Son illər Azərbaycanın fəal iştirakçısı və etibarlı tərəfdaş olduğu platformalardan biri olan Orta Asiya respublikaları ilə münasibətlərin genişləndirilməsi xüsusi diqqət çəkir. Bu il aprelin 5-də Prezident İlham Əliyevin Tacikistana rəsmi səfəri də eyni prosesin tərkib hissəsi kimi əhəmiyyət kəsb edirdi. İki ölkə münasibətlərinə nəzər salanda aydın şəkildə görünür ki, Azərbaycanla Tacikistan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, BMT, MDB, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlar çərçivəsində sağlam əməkdaşlıq şəraitində mövcud olub. Bu baxımdan iki ölkə arasında uğurla inkişaf edən siyasi, iqtisadi və mədəni əlaqələr indi də diqqəti cəlb edir.
Bu gün Azərbaycanın beynəlxalq arenada mövqeyi, nüfuzlu dünya dövlətləri ilə ikitərəfli münasibətləri hazırda ən yüksək səviyyədədir. Ölkəmizin iqtisadi potensialı, qlobal enerji təhlükəsizliyində oynadığı mühüm rol, geosiyasi mövqeyi Azərbaycanı dünyada maraqlı tərəf edib. Prezident İlham Əliyev tərəfindən birbaşa diqqətdə saxlanılan xarici-iqtisadi siyasət kursu diplomatik baxımından dövlətin yüksəlişinin təminatçısıdır.
Prezident İlham Əliyev Tacikistan Respublikasına dövlət səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişafına töhfə vermiş olacaq. Azərbaycanlı həmkarı ilə görüşdə Prezident Emoməli Rəhmonun “ilk növbədə, BMT-də bir-birimizin namizədliyimizi və təşəbbüslərimizi qarşılıqlı dəstəkləmək praktikasını davam etdirmək barədə razılığa gəldik” bəyanatı, hesab edirəm, xoş ümid və niyyətin ifadəsi idi. Bundan başqa, ölkələr arasındakı diplomatik münasibətlərə toxunan Emoməli Rəhmon otuz il ərzində Tacikistan və Azərbaycan arasında səmərəli nəticələr əldə olunduğunu vurğulayaraq, bunun xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş hərtərəfli və qarşılıqlı etimada əsaslanan siyasətin fonunda yarandığını bildirdi. Gələn ay xalqımızın görkəmli övladı Heydər Əliyevin 100 illiyinin Tacikistanda da qeyd olunacağını bildirən Emoməli Rəhmon Azərbaycanın bu böyük dövlət xadimi ilə ünsiyyətini hər zaman səmimiyyətlə xatırladığını söylədi.
Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə səmimi münasibətə görə Tacikistan Prezidentinə təşəkkür edən ölkəmizin başçısı Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazır olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev dost Tacikistanın sabitlik hökm sürən ölkə kimi həm də xarici investisiyaların dövlət tərəfindən qorunduğunu müsbət amil kimi dəyərləndirdi. Ölkəmizin başçısı hökumətlərarası komissiyanın növbəti iclasının bu il Tacikistanda keçirilməsi ilə bağlı əldə olunan razılıqdan söhbət açaraq iclasa qədər nəqliyyat-logistika, qarşılıqlı əlaqələri, investisiya, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilən bütün tapşırıqların da yerinə yetiriləcəyinə əminliyini və nəticələrin sevindirici olacağını qeyd etdi.
Prezident İlham Əliyevin Tacikistana səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açmaqla yanaşı, həm də bu günə qədər olan nəticələri bir qədər də yüksəltmiş oldu. Azərbaycanın regionun lider olmasını nəzərə alsaq, o zaman ölkəmizin Tacikistan üçün də böyük maraq kəsb etdiyi şübhəsizdir. Prezident İlham Əliyevin səfəri zamanı imzalanan sənədlər və səsləndirilən bəyanatlar onu göstərdi ki, iki ölkə arasında sağlam təməllər üzərində qurulan münasibətlər daha da yüksələn xətt üzrə inkişaf edəcək. Çünki Azərbaycan Prezident İlham Əliyevin liderliyi altında dünya siyasi düzənində müttəfiqlik və qarşılıqlı münasibətlərin qorunması üçün götürdüyü öhdəliklərə sadiqliyi ilə ən etibarlı ölkə imicini qazanıb.
Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru