Azərbaycan dövləti Ermənistanla münasibətlərin normallaşması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin imzalanması prosesinə həmişə sadiqdir. Belə ki, ölkəmiz postmüharibə dövründə də bu istiqamətdə bir neçə önəmli addımlar atıb. Dakin qarşı tərəfdən adekvat cavablar alınmayıb. Ancaq bununla belə, Azərbaycan dövləti son günlərədək Qarabağ regionundakı etnik ermənilərin Azərbaycan vətəndaşları kimi reinteqrasiyası, ölkə Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində bütün hüquq və azadlıqlarının təmin olunması üzrə səylər göstərmiş və göstərməkdə davam edir. Son olaraq, Qarabağ regionundakı erməni sakinlərə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni anda istifadə etməklə Beynəlxalq Qızıl Xaç Komitəsinin yük avtomobilləri ilə malların çatdırılmasınv təşkil etmək Azərbaycanın gərginliyin azaldılmasına verdiyi digər töhvə idi.
Lakin təəssüflə qeyd edilməlidir ki, Azərbaycanın bu humanitar davranışlarına baxmayaraq işğalçı Ermənistan bütün vasitələrdən istifadə edərək ölkəmizin suverenliyini və ərazi bütövlüyünü hədəf almaq, ərazilərimizdə separatizmin mövcudluğunu qoruyub saxlamaq cəhdlərini davam etdirib. Məsələn, son günlərdə delimitasiya olunmamış sərhəddə və Qarabağ regionunda hərbi təxribatlar, Azərbaycan ərazilərində qeyri-qanuni yerləşdirilmiş 10 min hərbi qüvvəyə maliyyə, hərbi, texniki yardımlar, ərazilərimizin minalanması, Azərbaycanın və xarici ölkələrin mülki təyyarələrinə qarşı radio-elektron müdaxilə halları, “blokada”, “humanitar böhran” kimi əsassız iddialar və siyasi şantaj, qeyri-qanuni rejimə təbrik mesajları, qondarma separatçı rejimin “prezident seçkiləri” Ermənistan tərəfindən normallaşma prosesini pozmağa yönəlmiş təxribatçı addımlardır.
Xatırlatmaq lazımdır ki, Azərbaycan dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin öz mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Məhz buna görə də sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları və terror hücumları nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak olub və yaralanıblar.
Bütün bunlara cavab olaraq, sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq antiterror tədbirlərinə başlayıb. Bu tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək, ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədinə xidmət edir. Azərbaycanın müdafiə nazirliyi bəyan edir ki, görülən lokal anti-terror tədbirlərin hədəfi yalnız qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur. Mülki əhali heç bir halda hədəf deyildir.
Bəli, ölkəmizin suverenliyi və ərazi bütövlüyü məsələsi xalqımız üçün müqəddəs və əzizdir . Bu məsələdə Ali Baş Komandan İlham Əliyevlə xalqın birliyi sarsılmaz bir qüvvədir və düşmənə ağır zərbələr vurmağın mühüm mənbəyidir. Bu lokal anti-terror əməliyyatların bir məqsədi var- Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, Qarabağdakı terrorçu qrupların və Ermənistanın ordusunun tör-töküntülərinin kökü birdəfəlik kəsilsin. Xüsusilə mülki vətəndaşlarımızın həyatı qorunsun. Eyni zamanda, bu lokal anti-terror əməliyyatları həm də bölgəyə sülhün gətirilməsi üçün çox vacibdir.
Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru