2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın ikinci ildönümüdür. 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, şanlı Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər işğalçı Ermənistana masa arxasında oturmağa məcbur etdi. Nəhayət Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu sənəd Ermənistanın məğlubiyyətinin açıq etirafı olaraq yaddaşlara həkk olundu. Əminliklə deyə bilərik ki, imzalanmış bəyanat bizim şanlı Qələbəmizdir. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunur, eləcə də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi reallaşmış olur. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın hərbi kapitulyasiyasıdır.
Bu Bəyanatın imzalanması ümumxalq birliyinin bariz nümunəsidir, təntənəsidir. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, və uğurlarımıza seviniblər. Həmrəylik bizim ən böyük sərvətimizdir və dəyərimizdir.
10 noyabr Üçtərəfli Bəyanatı status-kvonu dəyişdi və Azərbaycanın maraqlarına uyğun bir şəkildə hazırlanmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir.
Bəyanata görə, Rusiya tərəfi Ermənistan ərazisi ilə Naxçıvan dəhlizinin yaradılmasını öz üzərinə götürüb. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bununla da 30 ildən sonra Azərbaycanın qərb rayonları ilə Naxçıvanın quru əlaqəsi təmin ediləcək.
Üçtərəfli Bəyanat Azərbaycanın Ermənistan üzərində şərtsiz hərbi üstünlüyünü təsdiq etdi. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm operativ addımlar, həm də əməliyyatların hazırlanması və icra edilməsi baxımından bir çox dünya ölkələri tərəfindən öyrənilməyə başlanılmışdır. Ordumuz hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər illərdir davam edən məğlub xalq sindromunu sındırdı və xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Var olsun Müzəffər Ali Baş Komandan İlham Əliyev və Rəşadətli Ordumuz!
Vahid Abdullayev,
Sabirabad Peşə Liseyinin direktoru