“Aİ-95” ilə “Aİ-92”ni qarışdıranların nəzərinə: Sizi hansı “sürprizlər” gözləyir?
- 05.10.2022, 23:02, Baxış sayı:
- 295
Facebook
Вконтакте
Одноклассники
Google+
Xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-98” super və “Aİ-95” premium markalı benzinlərin qiymətində dəyişikliyə əsasən, cari ilin iyul ayının 13-dən “Aİ-95” premium markalı benzinin satışı 2,00 AZN-dən, “Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb.
Benzin qiymətlərinin dəyişməsi sürücülər arasında narahatlığa səbəb olub. Bu günə qədər avtomobilinə “Aİ-95” premium markalı benzin istifadə edənlər qeyri-adi “çıxış yolu” tapıblar. Onlar büdcəyə “qənaət” məqsədilə “Aİ-95” ilə “Aİ-92” markalı benzini qarışdırmağa başlayıblar. Bu isə nəqliyyat vasitələrinin sıradan çıxmasına səbəb olur. Xüsusilə, bu gün yerli bazarda “Chevrolet”, “Ford”, BMW”, “Toyota” markalı avtomobillərə üstünlük təşkil edir. Düşünürəm ki, təqdim edəcəyimiz məqam məhz həmin nəqliyyat vasitələrindən istifadə edən sürücülər üçün kifayət qədər maraqlı olacaq. Bəs əslində “Aİ-95” və “Aİ-92” markalı benzinlərin qarışdırılması mühərrikləri sıradan çıxarırmı? Bu, nəqliyyat vasitəsinə nə kimi ziyan vura bilər?
Məsələ ilə bağlı nəqliyyat vasitələri üzrə texniki mütəxəssislər deyirlər ki, yanacaqların qarışdırılması anlayışı yalnız Azərbaycana məxsusdur. Ümumiyyətlə yanacaqların qarışdırılması anlayışı yoxdur. Dünyanın heç bir ölkəsində sürücülər belə “alternativlərə” əl atmır. Bunu bəzi “ustalar” tövsiyyə edir, məsləhət verir ki, onu buna qarışdır, bir az qənaət et. Amma nəqliyyat vasitələri istehsalçı tərəfindən hansı oktanlı yanacaq istifadəsi üçün nəzərdə tutularaq istehsal edilirsə, onunla da təmin edilməlidir. Mühərrik aşağı oktanlı yanacaqla istifadə üçün nəzərdə tutularaq istehsal edilirsə (“Aİ-92”), ona başqa yanacaq istifadə etmək tövsiyyə edilmir.
Milli Elmlər Akademiyasının Neft-kimya prosesləri institutunun şöbə müdiri Təranə Məmmədovanın sözlərinə görə, Aİ-92, 95 və 98 markalı benzinlərin karbohidrogen tərkibi eynidir. Yəni 92 markalı benzinə digər yanacaq növlərini əlavə etməklə oktan ədədini artırmaq olar. Bu proses heç bir təhlükə və ya ziyan ehtiva etmir. Ancaq Premium markalı yanacağa daha aşağı oktanlı benzin qatmaq arzuolunan deyil.
Təranə Məmmədova bildirir ki, 95 markalı benzinə 92 yanacağı qatdıqda yanma prosesi zəifləyir. Bu da mühərrikin daha tez sıradan çıxmasına səbəb olur.
Texniki mütəxəssislər bildirirlər ki, yanacaq qatqılarına üstünlük verən avtomobil sahiblərinin ümumiyyətlə avtomobildən, daxili yanma mühərriklərindən anlayışı yoxdur. Bu gün bazarda müxtəlif yanacaq qatqıları var. Mənşəyi məlum olmayan qatqılardan istifadə etməkdənsə, etməmək daha yaxşıdır. Lakin bu gün bazarda laboratoriyalarda hazırlanma prosesini gördüyümüz yanacaq qatqıları var. Onlardan yaxşıları bazarda da satışı olan Almaniyanın və Belçikanın yanacaq qatqılarıdır.