• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İLİN ƏZİZ BAYRAMI

  • 16.03.2023, 20:49, Baxış sayı:
  • 146
İLİN ƏZİZ BAYRAMI
Qış öz ömrünü bitirir. Novruzgülünün ləçəyində, qaranquşların nəğməsində, bülbüllərin cəh-cəhində, arıların vızıltısında, çayların şırıltısında, bulaqların zümzüməsində yurdumuza bahar gəlir.
Novruz-təzə gün, təzə il deməkdir, həyatın dirçəlişi, oyanışıdır. Yazın gəlişinin sirləri çoxdur. Bunların hamısı su, od, hava və torpaqla-həyatın bu dörd ünsürü ilə hörülüdür. Novruz qədim tarixli xalqımızın qədimdən də qədim bayramıdır. Novruz ulu babalarımızın, ağbirçək nənələrimizin sevinci, fərəhi, bütün gələcək nəsillərə xeyir-duasıdır. Novruz xalqımızın dost güldürən, yağı öldürən gücü, qüdrəti, yaşamaq rəmzidir.
Dahi Nizami Gəncəvinin “İsgəndərnamə”sində, Ömər Xəyyamın “Novruznamə”sində, Nizamül-Mülkün “Siyasətnamə”sində, Biruninin “Asarəl-Baqiyyə”sində, Metsin “Müsəlman intibahı”nda, eləcə də onlarca başqa nüfuzlu mənbələrdə Novruz bayramının dünyəvi mahiyyəti, məzmunu təsdiq edilmişdir.
Novruz bayramı xalqımızın həyatında, məişətində, etnoqrafiyasında, mifik təxəyyülündə, estetik-fəlsəfi düşüncəsində, dünyaduyumunda qoruyucu, saflaşdırıcı, təmizləyici, xüsusilə yaddaş oyadıcı qüdrəti ilə seçilmişdir. Hər il Novruz gələndə xalq öz kökünə, özünə, ulu yaddaşına qayıdır.
Qədim türklərin inamına görə Novruz təbiətin sehrlənmiş çərçivəsindən (çevrədən) azad olması deməkdir. Turanda Novruz xalqın azad olması bayramı sayılmışdır. Sadə türk xalqları Novruza çox real baxmış, onu zülmdən, əsarətdən, bədbəxtlikdən xilas olmaq yolu kimi qəbul etmişlər. Qədim əfsanəyə görə həmin gün türklər azmaqdan, çaşmaqdan, dolaşıqlıqlardan, məhkumluqdan, təbiət isə qışın amansız caynağından xilas olmuşdur.
Ömər Xəyyamın “Novruznamə”sində qeyd olunur ki, o dövrün şahları bayram günü hökmdarlıqdan əl çəkib sadə camaata qoşulur, məhbusları azad edirmişlər. Təkcə üç cür günahkar bağışlanmazdı: dövlətin sirrini açan, Allah-təalanı təhqir edən, vəzifəyə səhlənkar münasibət bəsləyib onu bacarmayan. İlin son beş günü tam bərabərlik olurmuş. Kimsə kimsədən fərqlənmirmiş.
Xalqımızın çox bayramları var. Onların içərisində ən üstün yeri Novruz tutur. İlıq nəfəsi ilə qəlblərə hərarət, qollara qüvvət gətirən baharın gəlişini hər il intizarla gözləyirik. Novruz gözəllik, təravət, təmizlik bayramıdır. Əbəs yerə baharı yer üzünün rəssamı adlandırmamışlar. Bahar təbiətin oyanması fəslidir. Yazda bir gününü itirən bütöv ilini itirər,-demişlər.
Novruzu xalqımız əsrlər boyu təntənəli mərasimlərlə keçirmişdir. Onu ürəkdən keçən ən ülvi arzularla, ümidlərlə qarşılamışdır. Amma elə vaxtlar olmuşdur ki, bu bayram yasaq edilmiş, ona dini, siyasi don geydirilmiş, nəticədə xalqımızın həyatından uzaqlaşdırılmağa cəhdlər göstərilmişdir. Ancaq bütün bunlara baxmayaraq, xalqımız ən əziz gün olan Novruzu bayram etmişdir.
Novruzu rəsmi şəkildə qeyd etmək üçün hələ 1966-cı ildə Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Şıxəli Qurbanov təşəbbüs göstərmiş və ilk dəfə gözəl, təntənəli bayram keçirilmişdir. İndi müstəqil ölkədə yaşayırıq. Hər il bu bayramı dövlət səviyyəsində təntənəli surətdə qeyd edirik.
...Qədim Odlar yurdu Azərbaycana bahar gəlir. Bu bahar ona görə hamımıza xoşdur ki, Ali Baş Komandanın qətiyyəti ilə müzəffər Azərbaycan Ordusu torpaqlarımızı yağı düşmən tapdağından qurtardı. İndi hər kəsin ürəyində yalnız bir istək vardır. Köçkünlərin hamısının öz dədə-baba yurdlarına qaytarmaq arzusu indi birinci dərəcəlidir. Xalqımızın bu arzusu çin olsun!
Qarşıdan gələn Novruz bayramınız mübarək, əziz həmvətənlərimiz! İstəyim budur ki, bütün arzularınız baharda olduğu kimi çiçək açsın! Ürəyinizdə dərd, nisgil qalmasın!

Elçin NƏSİB.
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter