27 Sentyabr tarixi müharibədən qalib çıxan xalqımız üçün həm də qürur günüdür. Ona görə ki, Azərbaycan xalqı bu tarixdə şəhidlərinin əziz xatirəsini yad edir. Şübhəsiz ki, belə bir tarixi gündə qalib Ordunun Müzəffər Ali Baş Komandanının məhz ilk döyüşlərin başladığı ərazidə şəhidləri yad etməsi hər bir azərbaycanlı üçün fəxarət, düşmənlərimiz üçün isə daha bir mesajdır.44 Günlük Vətən müharibəsi Azərbaycanın tarixinə şanlı zəfər dövrü kimi yazıldı. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində Qarabağ və ətraf ərazilərdə 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi. Erməni işğalçılarının 30 il ərzində yaratdıqları möhkəmləndirilmiş müdafiə xətlərindən biri də Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığından keçirdi. 27 Sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər edərək bu ərazidə Şəhidlərimizin şərəfinə ucaldılmış xatirə lövhəsini ziyarət ediblər, önünə gül dəstələri qoyublar. Burada çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, abidənin ucaldıldığı Qaraxanbəyli kəndi, eləcə də Füzuli rayonunun Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri müharibənin ilk günündə şanlı ordumuz tərəfindən azad edilib. Prezident İlham Əliyev bu abidənin, bu qaya parçasının adı çəkilən kənd və digər beş yaşayış məntəqəsinin İkinci Qarabağ müharibəsinin ilk günündə azad edildiyini, ilk şəhidlərin də məhz burada, bu yerdə şəhadətə qovuşduqlarını xatırladıb. Dövlətimizin başçısı daha sonra deyib:
“Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş - altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında, ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın”. Ölkə rəhbəri çıxışında bildirib ki, Vətən müharibəsində Azərbaycan Ordusunun hər gün irəliləyərək, dayanmadan, durmadan, usanmadan hərəkət edərək, hər gün qan tökərək, şəhidlər verərək irəliyə-Zəfərə doğru getdi. Məhz belə şücaətin, qəhrəmanlığın nəticəsində 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edildi. Düşmən isə məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyəti ilə barışdı və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur oldu. Ordumuz müharibədə ləyaqətlə davrandı. Azərbaycan Ermənistandan fərqli olaraq, XXI əsrdə necə savaş apardığını, döyüşlərdə müasir üsullara üstünlük verdiyini, mülki əhaliyə, infrastruktura heç bir xətər yetirmədiyini, cəmi 44 gün ərzində Ermənistan hərbi birləşmələrini tamamilə sıradan çıxardığını bütün dünyaya nümayiş etdirdi. Bu möhtəşəm Zəfər isə xalqımızın böyüklüyü, qələbəyə inamı və Xalq-Prezident vəhdəti sayəsində reallaşdı.
Qarabağ münaqişəsinin həll edilməsinə, torpaqlarımızın erməni faşizminin əsarətindən xilas olunmasına ölkə Prezidenti fəaliyyətində daim prioritet istiqamət kimi yanaşıb. Dövlətimizin başçısı istər işğal illərində, istərsə də postmünaqişə dövründə bu məsələnin ədalətli şəkildə reallaşmasına bütün gücünü, bilik və bacarığını yönəldib. Əlbəttə, haqq mübarizəsində, qələbənin qazanılmasında Xalq-Prezident birliyi başlıca amilə çevrilib, qarşıya qoyulan müqəddəs vəzifənin gerçəkləşdirilməsini şərtləndirib.
Təbii ki, Prezident İlham Əliyevin ordu quruculuğunun sürətlə aparılmasını, Silahlı Qüvvələrimizin beynəlxalq standartlara uyğun qurulmasını, bununla bərabər, gənc nəslin vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunmasını, respublikamızın güclənməsi naminə davamlı iqtisadi islahatların reallaşdırılmasını diqqətdə saxlaması xalqımızı Zəfərə, uğura addım-adım yaxınlaşdırıb və nəhayət, 30 illik mənasız danışıqlar başa çatıb. Beləliklə, haqq-ədalət, beynəlxalq hüquq, BMT-nin məlum qətnamələri hərbi güc yolu ilə həllini tapıb. Azərbaycan bununla da bütün dünyaya böyük və güclü xalq olduğunu nümayiş etdirib, heç vaxt işğalla barışmaq fikrinə düşmədiyini sübuta yetirib. Yeri gəlmişkən, istər işğal dövründə, istərsə də müharibə günlərində Ermənistanla ədalətsizliyi bölüşən qüvvələrin hərəkətləri göstərdi ki, Azərbaycan təkcə qəsbkarla, dünya erməniliyi ilə deyil, həm də bu ölkənin himayədarları ilə müharibə aparıb və bu mübarizədə parlaq qələbə əldə edib. Bax, elə buna görə də dövlətimizin başçısının bildirdiyi kimi, savaşda tarixi əhəmiyyətə malik Zəfər qazanılıb:
“Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, bilərəkdən ölümə gedirdilər Vətən uğrunda”. Dövlət başçısı çıxışı zamanı işğaldan azad olunmuş torpaqlarımıza yenidən həyatın qayıtmasını və bunun əsas səbəbinin xalqımızın gücünü səfərbər edib, yumruq kimi birləşməsi olduğunu vurğulayıb:
“Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqları yenidən həyatı qaytarırıq”. Prezident İlham Əiyev çıxışı zamanı bu qələbə tarixini yaşadığımız üçün xalqımızı xoşbəxt adlandırıb:
“Belə şərəfli missiya bu gün yaşayan nəslin üzərinə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.Azərbaycanın hər bir vətəndaşı, xalqımız heç vaxt imkan verməməlidir ki, düşmən bir daha başını qaldırsın, bir daha bizim üçün təhdid yaratsın.
Lakin belə bir cəhd olsa belə, Ali Baş Komandanın rəhbərliyi və tapşırığı ilə bütün təhdidlərin qarşısı alınacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır.
İ.ƏSGƏROV,
“Muğanın səsi”