Azərbaycan dövlətinin müstəqilliyinin dönməzliyini təmin edən, daim milli varlığın, milli ideyanın və milli şüurun yaşamasını təmin edən Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası vaxtilə dövlətimizə qarşı müxtəlif istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik separatizm əsasında parçalamaq cəhdlərinin qarşısının alınmasında mühüm vasitə olmuşdur. Ulu Öndər Heydər Əliyev təkcə müstəqillik dövründə deyil, Azərbaycanın sovet totalitar rejiminin tərkibində olduğu illərdə də, Mərkəzdən olan təzyiqlərə, türk xalqlarına qarşı aparılan ayrı-seçkilik siyasətinə və islamafobiya meyllərinə baxmayaraq, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün mühüm tədbirlər görməklə dövlətçiliyin və milli ruhun kəsilməzliyini təmin edə bilmişdir.
Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının birinci qurultayında azərbaycançılığın mahiyyətini məhz bu cür ifadə etmişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Ulu Öndər Heydər Əliyev həmişə öz çıxışlarında Azərbaycanın çoxmillətli ölkə olmasını, etnik rəngarəngliyini və tolerantlığa böyük əhəmiyyət verməsini xalqımızın böyük sərvəti hesab etmişdir: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür... Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”.
Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin istər ölkə, istərsə də dünya miqyasında yüksək qiymətləndirilməsi azərbaycançılıq ideologiyasının təbliğ olunması baxımından böyük əhəmiyyətə malikdir. Heydər Əliyev irsinin qorunması və təbliği, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində həyata keçirilən müx¬təlif tədbirləri təkcə bu dahi insanın şəx¬siyyətinə münasibətlə əlaqələndirmək olmaz. Bu təd¬birlər böyüməkdə olan gənc nəslin dövlətçilik duyğu-larının inkişaf etdirilməsi ba¬xı¬mından da çox böyük əhəmiyyət¬ə malikdir.
Azərbaycançılıq ideologiyası milli və bəşəri dəyərlərlə, milli varlığın yaşamasını təmin edən mühüm ideyalarla zəngindir. Bu ideologiya Azərbaycanın unitar, demokratik, dünyəvi, hüquqi dövlət kimi möhkəmlənməsinə və dünya sivilizasiyasının tərəqqisinə öz müsbət töhfəsini verməyə yönəlib. Azərbaycançılıq - dilindən, dinindən, irqindən, milli və sosial mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının dövlətçilik və vətənpərvərlik naminə birliyini nəzərdə tutur. Azərbaycançılıq o deməkdir ki, hər bir insan öz milli mənsubiyyəti ilə qürur duymalı və öz tarixi keçmişinə hörmətlə yanaşmalıdır. Heç kəs bizləri etnik mənsubiyyətə görə parçalaya, ayrı-seçkiliyə məruz qoya bilməz.
Bu gün azərbaycançılıq ideologiyası, dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasəti müasir mərhələdə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə onun məzmununu daha da zənginləşdirməkdə, milli özünüdərk hissini gücləndirməkdə və Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini yüksəltməkdədir. Prezident İlham Əliyev azərbaycançılıq ideologiyasını dövlətçiliyimizin siyasi və mənəvi sütunu kimi xarakterizə edərək demişdir: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.
Murad Cuşkunov,
Sabirabad RİH başçısının Axısxa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi