• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Zamanın fövqündə dayanan insan qisməti

  • 08.05.2023, 21:06, Baxış sayı:
  • 145
Zamanın fövqündə dayanan insan qisməti
Mayın 10-da Azərbaycan xalqının böyük oğlu, Ümummilli Liderimiz, müstəqilliyimizin banisi, dövlətçiliyimizin memarı, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur.
Xalqın, Vətənin, ərazi bütövlüyümüzün taleyini həmişə düşünən və onu sonsuz məhəbbətlə sevən, bütün həyatını Azərbaycanın tərəqqisinə, çiçəklənməsinə həsr edən hər bir insanın adı qədirbilən xalqımızın yaddaşında daima əbədiləşəcəkdir. Zamanın, xalqın genetik yaddaşına hopmaq, bütün zamanlarda əbədiyaşar statusu qazanmaq heç də hamıya müyəssər olmur. Belə bir xoş taleli ömür yaşamaq qisməti zamanın fövqündə dayanmağı bacaran insanlara qismət olur. Belə insanlardan biri, mübaliğəsiz olaraq birincisi dahi insan, xalqın Ümummilli Liderinə çevrilmiş Ulu Öndərimiz Heydər Əliyev olmuşdur. İllər keçsə də dahi rəhbərin dövlətimiz və dövlətçiliyimiz naminə gördüyü çox mühüm işlər hər bir azərbaycanlının qürur, şərəf mənbəyinə çevriləcək, xatırlanacaq. Ulu Öndərimizin təkcə “Anam məni Azərbaycan üçün dünyaya gətirib” kəlamı onun kimliyini, amalını, mənəvi dünyasının dərinliyini açmağa bəs edərdi. Bu kəlam həm də hər bir azərbaycanlıya örnək üçün deyilmiş fəlsəfi bir düşüncə məktəbidir.
Heydər Əliyevin həyat və fəaliyyəti xalqı üçün yaşamağın, onun naminə bütün çətinliklərə sinə gərməyin parlaq timsalıdır. Mustafa Kamal Atatürk deyirdi: - “Ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardir”. Belə parlaq şəxsiyyətlərdən biri Tanrının xalqımıza bəxş etdiyi böyük siyasi xadim, müdrik dövlət başçısı, milli köklərə bağlı alovlu vətənpərvər, dünya azərbaycanlılarının birlik simvolu Ümummilli Liderimiz Heydər Əliyevdir. O, məhz belə xoş taleli insanlardandır.
Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi ən parlaq sima olub nəinki bizim xalqımız, eyni zamanda, bütün türk dünyası, tərəqqipərvər bəşəriyyət tərəfindən böyük şəxsiyyət, mahir siyasətşi, müdrik dövlət xadimi kimi qəbul edilir və qiymətləndirilir.
Heydər Əliyevin Azərbaycana ən böyük xidməti müasir Azərbaycan dövlətini yaratmasıdır. Haqlı olaraq bu gün real düşünə bilən hər bir kəs bugünkü Azərbaycanı və Azərbaycan dövlətini Heydər Əliyevin şah əsəri adlandırırlar. Heydər Əliyev hələ Sovetlər dönəmində, Azərbaycanın SSRİ adlanan bir imperiyanın müstəmləkəsi olduğu bir vaxtda hakimiyyətdə olarkən gələcək müstəqil Azərbaycanın taleyini düşünmüş, gələcəkdə müstəqilliyimizin dayanıqlı olması üçün nə vacibdirsə onun əsaslarını yarada bilmişdi. İmperiyanın “millətçi” damğasının nə olduğunu hamıdan yaxşı bilən bir şəxs üçün gördüyü bütün işlər məncə cəsarət yox, xalqının gələcəyi naminə böyük bir qəhrəmanlıq nümunəsidir, fədəkarlıqdır. Bəlkə də o illəri, o illərin yaratdığı çətinliklərə rəğmən Ulu Öndərimiz fəxrlə deyirdi ki, “Mən ömrümü xalqıma həsr etmişəm”. Ulu Öndər bu yolda heç nədən çəkinmədən, qorxmadan düşüncələrində yaratdığı Azərbaycana, azərbaycançılığa doğru inamla, şərəflə addımlamışdı. Cəsarətlə deyə bilərəm ki, Ulu Tanrı Azərbaycanı çox sevdiyindən Azərbaycanın xilaskarı olacaq bir şəxsiyyəti-Heydər Əliyevi xalqımıza bəxş etmişdi.
Xalqın təkidi ilə Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı xalqımızı və dövlətçiliyimizi düşmənlərimizin məkirli siyasətindən qurtarmış oldu. Almaniyanın siyasi xadimlərindən biri olmuş Villi Vimmerin dediyi bənzətmə çox yerinə düşür: - “İndi Azərbaycan II dünya müharibəsindən çıxmış Almaniyanı, Prezident Heydər Əliyev isə kansler Adenaueri xatırladır. Adenauer “alman möcüzəsi”ni yaratdığı kimi Heydər Əliyev də dünyada analoqu olmayan “Azərbaycan möcüzələri”nin əsaslarını yaratdı.
ABŞ-nın keçmiş dövlət katibi Madlen Olbrayt H.Əliyev haqqında demişdi :- “Cənab Prezident H.Əliyev Corc Vaşinqtona bərabər şəxsiyyətdir”. Fransada yaşayan həmyerlimiz türkoloq alim İren xanımın dediyi kimi “H.Əliyev tarixin yetişdirdiyi güclü şəxsiyyət və böyük siyasi xadimdir”. Onun elmin və incəsənətin bütün sahələrində yüksək intellektə sahib olması heç kimə sirr deyil. Ulu Öndərimizin siyasi texnologiyaları bundan sonra hələ neçə yüzilliklərlə diplomatiya aləminin istinad nöqtəsinə, araşdırma mənbəyinə çevriləcəkdir. Ulu Öndərimizin ən kritik bir məqamda çox soyuqqanlı bir şəkildə siyasi rəqiblərini mat qoymaq bacarığı hamını heyrətləndirirdi. Bu gün Heydər Əliyev irsini tədqiq edən hər bir şəxs başa düşür ki, Heydər Əliyev fenomenini tam açmaq onlara qismət olan bir iş deyil. O irs hansı zaman olursa olsun həmişə öyrənmək üçün yeni ideyalarla zəngin olacaqdır.
Ulu Öndərin hakimiyyətə yenidən qayıdışı Azərbaycanı bölünməkdən, parçalanmaqdan, xaosdan xilas etdi. Azərbaycançılığın, sosial ədalətin, demokratiyanın, milli həmrəyliyin, siyasi varisliyin təməlini qoydu. 1994-cü il sentyabrın 20-də xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyev dühasının incilərindən biridir. 1999-cu ilin noyabrında ATƏT-in İstanbul sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında sazişin imzalanması Azərbaycana nə qədər iqtisadi dividentlər gətirdisə, ondan da dəfələrlə çox siyasi dividentlər gətirməkdədir.
Azərbaycan XX əsrin əvvəlində qazandığı dövlət müstəqilliyini yalnız 1991-ci il oktyabrın 18-də bərpa etsə də, əslində xalqımız üçün həyati əhəmiyyəti olan bu böyük tarixi hadisənin bünövrəsi Heydər Əliyevin 1969-cu ildə respublikanın siyasi rəhbərliyinə gəlişi ilə qoyulmuşdu. Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrünü əhatə edən 1969-1982-ci illər ölkəmizin inkişafının intibah dövrü olmuşdur. Əgər həmin dövrdə Azərbaycan istər sosial-iqtisadi, istərsə də ictimai-mədəni sahələrdə dinamik və güclü inkişaf yolu keçməsəydi, demokratik idarəetmənin ilk cücərtiləri meydana gəlməsəydi, milli-mədəni dəyərlərimizə qayıdışın əsası qoyulub inkişaf etdirilməsəydi, biz bərpa etdiyimiz müstəqilliyimizi tam reallaşdıra bilməzdik. Keçən əsrin 70-ci illərinin intibahı olmasaydı 80-ci illərin sonu, 90-cı illərin əvvəllərinin milli-azadlıq mücadiləsinin ölkəni bürümüş vüsəti də mümkün olmazdı.
Bu gün ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələri şəbəkəsi, güclü elmi-pedaqoji kadr korpusu öz inkişaf mənbəyini məhz ötən əsrin 70-ci illərində ölkəmizdə baş vermiş sürətli yüksəlişdən, Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılmış uzaqgörən və məqsədli siyasətdən almış, həyata keçirilən qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olmuşdur. Təhsil sahəsində ardıcıl aparılan dövlət siyasəti nəticəsində təhsilimiz yeni inkişaf pilləsinə qalxmış, əhalinin mədəni və intellektual səviyyəsi yüksəlmişdir. Heydər Əliyev ölkədə sosial-iqtisadi və mədəni yüksəlişə gedən yolun məhz təhsildən keçdiyini dərindən bildiyi üçün təhsilin inkişafına xüsusi önəm verirdi. Ulu Öndər müstəqilliyimizin təhsilimiz üçün yaratdığı imkanları qiymətləndirərək deyirdi: “Dövlət müstəqilliyinin xlqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq öz təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq”.
Ulu Öndərin təhsil sahəsində yeritdiyi siyasətdə məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi mərkəzi yer tutmuşdur. Ümummilli Liderimizin imzaladığı “Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməyə keçməsi haqqinda” qərarını isə şagirdlərə və bütün Azərbaycan xalqına böyük töhfəsi kimi qiymətləndirmək olar. Həmin qərarla 1978-ci ildən başlayaraq ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərlə pulsuz təminatına keçirilmişdir.
Təhsil sahəsində, eləcə də digər bütün sahələrdə olduğu kimi Heydər Əliyev siyasi kursunun siyasi varisliyi möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməkdədir. Məhz İlham Əliyev cənablarının Prezidentliyi zamanı şagirdlərimizin yenidən pulsuz dərsliklərlə təmin olunmasına başlanıldı.
Müəllim əməyinə yüksək qiymət verən Ulu Öndərimiz deyirdi: “Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir”.
Xalqın müdrik oğlunun öz millətinə, onun təhsilinin inkişafına göstərdiyi misilsiz xidmətlərdən biri də keçən əsrin 70-80-cı illərində xeyli azərbaycanlı gənci ölkədən kənara, keçmiş SSRİ-nin ən nüfuzlu məktəblərinə oxumağa göndərməsi idi. Heydər Əliyevin tarixi xidmətlərindən biri də hərbi milli kadrların yetişdirilməsi siyasətidir. Belə ki, onun respublikaya siyasi rəhbərliyi dövründə hər il yüzlərlə gənc keçmiş SSRİ-nin böyük təcrübəyə malik ali hərbi məktəblərinə oxumağa göndərilirdi. Uzaqgörən Ümummilli Lider hələ o illərdə respublikamızın özündə də milli hərbi kadrların hazırlanması barədə fikirləşirdi. Tezliklə bu fikrini də reallığa çevirdi. Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb yaradıldı.
İftixar hissi ilə qeyd etmək olar ki, bu gün müstəqil Azərbaycanımızın Milli Ordusunda xidmət edən zabitlərin əksəriyyəti məhz Heydər Əliyevin xeyir-duası ilə o dövrdə təhsil almağa göndərilən məzunlardır.
1969-1982-ci illərdə Azərbaycanın şöhrətinin artması, onun bütün dünyada tanınması, eyni zamanda xalqımızın elm, təhsil və mədəniyyətinin, tarixi adət və ənənələrinin təbliği istiqamətində həyata keçirilən tədbirlər də azərbaycançılıq və soy-kökə qayıdış ideyalarının dirçəlməsində mühüm yer tuturdu. Azərbaycan dilinin ilk dəfə Dövlət dili kimi elan olunması və onun 1978-ci il Konstitusiyasında təsbit edilməsi də Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. O dövr üçün bu, son dərəcə cəsarətli addım idi.
Heydər Əliyevin 1982-1987-ci illərdə SSRİ-nin siyasi rəhbərliyində ali vəzifələrdən birini tutması onun fəaliyyətinin milli məzmununa heç bir xələl gətirməmişdir. Daima respublikamızla yaxından əlaqə saxlamış, ölkədə gedən quruculuq işlərinə özünün müdrik göstərişləri ilə istiqamət vermişdir.
Həmin illərdə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi bir çox sahələrlə yanaşı təhsil sektoruna da rəhbərliyi həyata keçirirdi. Bu dövr SSRİ-də təhsil sisteminin yüksəliş dövrü adlandırılır. Bu yüksəliş böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı idi. Çünki 1984-cü ildə SSRİ-də başlanan təhsil islahatlarına məhz Heydər Əliyev rəhbərlik edirdi.
Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə də sübut etdi ki, o həmişə xalqının xidmətində dayanmağı bacaran şəxsiyyətdir.
Heydər Əliyev qisa müddətdə xalqımızı düşdüyü çətin vəziyyətdən xilas edə bildi. İqtisadiyyatımızın demək olar ki, ölü nöqtədən inkişaf pilləsinə yönəltməyi bacardı. Təhsilimizin inkişafı üçün bütün vasitələri səfərbərliyə aldı. 1998-ci ildə Heydər Əliyevin sərəncamı ilə Təhsil Sahəsində İslahat Proqramının hazırlanması üçün xüsusi dövlət komissiyası yaradıldı. Əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş Təhsildə İslahat Proqramları bu gün də uğurla həyata keçirilməkdədir.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Heydər Əliyev irsini uğurla davam etdirərək təhsilimizin maddi-texniki bazasının yaradılmasında, təhsilimizin dünya təhsili sisteminə inteqrasiya olunması işində müstəsna xidmətlər göstərməkdədir.
Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO–nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın da Azərbaycan xalqı, Azərbaycan təhsili və mədəniyyəti qarşısında xidmətləri ölçüyəgəlməz qədər genişdir. Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu hesabına “Yeniləşən Azərbaycana yeni məktəb” devizi ilə müasir standartlara cavab verən yeni məktəblər istifadəyə verilmiş və verilməkdədir. Muğam və aşıq sənətinin dünya mədəni irsi siyahısına salınmasında Mehriban xanımın xidmətləri daima xatırlanacaqdır.
Heydər Əliyev adı Sabirabadlılar üçün də həmişə arxa, güvənc yeri olub. Sabirabadın yenidən qurulması və inkişafı bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Heydər Əliyev 15 dəfə Sabirabadda olmuş, hər gəlişi ilə bir çox problemlərin həllinə böyük köməkliklər göstərmişdir. Onun təşəbbüsü ilə rayona təbii qaz xətti çəkilmiş, əhalini içməli su ilə təmin edən Qrup Su Kəməri Kompleksi tikilmiş, Kür çayının üzərində nəhəng körpü salınmış, Rabitə Evi, Mədəniyyət Sarayı, bir-birindən yaraşıqlı inzibati binalar, çoxmərtəbəli yaşayış binaları, 16542 yerlik 30 məktəb istifadəyə verlmişdir. Bütün bunlar Heydər Əliyevin Sabirabadlılara diqqəti və qayğısının bariz nümunəsi idi.
Sabirabadlılar həmişə Heydər Əliyevə hörmət və məhəbbətlə yanaşmışlar. Bu rayonda onun adı sağlığında əbədiləşdirilmişdir. Şirvanla Muğanı birləşdiriən körpü, əzəmətli Mədəniyyət Sarayı, Sabirabad şəhərinin mərkəzi prospekti, park və xiyabanlar Ulu Öndərin adını daşıyır.
Heydər Əliyev siyasətinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Sabirabad gündən-günə böyüyür, gözəlləşir. Yeni-yeni istehsal müəsisələri açılır, böyük abadlıq və quruculuq işləri aparılır.
Heydər Əliyev nəinki Sabirabdlıların, eləcə də onu tanıyan, onun haqqında eşidib bilən neçə-neçə milyonlarla bəşər övladlarının xatirində əbədi yaşayacaqdır. Heydər Əliyev hələ sağlığında ikən öz əməlləri ilə özünə əbədiyaşar bir status qazanmış, adını tarixin ön səhifələrinə qızıl hərflərlə həkk edə bilmişdi.
Heydər Əliyev Azərbaycan xalqının böyüklüyünə, onun intellektinə, onun gələcəyinə işarə vuraraq qürurla deyirdi ki, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”. Bütün dünya Azərbaycanlıları da fəxr etməlidir və fəxr edirik ki, Heydər Əliyev kimi bir dühanı, siyasət nəhəngini yetişdirən eyni millətin övladlarıyıq. Heydər Əliyev adı həmişə biz azərbaycanlıların fəxri, qürur mənbəyi olacaqdır. Biz Sizinlə, bəşəri əməllərinizlə fəxr edirik Ulu Öndər !
Siraqəddin CABBAROV,
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter