1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.
“Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən Həmrəylik Günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır”. Ulu Öndər Heydər Əliyevin dilindən səslənən bu cümlələr illərdən bəridir bu bayramı böyük şövq və qürur hissi ilə qeyd etməyimizə rəvac verib. 1991-ci ildən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq xoş ənənə kimi keçirilir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı Sərəncamla elə həmin il - noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”, – deyə qeyd edən müdrik öndərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrildi.
Ümummilli Liderimizin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı uzaqgörən ideyaları bu gün də öz dəyərini itirməyib və aktuallığını qoruyub saxlayır. Prezident İlham Əliyevin sərəncamları ilə keçirilən dünya azərbaycanlılarının qurultayları bir daha soydaşlarımızın dövlət başçımızın və Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqləyir.
Prezidentin həmvətənlərimizə etdiyi müraciəti:
“Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi, Azərbaycanın dövlətçiliyi, millətimizin milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına aid olmaq hissi və ideyası, tarixi vətəninə bağlılıq təşkil edir”- fikirləri soydaşlarımızı bir daha birliyə səslədi.
Hazırda Həmrəylik bayramı dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla ünsiyyət qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu gün bu bayram təkcə Azərbaycanda deyil, Azərbaycan diasporları fəaliyyət göstərən bütün xarici ölkələrdə qeyd edilir.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız Vətən Müharibəsində də dünyada yaşayan soydaşlarımızın xalqımızla həmrəy olması bir daha öz təsdiqini tapdı. Dünya azərbaycanlıları həmrəyliklərini göstərərək daim Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini, torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazır olduqlarını bildirdilər. Qaçqın, şəhid, yaralı ailələrinə maddi və mənəvi dəstəklərini əsirgəmədilər, yaşadıqları ölkələrdə aksiyalar keçirdilər, bəyanatlar verdilər, informasiya müharibəsinə qatıldılar. Səsimizə səs verən dünya azərbaycanlıları “Biz birlikdə güclüyük!”, “Qarabağ Azərbaycandır!” şüarlarını dünyaya yaydılar, “Dövlətimizin Bayrağı uca, müstəqilliyimiz əbədi olsun!” dedilər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, milli mənəvi dəyərlərimizə hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirən bayramdır. 31 dekabr dünyanın hər yerində AZƏRBAYCAN kəlməsinin ucadan səsləndiyi gündür.