• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

2023-cü ilin altı ayı ərzində əsas hədəflərimiz olan qeyri-neft sektorunun inkişaf etdirilməsi

  • 14.07.2023, 10:41, Baxış sayı:
  • 116
2023-cü ilin altı ayı ərzində əsas hədəflərimiz olan qeyri-neft sektorunun inkişaf etdirilməsi
Əsası Ulu Öndər tərəfindən qoyulan uğurlu sosial-iqtisadi, siyasi, mədəni inkişaf bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın əldə etdiyi uğurların səbəbi isə 2003-cü ildən bu günümüzə qədər ardıcıl, çoxşaxəli, bir-birini tamamlayan nəticələrə əsaslanır. Təbii ki bu inkişafın başlıca səbəbi düzgün, şəffaf və məqsədyönlü islahatların aparılması və nailiyyətlərin əldə olunmasıdır.
Uzun illər Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, habelə bir çox sosial problemlərin ardıcıl şəkildə həllini və xalqın maddi rifahının yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini və insan kapitalının davamlı inkişafını təmin etməkdədir.
Bunu iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısının söylədiyi fikirlər bir daha təsdiq edir.
Cənab Prezident çıxışında qeyd etmişdir ki, 2023-cü ilin altı ayı ərzində əsas hədəflərimiz olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və Zəngəzur iqtisadi rayonunun bərpası olmuş, bu sahələrdə kifayət qədər irəliləyiş əldə olunmuşdur. Qeyri-neft sənayemiz 6,5 faiz artıbdır və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.
Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi büdcəyə əlavələr edilməsinə şərait yaratmış, investisiya layihələrinin icrası üçün münbit şərait yaranmışdır. Ölkə büdcəsinin 36 milyard manatdan artıq müəyyən edilməsi buna inamla yanaşmağa imkan verir.
Sosial-iqtisadi inkişafda dövlətin xüsusi rolu, neft sərvətinin dinamik inkişafa səmərəli və ağıllı inteqrasiyası, dövlət investisiyalarının yüksək həcmi iqtisadi quruculuğun birinci mərhələsindəki başlıca məqsədlərin – ölkənin tarixi coğrafi sərhədlərini bərpa etməklə dövlət suverenliyinin və milli təhlükəsizliyin möhkəmləndirilməsi, daxili ictimai-siyasi sabitliyin və ictimai konsolidasiyanın təmin edilməsində mühüm rol oynamışdır.
Ölkə başçısının qeyd etdiyi kimi bu gün əsas prioritet məsələrdən biri Qarabağın və Şərqi Zəngəzurun bərpası məsələləridir. Buna görə də büdcənin dürüstləşdirilməsi zamanı bütövlükdə 3 milyard manatdan çox vəsaitin 1,8 milyard manatı Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə yönəldilmişdir.
Son altı ayda büdcə balansının müsbət istiqamətdə inkişafını qeyd edən cənab Preident bildirmişdir: “Müsbət məqamlardan biri və bu da xüsusilə qeyd olunmalıdır. Çünki bir çox ölkələrdə, hətta ölkələrin əksəriyyətində biz tamamilə başqa mənzərə görürük. Amma bizdə xarici ticarət balansımızın müsbət - yəni, profisiti çox böyük səviyyədədir. Ölkələrin böyük əksəriyyəti daha çox idxal edir, nəinki ixrac edir. Bizdə isə bu, tam əksinədir və ilin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır. Əgər bu templər qorunsa, təsəvvür edin, biz ilin sonuna qədər hansı rəqəmlərə çatacağıq. Təbii ki, bunun birbaşa təsiri makroiqtisadi sabitliyin təmin edilməsinədir. Makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Yəni, bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Bizdə isə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir.”
Böyük Qayıdış proqramının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi də diqqət çəkən məqamlardan biridir. Talış kəndinə və Laçın şəhərinə əhalinin qaytarılması və məskunlaşdırılması bu qəbildəndir. Ölkə başçısı bildirmişdir ki, “Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq.”
Dünyada gedən proseslər fonunda Azərbaycanın tutduğu mövqeni şərh edən cənab Prezident bildirmişdir: “dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz demək olar ki, bunu hər gün görürük, hər gün. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ölkələr deyəndə mən bütün böyük ölkələri nəzərdə tuturam. Necə deyərlər, hərəsi öz xətti ilə ya konvensiyaları pozur, ya beynəlxalq hüquq normalarını pozur, ya da oturuşmuş beynəlxalq davranış qaydalarını pozur və bunu heç gizlətmir də. Ona görə, əlbəttə ki, biz, ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışdıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır. Mən demişəm, iki istiqamət üzrə - hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq.”
Göründüyü kimi, bu gün ölkə başçısının mövqeyi ilk öncə dövlətimizin suverneliyinin, müstəqilliyinin qorunmasına, hərbi təcavüzün hər cür təzahürünə qarşı mübarizəyə yönəlmişdir. Eyni zamanda iqtisadi inkişafa nail olmaqla sosial məsələlərin həlli istiqamətində atılan addımlar öz bəhrəsini veməkdədir. Cənab Prezidentin çıxışından aydın oldu ki, bundan sonra da insan kapitalının davamlı inkişafı və yeni keyfiyyətə transformasiyası mühiti daha da təkmilləşəcək, milli iqtisadiyyatda innovasiyaların sürətlə mənimsənilməsi üçün zəruri ekosistem formalaşacaq, ölkənin yaşıl enerji məkanına çevrilməsi və ətraf mühitin sağlamlaşması prosesləri sürətlənəcəkdir.

Tural Yaqubov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter