Azərbaycanda son illərdə sistemli xarakter daşıyan islahatlar aparılır. Cəmiyyətin bütün sahələrini əhatə edən bu islahatlar dövlət başçısı İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə həyata keçirilir. Bu islahatlar nəticəsində hakimiyyətin qolları arasında əməkdaşlıq əlaqələri möhkəmlənib, habelə iqtidar-müxalifət dialoqu başlayıb və davam etməkdədir. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisində, onun komitələrinin rəhbərliyində Yeni Azərbaycan Partiyası ilə yanaşı, müxtəlif siyasi partiyaların təmsil olunması bunu bir daha təsdiqləyir.
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir. Parlamentdə təmsil olunan 11 siyasi partiya “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət edib. Qeyd olunub ki, “Siyasi partiyalar haqqında” Qanun 30 il bundan əvvəl qəbul edilib. Bu müddətdə Azərbaycanda bir çox dəyişikliklər baş verib, ölkəmiz dünya səviyyəsində öz layiqli yerini tutub. Qalib Azərbaycan statusuna yüksəlib, dövlətimizin beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmlənib. Bütün bunlar “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ərsəyə gəlməsinə rəvac verib.
Dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan böyük nailiyyətlər siyasi partiyalarla bağlı yeni qanun layihəsində öz əksini tapıb. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar, İnsan hüquqları komitələrinə qanun layihəsinin hazırlanması tapşırılıb. Layihənin hazırlanması zamanı Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınıb. Həmçinin Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirilib. Layihənin hazırlanması ilə əlaqədar ekspert komissiyası yaradılıb və bu komissiya tərəfindən 20 ölkənin bu sahədəki təcrübəsi öyrənilib. Bununla yanaşı, siyasi partiyalar tərəfindən daxil olan təkliflərə diqqət yetirilib. Milli Məclisin siyasi partiyalara müraciətindən sonra 47 siyasi partiyadan 250-dən çox təklif daxil olub.
Həmçinin “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsi ilə bağlı Sosial Tədqiqatlar Mərkəzi tərəfindən sorğu aparılıb. Sorğu zamanı vətəndaşların 40 sual ətrafında mövqeyi öyrənilib. Sorğu iştirakçıları arasında gender bərabərliyi təmin olunub. Ötən il oktyabrın 24-də Milli Məclisdə parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib.
“Siyasi partiyalar haqqında” köhnə Qanun 1992-ci ildə qəbul edilib. 1995-ci il Konstitusiyasında isə birləşmək hüququ, o cümlədən siyasi partiya yaratmaq hüququ təsbit edilib. Bununla yanaşı, bu illər ərzində bir çox Avropa ölkələrində siyasi partiyalarla bağlı qanunvericilik təkmilləşdirilib və bu sahədə olan təcrübənin Azərbaycan qanunvericiliyində tətbiqi zəruridir. Eyni zamanda, son 30 il ərzində Azərbaycanın müstəqil dövlətçiliyi möhkəmlənib, ərazi bütövlüyü təmin olunub. Vətən müharibəsi dövründə siyasi partiyaların sivil siyasi mübarizə mühitini nümayiş etdirmələri bütövlükdə siyasi partiyalar haqqında qanunvericiliyə yeni aspektdən baxmağı zəruri edir.
Siyasi partiyalar haqqında yeni qanunvericilikdə siyasi partiyanın anlayışı, partiyaların təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlər göstərilir. Avropa İnsan Haqları Konvensiyasının müvafiq maddəsi birləşmək azadlığının tərkib hissəsi kimi siyasi partiyalarda birləşmək hüququnu qoruyur. Digər tərəfdən, hər kəsin qanunla təsbit olunmuş və demokratik cəmiyyət üçün zəruri olan məhdudiyyətləri də nəzərdə tutur.
Qanuni partiya quruculuğu modelinə keçid ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 ilə yaxın müddətdə yeni hakimiyyət quruculuğu və 2020-ci ildə Vətən müharibəsində parlaq Qələbədən sonra yeni ictimai-siyasi reallıq yaranıb. Həyatın bütün sahələrində köklü dəyişikliklərə nail olmaq, dövlət kimi partiyaların da proqram və konsepsiyalarının yenilənməsini zəruri edir.
Təqdim edilən yeni qanun layihəsi partiyaların fəaliyyətinin təkmilləşməsi və dinamik hüquqi tənzimlənməsi məqsədi daşıyır. Bu qanunla Azərbaycanın siyasi sistemi və partiyalar institutu öz inkişafının yeni tarixi mərhələsinə qədəm qoyacaq. Yeni layihədə çoxpartiyalılıq demokratiyanın başlıca göstəricisi kimi təsbit olunub.
Seyidabbas Babayev,
Sabirabad RİH başçısının Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi