanma səbəbləri və nəticəsi barədə məlumat verib. Müraciət məzmun və xarakterik cəhətdən humanizmə söykənib. Xüsusilə müraciətdə ölkəmizin başçısı Qarabağda yaşayan erməni əslli vətəndaşlara yeni bir şans verildiyini bildirib: «Əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul ediləcək. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa və gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir… İndi isə əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər.»
Ali Baş Komandanımız müraciətində bir daha vurğulayıb ki, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır: «Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur.»
Ölkəmizin başçısı müraciətində erməni xalqına və Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına daha bir humanist çağırış edib və onları inandırmağa çalışıb ki, bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş bütün cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq: « Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar.»
Bəli, ordumuzun bir günlük lokal antiterror tədbirlərində tarixi Qələbəsinin yaratdığı reallıqlar ölkəmizə yeni geosiyasi üstünlüklər vəd edir. Xüsusilə revanşist ermənilər və onların havadarları artıq dalana dirənmiş vəziyyətdədirlər. Ancaq buna baxmayaraq hələ də bölgədə pozuculuq hərəkətlərini davam etdirməyə çalışırlar. Prezident müraciətində onlara da həddini belə bildirb: «Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik.»
Vüqar Kərimov,
Sabirabad rayonu Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri