Ulu öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə öz xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu kimi yazılmışdır. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövründə ağır sosial-iqtisadi durumda olan ölkəni dirçəltdi, insanlarımızın güzəranı, yaşayış səviyyəsi yüksəldi.
Sovetlər İttifaqı dağıldıqdan sonra Azərbaycan müstəqillik əldə etdi. Səriştəsiz, dövlət idarəçiliyindən xəbəri olmayan insanlar Azərbaycanda hakimiyyəti ələ keçirdi. Respublikamızda ictimai-siyasi vəziyyət getdikcə ağırlaşırdı. Həmin dövrdə Heydər Əliyev hakimiyyətdə olsaydı, ölkəmiz bu cür ağır vəziyyətə düşməz, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilməzdi. Ölkə əhalisi çıxılmaz vəziyyətə düşməzdi. Belə ağır günlərdə Azərbaycan ziyalıları bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Azərbaycan xalqının lideri və müdrik oğlu Heydər Əliyevin ətrafında birləşdilər. Azərbaycanın 91 nəfərdən ibarət görkəmli ziyalısı, nüfuzlu şəxsi Heydər Əliyevə müraciət göndərdi. Müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq partiyaya sədrlik etmək xahiş olunurdu. Bu müraciət həm də xalqın istək və arzusunu ifadə edirdi.
1992-ci il noyabrın 21-də Azərbaycanın bütün regionlarından seçilmiş 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını keçirməyə nail oldu. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Konfransda həmçinin partiyanın proqram və nizamnaməsi də qəbul edildi. Beləliklə, bu gün də regionda ən böyük və güclü bir siyasi partiya olan YAP-ın təməli qoyuldu. Bu gün YAP üzvləri ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq bu kursu yaşatmaq üçün var gücləri ilə çalışırlar.
Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış YAP-ın əsas prinsipi və vəzifəsi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, demokratik, hüquqi dövlət qurulması, eləcə də, vətəndaşların dinc və firavan həyat sürməsini təmin etməkdir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir.
1993-cü ildə YAP-ın o zamanki sədri Heydər Əliyev xalqın böyük əksəriyyətinin səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, YAP iqtidar partiyası oldu. Ulu öndər Heydər Əliyev ikinci dəfə xalqın ən ağır durumunda onun imdadına yetişdi. Həmin tarixdən bugünkü güclü, qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Heydər Əliyev qısa bir müddətdə öz müdrik və qətiyyətli siyasəti nəticəsində xalqı bu ağır vəziyyətdən çıxarmağı bacardı.
Prezident İlham Əliyev YAP-ın sədri seçildikdən sonra partiyaya gənclərin axını başlandı. Bu, dövlətimizin başçısına olan etimadın nəticəsidir. Bu gün dövrün tələblərinə uyğun olaraq, eləcə də hakim partiya olaraq Yeni Azərbaycan Partiyasında uğurlu islahatlar aparılır. İkinci Qarabağ müharibəsi zamanı xalqın sıx vəhdəti, siyasi həmrəylik və milli birlik də bunu təsdiq etdi. Siyasi əqidəsindən və mövqeyindən asılı olmayaraq, hamı möhtərəm Prezidentimizin ətrafında bir yumruq kimi birləşdi. Nəticədə 44 gün ərzində düşmən diz çökdü və Kapitulyasiya aktını imzalamağa məcbur edildi.
YAP həmçinin təşəbbüskar bir partiya kimi hər zaman digər siyasi partiyalarla dialoqa hazır olduğunu bəyan etmişdir. YAP Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan digər siyasi partiyalarla əməkdaşlıq etməyə hazırdır. YAP Avropa və Asiyada iqtidarda olan bir çox siyasi partiyalarla sıx əməkdaşlıq edir. Bu gün Azərbaycan xalqı iqtidar partiyası olan YAP-ı dəstəkləyir və partiyanın sədri, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi özlərinin lideri hesab edir.
Elnur Ağayev,
Sabirabad rayon Qeydiyyat şöbəsinin rəisi