• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Füzuli Azad Qarabağın hava qapısıdır

  • 17.10.2022, 11:06, Baxış sayı:
  • 311
Füzuli Azad Qarabağın hava qapısıdır
Füzuli rayonunun əsası 1827-ci ildə qoyulub və ilkin adı Qarabulaq olub. Füzuli 08.08.1930-cu ildə inzibati rayon statusu almış və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. Tarixi 1827-ci ildən hesablansa da, Azıx mağarasındakı tapıntılar buranın ən qədim insan məskəni olduğunu sübut edir.
Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Cənub-qərbdə Cəbrayıl, şimalda Xocavənd, Ağcabədi, şərqdə Beyləqan rayonları və cənubda Araz çayı boyunca İranla həmsərhəddir. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.
Füzuli rayonunun ərazisi 1.39 min km2, Rayonda 2 şəhər (Füzuli, Horadiz), 11 qəsəbə, 82 kənd vardı. Kəndlərin adları bunlardır – Alxanlı, Arayatlı, Babı, Mollaməhərrəmli, Aşağı Seyidəhmədli, Şükürbəyli, Araz Dilağarda, Şəkərcik, Şıxlı, Böyük Bəhmənli, Cuvarlı, Çimən, Xələfşə, Dədəli, İşıqlı, Qarğabazar, Yuxarı Yağlıvənd, Yuxarı Aybasanlı, Yal Pirəhmədli, Dilağarda, Dördlər, Qobu Dilağarda, Dövlətyarlı, Qərvənd, Zərgər, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Kürdlər, Əhmədalılar, Qazaxlar, Mirzənağılı, Əhmədbəyli, Araz Zərgər, Qarabağ, Murtuzalılar, Gecəgözlü, Üçüncü Mahmudlu, Horadiz, Dördçinar, Hüngütlü, Kərimbəyli, Aşağı Yağlıvənd, Yuxarı Kürdmahmudlu, Aşağı Kürdmahmudlu, Qacar, Divanalılar, Qaraxanbəyli, Qaraməmmədli, İkinci Mahmudlu, Merdinli, Qarakollu, Gorazıllı, Xatınbulaq, Qaradağlı, Saracıq, Yuxarı Rəfədinli, Yuxarı Güzlək, Qoçəhmədli, Arış, Mollavəli, Sərdarlı, Üçbulaq, Govşatlı, Şıxımlı, Aşağı Veysəlli, Yuxarı Veysəlli, Ağbaşlı, Yuxarı Seyidəhmədli, Birinci Mahmudlu, Mirzəcamallı, Ələsgərli, Hüseynbəyli, Seyidmahmudlu, Pirəhmədli, Aşağı Güzlək, Aşağı Rəfədinli, Mandılı, Musabəyli, Bala Bəhmənli, Qorqan.
Rayon əhalisinin əsas məşğulluqu kənd təsərrüfatı təşkil edib. Bu da məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz –qəhvəyi torpaq sahələrinin olması ilə izah edilir. İşğala qədər rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf edib. Rayonda 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı, 11 üzüm emalı müəssisəsi və s. vardı. Kənd təsərrüfatına yararlı torpaqlar 85 min hektar idi. 50,9 min ha otlaq sahələri var idi. Rayonda Köndələn çayı üzərində Köndələn su anbarı tikilmiş, suvarma kanalları çəkilmişdir. Suvarılan torpaqlar 24 min hektardı. İşğaldan əvvəl təsərrüfatlarda 17. 6 min baş qaramal, 70 min baş qoyun və keçi saxlanılırdı. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi.
Mədəniyyətin inkişafına görə, ölkənin digər bölgələrindən geri qalmayan Füzuli rayonunda işğala qədər 90 kitabxana, 20 mədəniyyət evi, 79 klub, 20 kinoqurğu, 2 muzey, xalq və dövlət dram teatrları, istirahət parkları fəaliyyət göstərib. Təhsil və səhiyyədə də yaxşı göstəricilərə malik rayonda 685 çarpayılıq 13 xəstəxana, 17 həkim məntəqəsi, 30 feldşer–mama məntəqəsi, vərəm, dəri və zöhrəvi xəstəlikləri dispanseri, texnikum, 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 65 məktəbəqədər müəssisə, stadion, və s. obyektləri olub.
Eləcə də güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə respublikamızda ad-san qazanmışdır. Əməyə bağlılıq, halal zəhmət də füzulilərin həyat tərzi olmuşdur. Bu torpağın yetirməsi Şamama Həsənova iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Füzulidə 300-dən artıq elmlər namizədi və doktoru yetişmişdir.
Füzuli bölgəsində teatr 1913-1914-cü illərdə yaranmışdır. 1989-cu il avqust ayının 04-dən Füzuli Dövlət Dram Teatrı kimi fəaliyyət göstərir. M.F.Axundzadənin “Hacı Qara”, İ.Əfəndiyev “Unuda bilmirəm”, C. Məmmədquluzadənin “ Danabaş kəndinin əhvalatı”, S.S.Axundovun “Eşq və İntiqam”, C.Cabbarlının “Aydın”, “Almaz” teatrın uğurlu tamaşalarındandır. Rayon ərazisi erməni silahlı qüvvələri tərəfindən işğal olunandan 2003-ci ilə qədər Füzuli teatrı Sumqayıt şəhərində fəaliyyət göstərmişdir. 2003-cü ilin noyabr ayından teatr yenidən Füzuli rayonu ərazisində fəaliyyət göstərir. Hazırda Füzuli teatrı Horadiz şəhər mədəniyyət evində fəaliyyət göstərir.
Füzuli rayonu həm də yaşı minilliklərə gedib çıxan Azıx mağarası, Quruçay mədəniyyəti, tarixi və memarlıq abidləri ilə tanınır.
Füzuli rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
17 oktyabr 2020–ci ildə Füzuli şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun 53 kəndi Ermənistan işğalından azad olunmuşdur. Füzuli rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.
Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Haqlı olaraq qeyd olunur ki, Füzuli rayonu öz tarixinin yeni bir mərhələsinə qədəm qoyub.
Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2,5 dəfə artacaq Füzuli şəhəri hava limanı da daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. Artıq Füzuli şəhərində ilk yaşayış məhəlləsinin əsası qoyulub. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur.
Ən iri infrastruktur layihələr Füzulidə həyata keçirilir. Füzuli Hava Limanı isə ən qısa müddətdə tikilərək istifadəyə verilib. Bundan başqa, işğaldan azad edilən kəndlər də yenidən qurulacaq, hər ailəyə 12 sot həyətyanı sahə ayrılacaq. Yeni iş yerləri yaradılacaq, əhalinin məşğulluğu yüksək səviyyədə təmin olunacaq. Füzuli həm də aqrar rayon kimi inkişaf edəcək. Düşmən tərəfindən yandırılmış, susuzluqdan qovrulmuş torpaqlar cana gələcək, füzulililər əzəli və doğma torpaqlarını əsl cənnətə döndərəcək. Onlar bu amalla və istəklə gələcəyi qurmağa başlayıblar.
Qürur hissi ilə demək olar ki, Füzuli rayonunun inkişafı ilə bağlı çox genişmiqyaslı işlər aparılır. Füzulinin işğaldan azad edilməsi hamımıza sonsuz sevinc bəxş edib. Kimi dindirirsən, kiminlə həmsöhbət olursan, hamı ürəkdən gələn bir söz deyir: Müzəffər ordumuza, Qalib Ali Baş Komandan İlham Əliyevə minnətdarıq!

Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter