“Euronews” telekanalının Azərbaycan və Ermənistan dövlət başçılarından fərqli zamanda və fərqli məkanlarda aldığı müsahibələri bir format çərçivəsində yayımlaması geniş ictimai marağa səbəb olub. İlk növbədə, ona görə ki, Ermənistanın ölkəmizə qarşı ərazi iddiası səbəbindən üç onillik ərzində faktiki müharibə vəziyyətində yaşamış və iki müharibədən keçmiş xalqların sülhə nə qədər hazır olması daha böyük auditoriyada maraq doğurur. “Euronews”-un format seçimi imkan verdi ki, beynəlxalq ictimaiyyət hər iki dövlət başçısının eyni suallarla bağlı fikrini, problemlərə yanaşma tərzini öyrənə bilsin. Təşkilati və texniki baxımdan formatlar fərqli olsa da, bu müsahibə 2020-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan dövlət başçıları arasında təşkil olunmuş ilk ictimai debatı yada saldı. Vətəndaş təəssübkeşliyini kənara qoyub, bu dəfə də xüsusi məmnunluq hissi ilə deməliyəm ki, Prezident İlham Əliyevin cavabları həqiqətə və reallıqdan irəli gələn praqmatik siyasətə söykəndiyinə görə səmimiliyi və obyektivliyi ilə fərqlənirdi. Nikol Paşinyan isə Münhendə olduğu kimi, bu müsahibədə də ifrat populizmə söykənən, reallıqdan uzaq olan fikirləri ilə yadda qaldı. Sanki o, erməni cəmiyyətinin qatı revanşist hissəsini və ağır məğlubiyyətdəki şəxsi iştirak payını nisbətən yumşaltmaq üçün mövcud həqiqətləri populist fikirlərinin arxasında gizlətməyə çalışırdı.
Ermənistan baş nazirinin bir-birini təkzib edən ziddiyyətli açıqlamaları üzərində geniş dayanmaq istəməsəm də, ikisi o qədər qabarıq idi ki, onlardan yan keçə bilmədim. Tarixən ermənilərin dediklərinə və etdiklərinə göz yumduğumuza, onlara güzəşt etdiyimizə görə, qarşı tərəfin sonradan nə qədər böyük yalanlara müəlliflik etdiyini dərhal sezməkdə çətinlik çəkməli olmuşuq. Ermənistanın indiki baş naziri, bir tərəfdən, bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, o biri tərəfdən isə “Dağlıq Qarabağ” ifadəsinə görə ölkəmizin haqlı etirazını qəbul etmədiyini bildirir. Ermənistan rəhbərliyi ya dərk etmir, ya da dərk etmək istəmir ki, əgər o, ərazi bütövlüyü ilə bağlı bəyanatında səmimi olsaydı, Azərbaycanın inzibati-ərazi bölgüsü siyasətinə də hörmətlə yanaşmalı idi. Çünki bu siyasətin özü də istənilən ölkənin süveren hüquqlarının tərkib hissəsidir. N.Paşinyanın müsahibəsində sağlam məntiqə sığmayan ikinci ziddiyyətli məqam isə bundan ibarətdir: o, bir tərəfdən deyir ki, ölkəsinin Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur, digər tərəfdən isə, oğlunun və həyat yoldaşının müharibədə iştirak faktını fəxrlə qeyd edir. Belə çıxır ki, N.Paşinyan müharibədə uduzana qədər ölkəmizə qarşı ərazi iddiası mövqeyində olub, savaş meydanında “Dəmir Yumruğu” gördükdən sonra isə bu fikrindən daşınıb. Onun və siyasi komanda üzvlərinin mövqeyində, həqiqətən, ciddi transformasiya baş vermiş olsaydı, N.Paşinyan ailə üzvlərinin işğalçı müharibədə iştirak etməsi ilə bu qədər öyünməzdi. Paşinyanın mövqeyində köklü dəyişikliyin baş verdiyinə və ölkəmizə qarşı ərazi iddiasından birdəfəlik imtina etdiyinə inanmaq həm də ona görə çətindir ki, müharibədən az əvvəl “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını içtimai şəkildə səsləndirən elə onun özü olub. Əgər Ermənistanın hökumət başçısı “yeni ərazilər uğrunda yeni müharibə” ilə bağlı hərbi doktrinasından guya bu cür tezliklə və belə asanlıqla imtina etməyə qadirdirsə, kim təminat verə bilər ki, o, indi dediyini sabah təkzib etməyəcək? Çünki bunun işartılarını göstərən rüsvayçı təcrübə də mövcuddur. N.Paşinyan Moskva-Brüssel-Vaşinqton formatında keçirilən hər görüşdən sonra, görüş məkanından asılı olaraq, öz mövqeyini dəfələrlə dəyişib və əvvəlki bəyanatlarından riyakarcasına imtina edib. Elə bu cür səbəblərə görə cəmiyyətimizdə haqlı sual yaranır: ona və onlara inanmaq olarmı? Ermənistanın baş naziri nüfuzlu media platformalarından biri hesab olunan “Euronews“-a müsahibəni erməni dilində verdi. Ona görə yox ki, o, ingilis dilində danışa bilmir. Münhen Təhlükəsizlik Konfransında N.Paşinyan “qol-qıçını” sındırsa da, uydurma erməni tarixinin mifik qəhrəmanlarını məhz ingilis dilində yada salmışdı. “Euronews”a müsahibəsində isə erməni dilinə üstünlük verdi. Çünki N.Paşinyan daxili auditoriyadan, erməni cəmiyyətindən çox narahatdır və o, öz mesajlarını daha çox onlara çatdırmaq, onların qulağını “oxşamaqla” üzləşdiyi ictimai qınağı nisbətən yumşaltmaq məqsədini güdürdü.
Prezident İlham Əliyev isə dünyada “çirkli” informasiya təbliğatının və feyk məlumatların geniş yayıldığı indiki dövrdə nüfuzlu televiziya kanalının imkanlarından maksimum istifadə etdi. Dövlətimizin başçısı dünya ictimaiyyətinə regionun reallığını olduğu kimi və böyük çoxluğa daha yaxın olan ingilis dilində çatdırdı. Azərbaycan Prezidenti bildirdi ki, Ermənistanın öz öhdəliklərindən, o cümlədən Naxçıvan ilə kommunikasiya yaratmaq öhdəliyindən yayınmasına, Laçın yolundan humanitar niyyətdən uzaq olan məqsədlər üçün istifadə etməsinə baxmayaraq, Azərbaycan beynəlxalq hüquq normaları əsasında irəli sürdüyü sülh gündəliyinə sadiqdir. Prezident İlham Əliyev birinci Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikrini “Euronews“-a müsahibəsində də təsdiq edərək bildirdi ki, ayrı-ayrı vasitəçilər formatının bir-biri ilə rəqabət aparmasına baxmayaraq, Azərbaycan ədalətli nəticədə maraqlıdır. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin bu mesajı iştirakçı siyasi mərkəzlərin diqqətindən yayınmayacaq: “Əslində, prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Nəticəyə gəlmək vacibdir… Əgər sağlam rəqabət olarsa, onun yalnız yaxşı nəticələri olacaq”.
Dövlətimizin başçısı həm Ermənistan ictimaiyyətinə, həm də Qarabağdakı erməni azlığına mühüm mesajlar verdi. Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistanın ölkəmizə qarşı 30 il ərzində davam etdirdiyi işğalçılıq siyasətinə, törətdiyi çoxsaylı müharibə cinayətlərinə, tarixən azərbaycanlılara qarşı apardığı etnik təmizləmələrə və Qarabağda törətdiyi vandallıq aktlarına baxmayaraq, Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamağa hazırdır. Heç şübhəsiz ki, Azərbaycan Prezidentinin bu mesajını dünya birliyi də eşitdi və ölkəmizin sülh gündəliyinə sadiq olduğunu bir daha gördü. Bununla yanaşı, Prezident İlham Əliyevin növbəti mesajı da Ermənistanı və ona havadarlıq edən dairələri ciddi düşündürməlidir. Mənim konkret olaraq bu vəziyyətdə Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır.
Tural Yaqubov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi