Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb
- 01.02.2023, 14:30, Baxış sayı:
- 177
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Tarixə nəzər salsaq görərik ki, gənclərə yönəlik siyasətin təməli hələ sovet dönəmindən Ümummilli Lider Heydər Əliyevin birinci hakimiyyəti dönəmində qoyulub.Heydər Əliyevin təşəbbüsü ilə 1970-1985-ci illər ərzində SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 3500 azərbaycanlı gənc göndərilib. Həmin zaman hərbi sahədə təhsilin inkişafına xüsusi olaraq diqqət yetirilirdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü. Azərbaycanın gələcək inkişafına yönəlmiş strateji əhəmiyyətli bütün işlərə Heydər Əliyev şəxsən özü başçılıq edirdi. Bir sözlə, daim xalqının gələcəyini düşünən böyük azərbaycanlı hələ o vaxtlar zamanı qabaqlayaraq XXI yüzilliyin Azərbaycanı üçün güclü kadr potensialı yaradırdı. Ümummilli Lider Heydər Əliyev özü bu məsələlərə belə qiymət verir: “Azərbaycanın sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır!”.
Heydər Əliyevin Azərbaycan gəncliyinə yönəlmiş strateji siyasi fəaliyyətinin qayəsini onun müstəqillik dönəmi üçün kadr potensialının artırılması təşkil edirdi. Dahi şəxsiyyət deyirdi ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir!. Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması müstəqillik dövründə müasir çağırışlara cavab verən yeni gənclər siyasətinin strateji hədəflərini və əsas prioritetlərini müəyyən etdi. Ulu öndərimiz Azərbaycan gəncinə yüksək qiymət verərək deyirdi: «Hər bir Azərbaycan gənci müstəqil dötvlətimizin fəal qurucusu olmalıdır.»
Heydər Əliyev gənclərin qarşısında böyük vəzifələr durduğunu vurğulayaraq qeyd edirdi ki, qarşımızda çox böyük yol var. Yol hamar deyil, asfalt deyil, yol uzun yoldur. O yolu hər biriniz keçməlisiniz. Bu yol müstəqil Azərbaycanın gələcəyi yoludur. Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir. Ulu öndərimiz Azərbaycan gəncinin cəmiyyətdə, Vətəndə, ölkədə öz vəzifələrini layiqincə yerinə yetirməyə çalışmalı olduğunu qeyd edirdi. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik. Bu gün Azərbaycanımız vüsətlə inkişaf edib çiçəklənir. Gənclərimiz cəmiyyətdə öz yerlərini tutub və müstəqil Azərbaycanın inkişaf etməsi üçün lazımi işlər görürlər. Azərbaycan gəncləri müxtəlif dövlət orqanlarında, icra strukturlarında geniş təmsil olunur. Özəl bölmələrdə uğurlar qazanır, mükəmməl təhsil almağa böyük maraq göstərirlər. Ordu quruculuğunda gənclərin rolu əvəzsizdir. Onlar vətən qarşısında borclarını ləyaqətlə yerinə yetirmək üçün həvəslə orduya xidmət edir. Hərbi texnikanın sirlərinə mükəmməl yiyələnirlər. Bütün bunlar müstəqil Azərbaycanın sabahına nikbin baxmağa əsas verir.
Pəhlivan Qarayev,
Mil-Muğan Regional Təhsil İdarəsinin Sabirabad rayonu üzrə sektorun müdiri