Azərbaycan xalqı, həmçinin dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir.İldən-ilə bu bayram daha geniş vüsət alır və daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dekabrın 31-də qeyd olunması təsadüfi deyildir. Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda milli oyanış hərəkatının geniş vüsət almasına gətirib çıxartdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi “Meydan hərəkatı”nın əsasını qoydu. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31- nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir. Ulu öndər Heydər Əliyev 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Tarixi köklərə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hazırki dövrdə dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Lakin buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan müstəqil, suveren Azərbaycan Respublikası var. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".
Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir: "Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi elan edilmişdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi.
"Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
Dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, deməli, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi.
Həmçinin, müxtəlif ölkələrdə fəaliyyət göstərən koordinasiya şuraları tərəfindən müxtəlif ölkələrin prezidentləri, parlament üzvləri, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlara, dünyada tanınmış siyasətçilər, beynəlxalq media nümayəndələri, ayrı-ayrı ölkələrin parlamentləri və tanınmış ictimai-siyasi xadimlərinə Ermənistanın təxribatları, işğalçılıq siyasəti, terrorçuluq fəaliyyəti haqqında müxtəlif dillərdə ətraflı məlumatları özündə əks etdirən beş minə yaxın məktub elektron poçt vasitəsilə göndərilmişdir. Bununla yanaşı, xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan Ordusuna və şəhid ailələrinə dəstəklə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq maarifləndirmə, təşkilati və təbliğat işləri görülüb.
Artıq üç ildir ki, Milli Həmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Ona görə ki, torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxdı. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyəti sayəsində əldə edildi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da yüksək dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər.
Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin məkrli təxribatlarına qarşı etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Zəfərimizə layiqli töhfə oldu. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bu savaşda xalqımız İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı. Bu gün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir. Bu həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq!
Tapdıq Bağırov,
Sabirabad rayon Maşın-meliorativ stansiyasının rəisi